Əli Ağaoğlu Füyuzat 131 Tarix

Əsrarəngiz bir qazıntının hekayəsi – Tarsus qazıntıları

28 yanvar 2012-ci il tarixində Türkiyə mətbuatında Mersin əyalətinin Tarsus rayonunda fəaliyyət göstərən polis nəfəri Midhat Ərdalın tənha bir yerdə öz silahı ilə öldürülməsi xəbəri yayımlandı. Türkiyə Respublikasının əhali sayını və dünya ölkələrinin hər birində gün ərzində ən azı bir cinayət hadisəsinin baş verdiyini nəzərə alsaq, bu xəbərdə hər hansısa bir qəribəlik müşahidə olunmurdu. Araşdırmaların növbəti mərhələsində Midhat Ərdalın boyun nahiyəsindən vurulduğu, hadisənin onun iş yoldaşı Hüseyn Yasak tərəfindən törədildiyi, lakin qətldə hər hansı bir qəsdin olmadığı, iki yoldaşın zarafatlaşdığı zaman ehtiyatsızlıqdan Hüseyn Yasağın əlindəki Midhat Ərdala məxsus silahdan atəş açıldığı və nəticədə Ərdalın öldüyü bildirildi. Türkiyə bu hadisəni 2016-cı ilədək unutdu və hadisənin başvermə şəklini yuxarıda göstərildiyi kimi qəbul etdi.

Həqiqətin bir gün mütləq aşkara çıxmaq kimi xüsusiyyəti var. Baş verən cinayət barədə həqiqətlər də 4 il sonra bütün Türkiyəyə bəyan oldu. Mərhum Midhat Ərdalın həyat yoldaşı Sibel Ərdal 2016-cı ildə Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Midhat Ərdalın vəzifəsini icra edərkən öldürüldüyünü, ölüm faktı üzrə toplanmış materialların yenidən araşdırılmasını və ona şəhidlik statusu verilməsini xahiş etdi. Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Midhat Ərdalın ölüm faktı üzrə yenidən araşdırmalar başladıldı. Sibel Ərdal mətbuatdakı çıxışlarında və istintaqa verdiyi ifadəsində əri Midhat Ərdalın xidməti işi ilə əlaqədar Tarsus rayonunda qanunsuz dəfinə axtarışı aparan dəstələrin içərisinə nüfuz etdiyini və özünü guya onlarla əlbirmiş kimi göstərməklə dəstə üzvlərinin fəaliyyəti barədə rayon polis şöbəsini məlumatlandırdığını bildirdi.

İddialara görə, Midhat Ərdal rayon polis şöbəsi rəhbərliyindən aldığı göstəriş üzrə ərazidə qanunsuz dəfinə axtaran dəstə ilə sıx əlaqələr qurmuş və onların fəaliyyəti barədə məlumatlar əldə etmişdir. Həmin dəstələrdən biri yaşlı bir qadından əldə etdiyi dəfinə xəritəsinə əsasən 2011-ci ilin noyabrında Tarsus rayonu ərazisində bir kral məzarının yerini müəyyən etmiş, xəritədə göstərilən ərazidə – “82 evlər” məhəlləsində yerləşən Əhməd İpəkoğluna məxsus olan mənzilin həyətində qazıntı işləri aparmışdı.

Hadisənin sonrakı mərhələsini mərhumun həyat yoldaşı Sibel Ərdal belə nəql edir: “Bir gün Midhat mənə “Məni məhv edəcəklər” dedi. Mən hansı səbəbdən belə dediyini soruşduqda “Dünən axşam sarkofaq qapağı (daş tabutun üz örtüyü) açılmamış şöbə mənim məlumatım əsasında əməliyyat keçirdi və 7 nəfər tutuldu. Krala aid olduğu deyilən tabutun içində 32 qızıl şamdan, qədəh və sikkələr olduğunu bilirdim. Ancaq bu gün protokola baxdım, orada hadisə yerində xəzinə aşkar edilməsinə dair hər hansı bir qeyd yoxdur. Guya tabutun içərisi boş olub. Etiraz etdim. İdarə rəisinə məlumat verməyə getdim, məni susdurdu. Sən demə, hamısı eyni şəbəkənin üzvləriymişlər”, – dedi. Sibel Ərdalın sözlərinə görə, Midhat ona bir ədəd CD göstərərək: “Bu mənim zəmanətimdir. Lazım olsa, gedib Ankarada hər şeyi olduğu kimi məruzə edəcəyəm”, – deyib.

Amma bu söhbətdən qısa müddət sonra 28 yanvar 2012-ci il tarixində Mid­hat Ərdal öldürüldü. Atəş açan Hüseyn Yasak 25 il həbs cəzasına məhkum edildi. Sibel Ərdalın sözlərinə görə, özü Hatayda ata evində ərinin yasını saxladığı müddətdə Tarsusdakı evlərinə kimliyi bilinməyən şəxslər tərəfindən basqın edilmiş, Midhatın “Bu mənim zəmanətimdir” dediyi CD götürülmüşdü.

Amma kim deyərdi ki, Sibel Ərdalın Türkiyə Respublikası prezidentinə etdiyi müraciətdən sonra aparılan araşdırmaların nəticəsində ərinin ölümü üzərində olan sirr pərdəsi başqa əsrarəngiz bir hadisənin başlanğıcı olacaqdır.

Midhat Ərdalın ölüm faktının araşdırılması zamanı konkret olaraq nə aşkar edildiyini bilmirik. Araşdırma ilə bağlı ictimaiyyətə aylarla heç bir məlumat verilməsə də, qazıntı işlərinin aparıldığı xəbəri ilə Türkiyənin diqqəti yenidən Tarsus rayonuna çevrildi. Əvvəlcə Türkiyənin, sonra isə dünya mətbuatının.

