Elmin Nuri Köşə Yazıları

Faciələrlə döyüşən şairin qeyri-adi təhsil baxışları – Məhəmməd Hadi

Söz tariximizin, bəlkə də, ən nakam taleli şairindən – Məhəmməd Hadidən bəhs edəcəyik, daha doğrusu, onun poeziyasında elm və təhsil xəttinə, maarifçilik səmtinə işıq tutmağa çalışacağıq.

Amma hələ tələsməyək… Əvvəlcə qısa ömrünə bütün ağrı-acıları sığdırmağı bacaran, iztirablı insan obrazını öz yaşamı ilə ustalıqla yaşadan Hadinin həyatından bir neçə kadrı gözlərimizin önündə canlandıraq. Nə səbəbə? Çünki onun hansı şərtlər, ağrı-acılar, şanssızlıqlar içində elm və irfana, təhsil və tərəqqiyə işıq tutan şeirlər yazmasının, həqiqətən də, poetik möcüzə olma faktından bir daha əmin olaq… Onun yerində kim olsaydı, yaşadıqlarını yaşasaydı, əlini, bəlkə də, heç qələmə belə vurmazdı… Amma Hadini də Hadi edən məhz sözə sonadək sadiq qalması olmuşdu…

Uzatmadan həmin faciə qoxuyan həyat kadrlarına toxunaq. Daha sonra şeiriyyətındakı maarifçi meyillərə də bir göz atarıq.

Hadi 1879-cu ildə Şamaxının sayılan-seçilən tacirlərindən Əbdülsəlim kişinin ailəsində anadan olub. Əsl adı Ağa Məhəmməddir, gəncliyində özünə “Hadi” (ərəbcə doğru yol göstərən) təxəllüsünü seçib. Quranı əzbərdən bilən Hadi həm də onu oxuya-oxuya mənasını deyib tərcümə edərdi. “Şahnamə”dən çoxlu şeir bilirdi. Firdovsi, Nizami, Xəyyam, Hafiz, Sədi və başqa dahi şairlərin şeirlərindən bəzilərini tərcümə etmişdi. Fransa şair və alimlərindən Valter, Russo, Hüqo və başqa sənətkarların əsərlərindən xəbərdar idi. Rus demokratik ədəbi cərəyanını izləyirdi. Hadi şeirlə yanaşı, ədəbi, ictimai, siyasi və elmi məqalələr də yazırdı. İstanbulda oxumağa gedir, işləyir, lakin başına olmazın müsibətlər gəlir.

Bütün bunlar haqqında az sonra… Əvvəlcə, bütün bu faciələri ona yaşadan hadisələri bir-bir kino lenti kimi gözümüzün önündə canlandıraq:

XX əsrin əvvəlləri… Bakıda xırda bir əsnaf dükanı… Hamı dərin bilikləri ilə seçilən, lakin həyatda çox da bəxti gətirməyən şairin – Məhəmməd Hadinin başına yığışıb. Yığışanlar onun həm fəlsəfi-didaktik, həm də ictimai-siyasi söhbətlərindən yorulmurlar. Söhbət Osmanlının bu gününə gəlir. Hadi o zamankı sultan II Əbdülhəmidi, daha doğrusu, onun yürütdüyü siyasəti tənqid edir. Bu zaman sultana hörməti ilə seçilən dinləyicilərdən biri dözmür və ət çapacağını götürərək Hadiyə hücum edir. Deyilənlərə görə, şair əgər bir az cəld tərpənməsə idi, həyatı ilə vidalaşmalı olacaqdı…

Vaxt keçir, vədə ötür… Hadinin bəyənmədiyi dövlət xadimi Sultan Əbdülhəmid taxtdan salınır. “Gənc türklər” hakimiyyət başına keçir. Bu zaman Hadi taleyində yaşıl işığın yanacağına çox inanırdı. O, çarizmin irticasından xilas olmaq arzusilə 1910-cu ilin əvvəlində İstanbula gedir. “Tənin” qəzetində Şərq dilləri üzrə tərcüməçi kimi işləməyə başlayır. O zaman İstanbulda belə bir vəzifədə çalışmaq və o cür qəzetlərdə əsər dərc etdirmək asan deyildi.

