Yusif peyğəmbər Yaqub peyğəmbərin oğullarından biri idi. O, İsrail oğullarının tarixində mühüm yer tutan Yaqubun övladları arasında xüsusi məhəbbətlə böyüdülürdü. Yaqubun Yusifi çox sevməsi qardaşlarının qəlbində zaman keçdikcə qısqanclıq və narazılıq yaratmağa başlamışdı. Yusifin həyatında baş verəcək hadisələrin ilk səbəblərindən biri də məhz qardaş qısqanclığı idi. Qurani-Kərimdə Yusifin uşaqlıq illərinin bütün təfərrüatları verilmir. XV əsr fars şairi Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poemasında onun uşaqlığı haqqında daha geniş təsvirlərə rast gəlirik. Caminin poetik təsvirinə əsasən, Yusif hələ çox kiçik yaşlarından gözəlliyi, saflığı və xoş davranışları ilə seçilirdi. Poemada onun anasını erkən yaşlarında itirdiyi, bir müddət bibisinin himayəsində böyüdüyü də nəql olunur. Yusifin uşaqlığı haqqında ən məşhur hadisə isə onun gördüyü yuxudur. Bir gün Yusif atasının yanına gələrək gördüyü qəribə yuxunu danışır. Yuxu onun gələcək taleyinin simvolik ifadəsi idi.
Yusifin atasına belə müraciət etdiyi bildirilir:
“Atacan! Mən yuxuda on bir ulduz, Günəşi və Ayı gördüm. Onların mənə səcdə etdiklərini gördüm”.
Yaqub peyğəmbər oğlunun yuxusunu eşidəndə onun mənasını anlayır.
Yaqub:
“Oğlum, yuxunu qardaşlarına danışma. Yoxsa sənə qarşı hiylə qura bilərlər. Şübhəsiz ki, şeytan insanın açıq-aydın düşmənidir”.
Yusifin atasının sevgisini qazanması qardaşlarını narahat edirdi. Onlar düşünürdülər ki, Yaqub Yusifə və onun kiçik qardaşına digərlərindən daha çox üstünlük verir. Zamanla qardaşların Yusifə qarşı qəzəbləri artır. Onlar həqiqəti qəbul edə bilmirlər. Qardaşlar öz aralarında Yusifdən necə qurtulacaqlarını müzakirə etməyə başlayırlar.Onlardan biri Yusifi öldürməyi təklif edir. Digərləri isə onu öldürmək əvəzinə uzaq quyuya atmağın daha məqsədəuyğun olduğunu düşünürlər. Bir müddət sonra qardaşları atalarından Yusifi özləri ilə gəzməyə aparmaq üçün icazə istəyirlər. Yaqub əvvəlcə tərəddüd edir. O, Yusifin onlardan uzaqda olarkən canavar tərəfindən yeyilməsindən qorxduğunu bildirir. Qardaşları isə onu qoruyacaqlarına söz verirlər. Nəhayət, Yaqub razılıq verir. Qardaşlar Yusifi özləri ilə aparırlar. Onlar Yusifi dərin quyuya atırlar. Beləliklə, Yusifin həyatındakı ən ağır sınaqlardan biri başlamışdı. O, bir anda ata evindən, ailəsindən və tanıdığı dünyadan ayrılır. Ətrafında yalnız qaranlıq, səssizlik və naməlumluq qalır. Quranda Yusifə Allah tərəfindən vəhy edildiyi bildirilir. Ona gələcəkdə qardaşlarına etdikləri əməli xatırladacağı xəbəri verilir. Yusifin həmin qaranlıq quyuda belə tək olmadığını, Allahın himayəsində olduğunu göstərən mühüm məqamdır. Qardaşları evə qayıdanda atalarına Yusifi canavarın yediyini söyləyirlər. Onlar yalandan ağlayır, Yusifin köynəyini isə saxta qanla ləkələyərək atalarına göstərirlər. Yaqub köynəyə baxaraq onların sözlərinə inanmır.
O, bunun hiylə olduğunu anlayır və belə deyir:
“Xeyr, sizi öz nəfsiniz belə bir işə sövq etmişdir. Mənə gözəl səbir gərəkdir. Sizin dediklərinizə qarşı yalnız Allahdan kömək diləyirəm”.
