…Uzaq səfərdən dönmüsən, yorğun-üzgün. Sığındığın bu balaca, dar otaq da sıxır səni; ürəyin narahat, gözlərin kədər dənizi. Bu dəm nələr düşünürsən – məhəbbətli baxışlar, yupyumşaq, məhrəm, məlhəm, xoş nəvaziş, sevgi dolu bir qayğı… Təşnəsisən hüzura ünvan günlərin. Təksən – ətrafında kimsən yox, çarəsizsən, dərdləşirsən içindəki tənhalıqla. Bəlkə bu təklik, tənhalıq təskinlik, təsəlli, bəlkə də ağrı, əzab, zülm-zülmətdir sənə. Çətindir, çox çətin, düzmü?! Gözlərin bir nöqtədə, əllərin köksündə çarpaz, düşüncələr çəkib səni özünə sarı. Hərdən xəyaldan qopunub ötən günlərinin sozalan işartısını gəzirsən, boylanırsan çiynin üstdən. Heyifsilənirsən, ötənlərəmi?!. Qayıdacaqmı o anlar? – Əsla! Heç olmasa, gələcək günlərinə, illərinə xatir, “əlvida” de təkliyinə. Həyatına zaman ayır, yar-yoldaşını, bəxt sirdaşını ara, bir addımla onunla ömür karvanında; “Qoşa yarıyıb qoşa qarı” seçdiyin o Qanadınla. Axı qoşa qanad, enişli-yoxuşlu yolların yolçusu olmaqdır evlilik. Evlilik – yuva qurmaq, yurd salmaqdır; iki fərqli dünyanı birləşdirən, ruh əkizinə çevirən, hüzurun mənbəyi – yaradıcı sənətdir.
Evlilik – səslərlə, sözlərlə, düşüncə və rəftarla harmoniya yaratmaqdır, bəzən bir Söz uçuq divarlar aşmasın deyə ona bərkidilən dayaqdır. Gələn fırtınaları səssizcə yola sala bilməkdir – Evlilik! Yetər ki, qədrini bil bu gözəl yaşantının, qədrini!..
Əziz oxucum, hər birimizi, cəmiyyətimizi düşündürən bu mövzuya birbaşa toxuna bilmədim, yəni bir qədər yumşaq, bir qədər də kövrək notlarla geniş giriş etdim. Çünki evlilik, ailə həssas və həssas olduğu qədər də incə, zərifliklə yanaşılan aktual mövzulardandır.
Ailə nədir? – Böyük cəmiyyətlərin özülünü təməlini, bünövrəsini təşkil edən kiçik cəmiyyət. Və bunun üçün evliliyin düzgün qurulması (tərəflərin bir-birini anlaması, səhvini-düzünü qarşılıqlı olaraq yoluna qoyması, bir-birinə hörmətlə yanaşması və s.), bu birgəliyə hər iki fərdin məsuliyyətlə yanaşması mühüm şərtdir. Nədən ki, evlilik dayağı möhkəm olmayan ailənin birgəliyi çox sürmür, qısa müddət çəkir. Artıq ölkəmizdə boşanmaların sayı bir qədər artdığından bu məsələ cəmiyyətimizdə ciddi narahatlıq doğurur: niyə evlilik ömrü getdikcə qısalır, ailə bağları tez qırılır? – Səbəblər çoxdur. Bir səbəbi isə, maddi durumla, ehtiyacla bağlıdır. Xüsusən də, indiki zamanda. Ailə münasibətlərinin davamlılığı üçün fikrimcə, bu və bu kimi məsələlərdə dövlətin imtiyazlarının olması çox önəmlidir.
Bir nüansa da toxunum: müşahidələrə əsasən, ortaq dini, milli və mədəni dəyərləri bölüşən cütlüklər daha uzunömürlü ailə həyatı yaşayır. Bir-birini qarşılıqlı olaraq anlayır, ömürlərini hörmət, hüzur içində sürür. Lakin son illər ölkəmizdə əcnəbi evliliyi daha da aktuallaşıb. Məsələ o dərəcəyə çatıb ki, gənclər əcnəbilərin daha xarizmatik göründüyünü düşünür. Əslində isə, dediyim kimi, yerli evliliklər daha uzunömürlü, möhkəm və sarsılmaz olur. Statistikaya əsaslansaq, əcnəbi evliliklərin daha uğursuz olduğu ortaya çıxar. Çünki burada dil baryeri, mədəniyyət fərqliliyi və mental dəyərlər, adət-ənənələr baxımından anlaşma uyğunsuzluğu rol oynayır.
Uğurlu evliliklər kimi uğurlu ayrılıqlar, uğursuz evliliklər kimi uğursuz ayrılıqlar da var. Əsas odur, hansı addımı atdığının, nə etdiyinin fərqində olasan. Və bir də münasibəti qoruyub saxlamağı bacarasan. Münasibətin də anası ünsiyyətdir. Bir göz işarəsi, bir təbəssüm, bir toxunuş da ünsiyyətdir – sözsüz ünsiyyət!
Ayrılmağa nə var ki, çox asandır. Şikayət, məhkəmə… müəyyən müddət sonra da “azadlığ”ına qovuş. Boşanmış, ailəsindən ayrılmış birindən niyə ayrıldığını soruşsan, səbəbini belə, izah edə bilməyəcək, cidd-cəhdlə çalışacaq “ənənəvi” sözlərlə sualından yayınsın, özünü qınaqdan bu yolla qorusun: “xasiyyətimiz tutmadı”, “biz ancaq dost ola bilərik”, “bir-birimizi yaxşı tanımamışıq” və s. Nə isə, çalışın, qədir-qiymətinizi bilin, bir ömür bir-birinizə qoşa qanad olub, xoşbəxtliyin zirvəsinə ucalın və o zirvədə qərar tutun!