Amma şair orada da xəyal qırıqlığına uğrayır. Vaxtilə Əbdülhəmidi tənqid edən Hadi orada gördüklərindən dəhşətə gəlir. Axtardığı mücərrəd həqiqəti, utopik hürriyyəti burada da tapa bilmir

Yazıçı-araşdırmaçı Manaf Süleymanov özünün araşdırmalarında bu barədə yazır:

“Onun şeir və məqalələri qaragüruhçuları duyuq salır. Qadın hüququ, qadın azadlığı barədə yazdığı şeirlər səs-küyə səbəb olur. Böyük ümidlərlə getdiyi İstanbulda başına olmazın müsibətlər gəlir. Yüksək rütbə sahibini tənqid etmək üstündə onu həbsə alır və Salonik şəhərinə sürgün edirlər. Yunanlar Hadinin əlinin incə və ağ olmasından, nəzakət və rəftarından onu türk casusu hesab edir, öldürmək istəyirlər. Bir yunan keşişi onu himayəsinə alıb, xilas edir. Salonikdə, sürgündə olanda çox ağır və acı həyat keçirir. Günlərlə ac qalır. Sürgündən qayıdandan sonra İstanbulda qalmır, vətənə – Bakıya dönür”.

Həmin vaxt Bakıya dönən Hadi artıq əvvəlki Hadi deyildi. Həyatda artıq bir çox şeyə inamı qalmamışdı. Böyük sarsıntılar yaşayır, xəstələnir. Müalicə olunub xəstəxanadan çıxdığı vaxt həyatının növbəti ağır sınağına qədəm qoyur. Birinci dünya müharibəsi başlayır. Məhəmməd Hadi Səlib Əhmər dəstəsilə cənub-qərb cəbhəsinə könüllü gedir.

İmperialist müharibəsinin dəhşətlərinin canlı şahidi olur. Viran qalan mülkləri, tar-mar olan kənd və şəhərləri, doğma ev-eşiyindən sərgərdan düşmüş yüz minlərlə fəqir-füqəranın, qoca, uşaq və qadınların fəlakətini, min bir xəstəliyə mübtəla olanları, insanların bir-birini qırmasını görür. Müharibəni lənətləyir. “Meydani hərb xatirələrindən” sərlövhəsi altında Bakıya şeirlər göndərir. Şair “Karpat lövhələri” silsiləsindən Lehistanın kənd və şəhərlərində gördüyü şairanə mənzərələri, sadə insanların səmimiyyətini ustalıqla qələmə alır.

Hadi sonradan müsəlman alayına imam təyin edilir. Görənlər nəql edirdi ki, Hadi əynində çərkəzi çuxa, belində şəmşir, papağının dövrəsində nazik sarğı, yəhərli atın üstündə uzaqdan nəzərə çarpırdı.

Amma müharibə də bir gün bitir. Hadi yenidən Bakıya gəlir, ədəbi fəaliyyətə başlayır, qəzet və məcmuələrdə məqalə, şeirlər dərc etdirir.

Şeirlərini gah Səməd Mənsurun “Turan”, gah Hacı Zeynalabdin Tağıyevin “Kaspi”, arabir Qafur Rəşadın “Məktəb”, ya da ki, Orucov qardaşlarının “Elektrik” mətbəələrində mürəttib və fəhlələrin köməyilə uzun vərəqələrdə dərc etdirib, küçələrə düşüb biri iki şahıdan, bir abbasıdan satıb ruzi pulu qazanır, heç kəsə boyun əymir.

Onsuz da qısa ömründə fərəhli bir gün yaşaya bilməyən Hadinin ölümü də müəmmalı və faciəli olur. Bu barədə də bir neçə cümlə:

M.Hadi 1920-ci ildə Gəncədə bolşeviklərin əleyhinə baş qaldıran məşhur Gəncə üsyanında bolşeviklərin qurbanı oldu. Lakin bu barədə şairin qələm dostu Abdulla Şaiq belə yazırdı: “Hadi təxminən 1919-cu ilin axırları, 20-ci illərin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu. Şairin “yox olmasını” o zaman ancaq dostları, qələm yoldaşları hiss edə bildi, onu çox axtardılar, “gördüm” deyən olmadı”.

Bir versiya da var. Məhəmməd Hadi Gəncə üsyanı zamanı əhalinin qarşısına çıxaraq “Qırın bu kafirləri, onlar bizim dövlətimizi əlimizdə aldı”, – deyərək çağrış edir. Bundan sonra onu üsyan zamanı ələ keçirən bolşeviklər sorğu-sualsız güllələyirlər.