Yaqubun “gözəl səbir” ifadəsi hekayənin ən mühüm mənəvi məqamlarından biridir. O, yaşadığı ağrıya baxmayaraq ümidsizliyə qapılmır. Oğlunu itirdiyini düşünsə də, Allahın mərhəmətindən ümidini üzmür.Yusif isə quyuda tək qalmır. Bir müddət sonra oradan keçən karvan üzvlərindən biri su götürmək üçün quyuya qab salır və Yusifi görür. Onu quyudan çıxarırlar. Karvan üzvləri onu Misirə aparır və az qiymətə satırlar. Yusif artıq öz ailəsindən uzaqda, yad ölkədə, başqa insanların himayəsində yaşayacaqdır. Yusif Misirə gətirildikdən sonra onu yüksək vəzifəli bir şəxs satın alır. Quranda bu şəxs «əl-Əziz» adlandırılır. Əl-Əziz Misirdə nüfuzlu və varlı dövlət adamı idi. Onun sarayında Yusifə yaxşı münasibət göstərilməsi tapşırılır.
Əl-Əzizin həyat yoldaşına belə dediyi bildirilir:
«Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda verər, yaxud onu oğulluğa götürərik».
Yusif sarayda böyüməyə başlayır. Zaman keçir, o, yetkinlik yaşına çatır. Allah ona hikmət və elm bəxş edir. Quranda onun gözəl davranışları və mənəvi keyfiyyətləri də xüsusi vurğulanır. Caminin poemasında Züleyxa gözəlliyi, zənginliyi və yüksək mövqeyi ilə seçilən qadın kimi təsvir olunur. Poemada onun Misirdən kənarda yaşayan nüfuzlu ailəyə mənsub olduğu, gözəlliyinin müxtəlif ölkələrdə dillərə düşdüyü və bir çox hökmdarların onunla evlənmək istədiyi bildirilir. Caminin təsvirində Züleyxanın həyatı zahirən xoşbəxt görünür. O, varlıdır, gözəldir, istədiyi imkanlara sahibdir. Onun həyatında çatışmayan tək şey qəlbini həqiqətən təsirləndirəcək məhəbbətin olmamasıdır. Poemanın ən maraqlı hissələrindən biri Züleyxanın ilk yuxusudur. O, gecə yuxusunda son dərəcə gözəl bir gənc görür. Gəncin siması, baxışları və görünüşü onu heyran edir. Züleyxa həmin insanın kim olduğunu bilmir. Ancaq yuxudan oyandıqdan sonra gördüyü simanı unuda bilmir. Caminin bədii təxəyyülündə məhəbbətin başlanğıcıdır. Züleyxa yuxusunda gördüyü gənci yenidən görmək istəyir. Gecələr onun haqqında düşünür, gündüzlər isə gördüyü simanı xatırlayır. Əvvəlcə bunun sadəcə yuxu olduğunu düşünsə də, zaman keçdikcə həmin görüntü onun bütün düşüncələrini əhatə edir. Bir müddət sonra yenə yuxular görür. Eyni gənc müxtəlif formalarda onun qarşısına çıxır. Züleyxa hər dəfə ondan kim olduğunu soruşmağa çalışır. Nəhayət, yuxudakı gəncin Yusif olduğunu öyrənir. Onun hissləri daha da güclənir. Caminin poemasında Züleyxanın ilk məhəbbəti məhz Yusifin özünü görməmişdən əvvəl, onun obrazını yuxuda tanıması ilə başlayır. Şair burada yuxunu insanın daxilindəki arzu və mənəvi axtarışların simvolu kimi istifadə edir. Züleyxanın atasının sarayına müxtəlif ölkələrdən elçilər gəlir. Onunla evlənmək istəyən hökmdarlar çoxdur. Lakin Züleyxa onların heç birinə maraq göstərmir. O, yalnız Misirdən gələcək elçini gözləyir.
Caminin poemasında Züleyxanın düşüncələri belə ifadə olunur:
“Misirdən gələn xəbər yoxdursa, bütün elçilərin mənim üçün nə mənası var? Mənim qəlbim Misirə yönəlib”.