Qədim coğrafiyaya malik olan Türkiyənin hər yeri arxeloji qazıntılar üçün münasib olduğu halda niyə qazıntı işləri bu qədər diqqətə, marağa səbəb olmuşdu? Qazıntının aparıldığı yer Mersin əyaləti, Tarsus rayonu “82 evlər” adlanan məhəllədə Əhməd İpəkoğlunun mülkiyyətində olan mənzil və həyətyanı sahə idi. Az əvvəl qanunsuz fəaliyyət göstərən dəstənin kral məzarı tapdıqlarına dair iddiaların olduğu evdən söhbət gedir. Amma daha da maraqlısı odur ki, öldürüldüyü vaxt Midhat Ərdal həmin evi icarəyə götürmüşdü.

Əhməd İpəkoğlu mətbuata verdiyi açıqlamasında evi polis nəfəri Midhat Ərdala kirayə verdiyini söyləmişdir. Cinayət baş verdikdən sonra ifadəsinin alındığını, ona bu işlərlə bir əlaqəsinin olub-olmadığına dair suallar verildiyini, lakin heç bir əlaqəsi olmadığı üçün sərbəst buraxıldığını,  daha sonra isə 2 il özünün ailəsi ilə birlikdə həmin evdə yaşadığını, sonra başqa yerə köçdüyünü bildirmişdir. O əlavə edir: “Bir gün evə polislərin daxil olduğunu eşitdik, mənzilə gəldikdə evin qapısında polislərin olduğunu gördük. İçəridə qazıntı işləri aparılırdı. Onlara: “Siz kimsiniz, nə edirsiniz?” – dedim. Əsaslı təlimat üzrə qazıntı işləri apardıqlarını söylədilər”.

Midhat Ərdalın bu evi kirəyə götürməsi əməliyyat tədbirinin bir parçası idimi?! Əməliyyatda məqsəd qanunsuz dəfinə axtaranların ifşa olunması idi, yoxsa Sibel Ərdalın dediyi kimi, polis şöbəsində bəzi məmurların qanunu pozanları həbs edib onların aşkar etdikləri dəyərli əşyaları öz mülkiyyətlərinə keçirmələri üçün nəzərdə tutulmuş bir planın tərkib hissəsi?! Bu zaman dövlət məmurlarından (bir çoxu 15 iyul hadisələri səbəbiylə həbs olunmuşlar) ibarət qruplaşmada başqa kimlər olmuşdu?! Midhat Ərdal bu hadisələrin içərisində hansı mövqeni tutmuşdu? Əfsuslar olsun ki, onun ölümü ilə bu kimi məqamlar bir müəmma toplusuna çevrildi və cavabsız qaldı.

Lakin maraqlı olan gizli aparılan bu qazıntıların Mersin yerli mətbuatı tərəfindən ifşa olunduqdan sonra əvvəlcə Türkiyə Böyük Millət Məclisində müzakirə olunması, sonra isə Vatikanın rəsmi olaraq məsələyə münasibət bildirməsi idi.

Mersindən seçilmiş deputat Aytuğ Atıcı TBMM-də çıxışı zamanı məqsədi ictimaiyyətə bildirilməyən qazıntıların aparıldığı həmin əraziyə 5 dəfə getsə də, ora daxil olmasına icazə verilmədiyini bildirdi. Həmin əraziyə bir çox vəzifəli şəxslərin yollanmasına baxmayaraq, səyləri heç bir nəticə vermədi və onlar da qazıntıların aparıldığı yerə buraxılmadılar. Arxeoloji, yaxud hər hansı elmi fəaliyyətlə əlaqədar aparılan qazıntıların həssaslıqla icra edildiyi bir həqiqətdir, lakin bu işə xüsusi xidmət orqanlarının cəlb edilməsi, həmin ərazilərin odlu silahla silahlanmış xüsusi təyinatlı polis dəstəsi tərəfindən mühafizə edilməsi müşahidə edilən hal deyil.

Qazıntının aparıldığı həyətyanı sahə bütünlükdə mavi brezentlərlə örtülmüş, nə qırmızı evi, nə də ətrafını kənardan müşahidə etmək mümkün olmamışdı. Ərazi 24 saat əlisilahlı xüsusi təyinatlı polis dəstələri tərəfindən mühafizə olunmuş, hətta evin sahibi İpəkoğlunun belə bura yaxınlaşmasına icazə verilməmişdi. Qazıntı ərazisində 20-yə yaxın işçi fəaliyyət göstərirdi. Həmin müddətdə onların kimlikləri, ixtisasları gizli saxlanılmış, hər birinin ehtiyacı elə oradaca təmin olunmuş, çölə çıxmalarına icazə verilməmişdi. Bir sözlə, məşhur “Qırmızı ev” və həyətyanı ərazisinə giriş-çıxış məhdudlaşdırılmış, yalnız yükdaşıyan maşınlar xüsusi xidmət orqanlarının müşayiəti altında əraziyə daxil olur və ərazini tərk edirmiş. Haradan gəldikləri, haraya getdikləri, nə daşıdıqları dəqiq müəyyən olmadığı kimi, artıq bu barədə müxtəlif fərziyyələrin yaranması da qarşısıalınmaz olmuşdu.

İlk fərziyyə öldürülən polis Midhat Ərdalın həyat yoldaşına dediyi kimi, həmin ərazidə kral məzarı aşkar edildiyi və məzarın içərisində qızıldan 32 şamdan, sikkələr, qədəhlərdən ibarət  dəyərli bir xəzinənin olduğu istiqamətində idi…

Davamı…