Hadidə maarifçilik…

Yuxarıda yazılan qeydləri oxuduqdan sonra, yəqin ki, ağla gələn ilk fikir bu oldu: bu qədər faciəli həyat sürən, ömrünün çox hissəsini yaşamaq uğrunda mübarizə aparan biri necə olub ki, hələ maarifçilik istiqamətində də fədakarlıq göstərib?! Amma onu da Hadi edən elə bu xüsusiyyəti idi. İllərlə üzərində yağan faciələrin qalın divarını aşaraq xalq, millət və onun gələcəyi üçün şeirləri ilə maarifçilik edib, mübarizə də aparıb:

İnsana şərəfbəxş fəqət elmü hünərdir,
Bimərifət adam canı yox xüşk şəcərdir.

Yuxarıdakı iki misra Hadi poeziyasının ana xəttini özündə çox gözəl əsaslandırır. “Füyuzat” dərgisində də şeir və məqalələri çıxan Hadi, dövrün bir çox mütəfəkkirləri kimi füyuzatçılıq dəyərlərini də ustalıqla mənimsəmişdi. Bu dəyərlərdə elm irfanla, idrak mənəviyyatla yanaşı addımlayır, şəxsiyyətin formalaşması, cəmiyyətin aydınlaşması istiqamətində qoşa qanad timsalı birgə mübarizə aparırlar. Hadi də nəhəng bəşəri dəyər olan füyuzatçılığın bu meyarını özü poeziyasında hər zaman ön planda saxlamışdır:

Məktəblə bulur təsfiyə ayineyi-vicdan,
Məktəblə edər kəsbi-şərəf zadeyi-insan.

Yuxarıdakı misralardan da göründüyü kimi, böyük Hadi məktəbi təkcə tədris ocağı kimi yox, daha çox şəxsiyyət formalaşdıran, kamil insana aparan ictimai müəssisə kimi təqdim edir. Əslində, təhsilin də əsas missiyası şəxsiyyətyönümlü istiqamət əsasında özfəaliyyət proqramını təklif etməkdir. Son illərdə təhsilə, məktəb mühitinə baxış xüsusilə dəyişdiyindən onun əsas missiyasından uzaqlaşdırmaq meyilləri də ortaya çıxıb. Amma Hadi bir çox şeirlərində məktəb-şəxsiyyət ikilisinə ustalıqla toxunub. Sadəcə, yazı üslubunun həddindən artıq mürəkkəb və spesifik olması, ərəb-fars dillərindən izafi istifadə Hadi yaradıcılığını, onun çoxşaxəli mövzu arealının insanlar arasında təbliğinə xüsusi maneə yaratmışdır.

“Həyat” qəzetinin 1906-cı il 4-cü sayında Hadinin qələmə aldığı bir məqaləni oxuyuruq:

“…Demək ki, elmi-əbdan əsasi-mədəniyyət və binayi-aləm-bəşəriyyətdir. Ülumi-əbdaniyyə olmazsa, Adəm övladı tərəqqi, təali təməddün istehsalına bir dürlü müvəffəq olmaz. Küreyyi-ərzin ədvari-əvvəlində olduğu kimi, bir vəhşəti-abad və bir xərabazəri-dəhşət halında qalar.

Elmi-əbdan sayəsində bir ömrani-abad feyz olur, şen olur, məmur olur… Bəli, elmi-əbdan mühəndisi-cahani-mədəniyyətdir”.

Mənası: “Bu dünyada təbii sərvətlərdən lazımınca faydalanmağın, xoşbəxt yaşamağın yeganə yolu dünyəvi biliklərə yiyələnməkdir. Dünyəvi elmlər sayəsində insanlar həm dini daha dərindən anlamış olur, həm də Yer üzərindəki otlar, ağaclar, mədənlər, maddələr, zərrəciklər barədə məlumat əldə edirlər”.

Hadi daha sonra elm və maarifin əhəmiyyəti barədə yazırdı:

“Halbuki yuxarıda zikr olunan ülumi-əbdaniyyə sayəsində hər bir maddə bir mənfəət, bir faidə olduğu kəşf olunmuş və aləmdə heç bir əbəs və batil şey olmadığı məlum və aşkar olmuşdur deməklə, fəlsəfeyi-Quraniyyəyə parlaq bir surətdə kəşf edib”.

Böyük mütəfəkkir dövrün bir sıra realist maarifçiləri kimi intellektual inkişafı yalnız məntiqi inkişafla, biliyin dəyərləndirilməsi ilə əlaqələndirmir. Onun üçün əsl intellektual inkişaf şəxsin daxili aləmində, özünəməsus irfani dünyasında yaşanan yeniliklər və reformasiyalardır.