Nəhayət, Züleyxanın atası qızının istəyini nəzərə alaraq onu Misirin yüksək vəzifəli şəxsi ilə evləndirməyə qərar verir. Beləliklə, Züleyxa Misirə yola düşür. O, xəyalında gördüyü gənclə qarşılaşacağına ümid edir. Lakin Misirə çatanda onu başqa reallıq gözləyir. Yuxusunda gördüyü Yusif hələ də onun həyatına daxil olmayıb. Züleyxa Misirdə yaşayarkən bir müddət sonra Yusiflə qarşılaşır. Onun uzun müddətdir yuxularında gördüyü insan məhz Yusifdir. Caminin poemasında bu qarşılaşma çox poetik şəkildə təsvir olunur. Züleyxa Yusifi görəndə uzun müddət qəlbində saxladığı xəyalın gerçək olduğunu anlayır. Onun üçün bu, illərlə gözlədiyi insanı tapmaq deməkdir. Züleyxa Yusifi sevir, amma Yusif ona eyni hisslərlə cavab vermir. Çünki Yusif öz mənəvi prinsiplərinə, inancına və ona göstərilən etimada sadiq qalmağa çalışır. Yusif Misirə gətiriləndə onu satın alan şəxs və ailəsi ona yaxşılıq etmişdi. Züleyxanın hissləri isə getdikcə daha güclənir. O, Yusifə yaxınlaşmaq istəyir, onunla söhbət etmək, diqqətini qazanmaq arzusunda olur. Cami hissləri yalnız zahiri gözəlliyə heyranlıq kimi təqdim etmir. Poemanın sonrakı hissələrində Züleyxanın məhəbbəti tədricən mənəvi axtarışa çevrilir. Əvvəlcə o, Yusifi özünə aid etmək istəyir və onun sevgisinə qarşılıq görmədikcə əzab çəkir. “Yusif” surəsinin 23-cü ayəsində əl-Əzizin evində yaşayan qadının Yusifi yoldan çıxarmağa çalışdığı, qapıları bağladığı və ona yaxınlaşmağı təklif etdiyi bildirilir.
Yusifin cavabı isə qətidir:
“Allaha sığınıram! Axı o, mənə yaxşılıq etmişdir. Zalımlar əsla nicat tapmazlar”.
O, qarşısında duran insanın nüfuzunu, gözəlliyini və imkanlarını yox, öz inancını və vicdanını əsas götürür. Hadisə zamanı Yusif otaqdan çıxmağa çalışır. Qapıdan çıxarkən əl-Əzizlə qarşılaşırlar. Qadın Yusifi günahlandırmağa çalışır.
Poemadakı Yusifin mövqeyini belə ümumiləşdirmək mümkündür:
“Mən bu evdə mənə göstərilən yaxşılığı unuda bilmərəm. Mənə etibar edilən insanlara xəyanət etmək mənim üçün mümkün deyil. Məndən xidmət gözləyin, amma vicdanımı itirməyimi istəməyin”.
Yusiflə Züleyxa arasında baş verənlər saray divarları arasında gizli qalmır. Misir şəhərində yaşayan qadınlar əl-Əzizin həyat yoldaşının öz evindəki gəncə qarşı hisslər bəslədiyini eşidirlər. Onlar bu hadisəni müzakirə edir, Züleyxanı qınayırlar. Şəhər qadınlarının söhbəti ona belə çatdırılır: onlar əl-Əzizin arvadının öz xidmətində olan gənci yoldan çıxarmağa çalışdığını və ona qarşı güclü məhəbbət bəslədiyini deyirlər. Züleyxa qadınların sözlərini eşidir. Onların onu mühakimə etməsindən narahat olur. Lakin öz hisslərini gizlətmək əvəzinə onları da Yusifin gözəlliyi ilə üz-üzə qoymaq qərarına gəlir. O, şəhərin nüfuzlu qadınlarını qonaqlığa dəvət edir. Onların qarşısına meyvələr və bıçaqlar qoyulur. Sonra Yusifə qadınların qarşısına çıxmağı əmr edir. Yusif içəri daxil olanda qadınlar onun gözəlliyindən o qədər təsirlənirlər ki, əllərindəki bıçaqlarla öz əllərini kəsirlər. Onlar gördükləri gözəllik qarşısında heyrətlərini gizlədə bilmirlər.
Qadınların dilindən belə sözlər eşidilir:
“Allah pakdır! O da sanki çox möhtəşəm bir mələkdir!”
Züleyxa bununla qadınlara demək istəyir ki, onun hansı hissləri yaşadığını anlamadan onu qınamasınlar.
O, sanki belə deyir:
“Siz onu yalnız bir dəfə gördünüz və özünüzü idarə edə bilmədiniz. Mən isə hər gün onunla eyni evdə yaşayıram”.
