Bu gün görkəmli ispan şairi Federiko Qarsia Lorkanın anım günüdür. Bu münasibətlə şairin “MİMTA Yayımları”nda Mahir N.Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə nəşr olunmuş kitabından “Qurumuş portağal ağacının nəğməsi” şeirini Fuyuzat.az oxucularına təqdim edirik:
Odunçu, kəs kölgəmi –
özümü görmək zulum.
Bu dərddən qurtar məni –
kəs, əzabdan qurtulum!
Bir cüt ayna məni tamam bezdirib,
özümü özümdən necə gizlədim:
gündüz gün işığı düşür üstümə,
gecə də ulduzlar durur qəsdimə.
Yaşayaydım kaş özümü görmədən,
kaş dönəydi yenə köhnə yuxular:
bir zamanlar yarpağım, quşum olmuş
həmin qarışqalar, həmin qırğılar.
Odunçu, kəs kölgəmi
– özümü görmək zulum.
Bu dərddən qurtar məni
– kəs, əzabdan qurtulum!
Təqdim etdi: Günel Natiqqızı