Bununla belə, o, maarifə və elmə həm də praqmatik hadisə kimi yanaşır. Qərblə Şərqin müqayisəsi ilə bağlı yazdığı məqalə və şeirlərdə bu xətt – praqmatik yanaşma çılpaqlığı ilə, bəzən də sərtliyi ilə yadda qalır:

“Qərbdə maarif, elm, hürriyyət, səadət, işıq, bəsirət, qanun olduğu halda, Şərqdə cəhalət, əsarət, zülmət, ətalət, səfalət, mövhumat, fanatizm hökm sürür”. Onun fikrincə, Qərbdə insanlar elm, sənət öyrənib sənayedə, hərbdə qüvvətləndikləri halda, Şərqdə hələ də millətlər elm və sənayeni islama zidd sayır, şeytan əməli adlandırırlar. Eyni zamanda, Qərbdə elmli, bilikli insanlara ehtiram göstərildiyi halda, Şərqdə cahillər və nadanlar hörmət-izzət sahibidirlər:

Məğribdə var maarif, Məşriqdə var cəhalət,
Məğribdə hürrdür xəlq, Məşriqdə var əsarət,
Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,
Məğrib işıqlı yerdir, Məşriq zəmini-zülmət,
Bizlər dəfini-zülmət
Məğrib cahani-cuşan Məğrib cahani-himmət,
Məğribdə var çalışmaq, Məşriqdə var ətalət.
Məşriqdə çox sönükdür idrakü əqlü fikrət,

Hadini ən çox bu düşüncələr narahat edirdi: Qərb xalqları yeni-yeni ixtiralar edib irəli getdiyi, hətta fəzaya hakim olduğu halda, müsəlman xalqları hələ də dünyanın öküzün, yoxsa balığın üstündə dayandığını mübahisə edirlər. Eyni zamanda, müsəlmanların əsas mübahisələri cinlər və şeytanlarla bağlıdır. Hələ də Yusif və Züleyxa dastanından danışır, bunu məktəblərdə uşaqlara öyrədirlər.

Halbuki Qərbdə məktəblilərə bu cür eşq dastanları deyil, dünyəvi elmləri, o cümlədən texnika, sənaye ilə bağlı elmləri tədris edirlər.

Araşdırmaçı-alim Faiq Ələkbərlinin “Məhəmməd Hadinin fəlsəfi, ictimai-siyasi görüşləri” adlı məqaləsindən oxuyuruq:

“Elmi-sənaye əlhəqq ki, cahan mədəniyyətinin birinci xadimlərindəndir deyilsə, yeri vardır. Yüz min və bəlkə, milyonlarla sənədən bəri kürreyi-ərzdə mədfun və məknun qalmış mədənlər, mənbələr, məxzənlərin xəzaini-layətənahi-təbiətin birər-birər kəşf olunması və zühura çıxmasına səbəb elmi-sənaye degil də, hankı elmdir; əcaba, radium və ziyayi-bərqiyyə, elektrik kimi məfvadi ziyadarın meydani-istifadəyə qoyulmasına, ən müzlim qaranlıq mahiyyətlərin əşyaiq əsrarı açılıb nuri-səhər kibi afaqa nəşr olunmasına səbəb yenə də o müqəddəs elmi-sənaye, elmi-əbdan degilmidir?.. Kürreyi-ərzdə bulanan nəbatat, cəmadat, heyvanatı insanın dəsti-iqtidarında təsxir edən elmi-ciməlisənaye degilmidir…” (Hadi 1906 (5), №183).

Hadinin “Həyat” və “Füyuzat”da çap olunan çoxsaylı şeir və məqalələri sanki modern təhsilin inkişaf mexanizmi üçün də zəmin yaratmışdır. Bəli, çağdaş dünya təhsilinin gələcək uğuru modern biliklərlə, ədəbi mənəvi dəyərlərin sintezindədir ki, Məhəmməd Hadi bunu hələ XX əsrin əvvəllərində özünəməxsus fəlsəfi dillə izah edirdi.

Üzləşdiyi faciələr onun yaradıcılığı qarşısında divar hörməsə idi, böyük fikir adamı bizlər üçün həm də təhsilin fəlsəfəsi, təhsilin sosiologiyası istiqamətində dəyərli əsərlərə imza atmış olacaqdı.