Şair qadınların heyrətini, Züleyxanın daxilindəki qarışıq hissləri və Yusifin belə vəziyyətdə özünü qorumasını təsvir edir. Epizodun əsas mənası gözəlliyin insan üzərindəki təsirini göstərməklə yanaşı, zahiri gözəlliklə mənəvi gözəllik arasındakı fərqi də vurğulamaqdır. Züleyxa qadınların qarşısında artıq hisslərini gizlətmir. O, Yusifə olan məhəbbətinin gücünü etiraf edir. Lakin hisslər qarşılıqsız qaldığı üçün onun daxilində narahatlıq daha da artır. Yusif qadının istəyini qəbul etmədikdən sonra sarayda vəziyyət daha da mürəkkəbləşir. Əl-Əziz və ətrafındakılar hadisənin həqiqətini bilsələr də, sarayda yaranmış söz-söhbətin qarşısını almaq üçün Yusifin həbs edilməsinə qərar verirlər.Beləliklə, Yusif günahsız olduğu halda zindana düşür.İlk dəfə qardaşları tərəfindən quyuda tək buraxılmışdı. İndi isə yenidən azadlığından məhrum edilir. Ancaq o başına gələn hadisələrə baxmayaraq inancını itirmir. Zindanda Yusif iki məhbusla tanış olur. Onların gördükləri yuxuları yozur. O, yuxuların yalnız təsadüfi görüntülər olmadığını, Allahın ona bəxş etdiyi xüsusi elm sayəsində onların mənasını izah edə bildiyini bildirir. Məhbuslardan biri azadlığa çıxaraq əvvəlki vəzifəsinə qayıdacaq, digəri isə cəzalandırılacaq. Yusif azadlığa çıxacaq məhbusdan hökmdarın yanında onun günahsız olduğunu xatırlatmağı xahiş edir. Lakin həmin şəxs bir müddət Yusifi unudur.Zindanda keçən illər Yusifin həyatında səbir, elm və müdriklik keyfiyyətlərinin daha aydın üzə çıxdığı mərhələ olur.Züleyxa artıq əvvəlki saray həyatının rahatlığını yaşamır. Yusifin yoxluğu onun üçün gündəlik həyatın mənasını dəyişir. Şair Züleyxanın Yusifdən xəbər almağa çalışmasını, onun olduğu yerə getmək istəyini və həsrətini poetik dillə təqdim edir.
Caminin mətnində Züleyxanın hisslərini ifadə edən müraciət belə məna daşıyır:
“Sən mənim qəlbimdən rahatlığı, gözlərimdən yuxunu aldın. Mənə çəkdirdiyin həsrətə son qoy və heç olmasa kim olduğunu mənə bildir”.
Şair burada Züleyxanın qarşılıqsız məhəbbətinin onu necə dəyişdirdiyini göstərir.
Lakin Yusif yenə də öz mövqeyindən geri çəkilmir. Cami onun davranışını mənəvi məsuliyyətə sadiqlik kimi təqdim edir. Yusifin mövqeyini daha yaxşı anlamaq üçün onun Züleyxanın göndərdiyi dayə ilə söhbətinə diqqət yetirmək lazımdır. Poemada dayə Züleyxanın hisslərini Yusifə çatdırır və ondan qarşılıq verməsini istəyir. Yusif isə cavabında ona göstərilən yaxşılığı xatırladır. O, Züleyxanın ailəsində böyüdüyünü, əl-Əzizin ona etibar etdiyini və etibarı pozmağın düzgün olmadığını bildirir. Yusifin əsas düşüncəsinə görə, ona yaxşılıq edən insanlara xəyanət etmək, öz mənəvi dəyərlərini itirmək deməkdir. Yusifin həbsdə olduğu müddətdə Misir hökmdarı qəribə yuxu görür. O, yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüyünü bildirir. Hökmdarın ətrafındakı insanlar yuxunun mənasını izah edə bilmirlər. Nəhayət, əvvəllər Yusiflə eyni zindanda olmuş və sonradan azadlığa çıxmış şəxs onu xatırlayır. Yusif hökmdarın yuxusunu yozur: Misirdə yeddi il bolluq olacaq, ardınca isə yeddi il qıtlıq yaşanacaq. Buna görə bolluq illərində məhsulun bir hissəsi saxlanmalı, gələcək çətin dövrə hazırlıq görülməlidir. Hökmdar Yusifi saraya çağırmaq istəyir. Lakin Yusif zindandan dərhal çıxmağa razı olmur. O, əvvəlcə ona qarşı irəli sürülən ittihamların araşdırılmasını və adının təmizə çıxarılmasını istəyir. Hökmdar qadınları çağıraraq onlardan Yusif haqqında soruşur. Qadınlar onun heç bir pis iş görmədiyini bildirirlər.
