Xəbərlər

Fərid Cəfərov: Mədəniyyətlərarası Dialoq Forumunun miqyası və iştirakçı dairəsi genişlənib

Bu il “Bakı Prosesi”nin 15-ci ildönümü qeyd olunur. Bu proses illər ərzində həm miqyasına, həm də iştirakçı auditoriyasının əhatə dairəsinə görə genişlənib. Tədbirə daha çox dövlət, beynəlxalq təşkilat, qeyri-hökumət təşkilatı, media nümayəndəsi, gənc lider və dini lider cəlb olunur.

“Füyuzat” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında deyib.

O bildirib ki, bu il forum “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında keçirilir: “Mövzu ölkələr və cəmiyyətin müxtəlif təbəqələri arasında mövcud bərabərsizliklər və qarşıdurmalar nəzərə alınmaqla müəyyənləşdirilib. Forumun məqsədi müxtəlif səviyyələrdə təmsil olunan cəmiyyətləri, dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirərək dünya əhalisini birləşdirə biləcək məsələləri müzakirə etməkdir”.