Əl-Əzizin həyat yoldaşı da həqiqəti etiraf edir:
“İndi həqiqət üzə çıxdı. Mən onu yoldan çıxarmağa çalışmışdım. Şübhəsiz ki, o, doğru danışanlardandır”.
Caminin poemasında isə Züleyxanın etirafı daha geniş mənəvi dəyişikliklə əlaqələndirilir. O, Yusifin günahsız olduğunu açıq şəkildə bildirir və onun həbsə düşməsində özünün günahkar olduğunu etiraf edir.
Poemadakı etirafın məzmunu belədir:
“Yusif heç bir günah işləməmişdir. Onun məhəbbətini qazanmaq istəyən mən idim. O, mənim istəyimi qəbul etmədikdə isə ona qarşı haqsızlıq etdim. Onun həbsə düşməsinə səbəb olan da mənim davranışım idi”.
Etirafdan sonra Yusifin günahsız olması tam şəkildə üzə çıxır. O, zindandan azad edilir və hökmdarın yanında yüksək vəzifəyə təyin olunur. Yusif Misirdə yüksək vəzifəyə gətirildikdən sonra ölkədəki ərzaq ehtiyatlarının idarə olunmasına başlayır. Onun əvvəlcədən verdiyi məsləhətlər sayəsində bolluq illərində məhsullar toplanır və qıtlıq dövründə əhali ərzaqsız qalmır. Bir müddət sonra qıtlıq Kənan torpaqlarına da təsir edir. Yusifin qardaşları ərzaq almaq üçün Misirə gəlirlər. Onlar qarşılarında dayanan yüksək vəzifəli şəxsin illər əvvəl quyuya atdıqları Yusif olduğunu tanımırlar. Yusif isə onları tanıyır. Vaxtilə onu ölümə tərk edən insanlar indi onun qarşısında dayanmışdılar. Yusif istəsəydi, onlardan intiqam ala bilərdi. Lakin o, bunu etmir. Nəhayət, Yusif öz kimliyini açıqlayır.
Qardaşları heyrətə gəlirlər:
“Məgər sən doğrudan da Yusifsən?”
Yusif cavab verir:
“Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə mərhəmət göstərdi. Kim Allahdan qorxar və səbir edərsə, Allah yaxşılıq edənlərin mükafatını zay etməz”.
Yusif qardaşlarını bağışlayır. Onların keçmişdə etdikləri haqsızlığı yenidən xatırladaraq əzab vermir. Əksinə, Allahın onları bağışlamasını diləyir. Daha sonra atası Yaquba xəbər göndərir. Yaqub illərlə həsrətində olduğu oğluna qovuşmaq üçün Misirə gəlir. Beləliklə, illər əvvəl quyuda başlayan ayrılıq ailənin yenidən bir araya gəlməsi ilə başa çatır. Yusif atasını və ailəsini qarşılayır. Onları Misirdə təhlükəsiz şəkildə yaşamağa dəvət edir. Uşaqlıqda gördüyü yuxu gerçəkləşir. Onun ailəsi qarşısında ehtiram göstərir.
Yusif atasına belə deyir:
“Atacan! Bu, əvvəllər gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi”.
Caminin nəql etdiyi rəvayətə əsasən, Yusifin həyatında baş verən hadisələrdən sonra Züleyxanın əvvəlki rahat və zəngin həyatı dəyişir. Əri əl-Əziz vəzifəsini və nüfuzunu itirir, sonradan vəfat edir. Züleyxa isə əvvəlki saray həyatından uzaqlaşır. Onun sərvəti azalır, gözəlliyi və gəncliyi zamanın təsiri ilə solur. Bir vaxtlar gözəlliyi ilə hamının diqqətini çəkən qadın indi qocalmış, yoxsullaşmış və görmə qabiliyyətini itirmiş insana çevrilir. Əvvəllər hər şeyə sahib olan Züleyxa indi təkcə Yusifi görmək arzusu ilə yaşayır. O, Yusifdən xəbər almaq üçün müxtəlif yollara əl atır. Bəzən onun keçəcəyi yolların yaxınlığında gözləyir. Bəzən də yaşadığı yerə yaxın daxma tikərək Yusifin atının səsini eşitməyi özünə təsəlli hesab edir. Artıq onun üçün əvvəlki zənginlik, saray, zinət əşyaları və gözəllik heç bir əhəmiyyət daşımır. Ən böyük arzusu sevdiyi insanı bir dəfə də olsa görməkdir. Cami Züleyxanın bu vəziyyətini təsvir edərkən onun qocalıq və korluq içində belə Yusifə olan həsrətinin davam etdiyini vurğulayır.
Caminin əsərində Züleyxanın Yusifə müraciətlərindən biri belə məna daşıyır:
“Ey qəlbimin bütün arzularını özündə birləşdirən insan! Heç olmasa bir dəfə üzünü mənə göstər. Gözlərim işığını itirib, amma qəlbim səni görmək istəyindən əl çəkməyib”.
Maraqlıdır ki, Cami Züleyxanın korluğunu yalnız fiziki itki kimi təqdim etmir. O, bunu insanın zahiri dünyadan uzaqlaşaraq daxili aləminə yönəlməsinin də simvolu kimi işlədir. Bir vaxtlar dünyanı gözləri ilə görən Züleyxa indi həyatın mənasını qəlbi ilə anlamağa başlayır. İllər keçir. Züleyxa yaşlanmış, əvvəlki gözəlliyini və sərvətini itirmişdir. Lakin Yusifə olan həsrəti davam edir. Caminin poemasında Yusif bir gün onunla qarşılaşır… Caminin poetik təsvirində Züleyxa Yusifə öz həyatının necə dəyişdiyini danışır. Vaxtilə varlı və gözəl olduğunu, indi isə hər şeyini itirdiyini bildirir. Ancaq bu itkilərin heç birinin onun hisslərini dəyişdirmədiyini vurğulayır. Yusif onun yaşadığı çətinliklərdən xəbərdar olur. O, Allahın mərhəmətinə sığınır, tövbə edir və əvvəlki səhvlərini dərk edir. Onun üçün məhəbbət insanı mənəvi cəhətdən dəyişdirən yola çevrilir.
Rəvayətə əsasən, Züleyxanın tövbəsi, səmimi duası və mənəvi dəyişimi nəticəsində Allah ona yenidən gənclik və görmə qabiliyyəti bəxş edir. Onun qocalmış bədəni gəncləşir, gözləri yenidən görməyə başlayır. O, həyatın çətinliklərindən keçmiş, səhvlərini dərk etmiş, səbir etməyi öyrənmiş və mənəvi cəhətdən dəyişmişdir. Poemada Yusif onun səmimiyyətini və dəyişimini görür, Yusifin də Züleyxaya qarşı hissləri yaranır. Beləliklə, əvvəlcə birtərəfli olan məhəbbət qarşılıqlı münasibətə çevrilir. Yusif Züleyxa üçün gözəl ibadət məkanı tikdirir. O, Züleyxanı həmin məkanla tanış edir və ona Allahın verdiyi nemətləri xatırladır. Züleyxa isə həyatının mənasını ilahi mərhəməti dərk etməkdə də görür.
Caminin poemasında Yusifin ona müraciətinin məzmunu belədir:
“Sən vaxtilə mənim adımla möhtəşəm saraylar tikdirmişdin. Mən də sənə minnətdarlıq əlaməti olaraq ibadət məkanı hazırladım. Allah səni yoxsulluqdan varlılığa, qocalıqdan gəncliyə, korluqdan işığa qovuşdurdu”.
Hər ikisi bir müddət birlikdə yaşadıqdan sonra Yusifin vəfatı yaxınlaşır. Bu xəbər Züleyxa üçün son dərəcə ağır olur. O, yenidən sevdiyi insanı itirmək qorxusu ilə üzləşir. Poemada Yusifin ölümündən sonra Züleyxanın da dərin kədər yaşadığı, onun qəbrinin yanında can verdiyi təsvir edilir. Rəvayətə görə, Züleyxa sevdiyi insanın dəfn olunduğu yerə yaxın dəfn edilir. Cami burada məhəbbətin son həddini ayrılıqla göstərir. İnsan dünyada sevdiyi şəxslə birlikdə yaşaya bilər, lakin ölüm hər kəs üçün qaçınılmazdır.
Müəllif: Mədinə Məcidli



