Almaniyanın Frankfurt şəhərində dünyanın ən nüfuzlu kitab və nəşriyyat tədbirlərindən biri olan Frankfurter Buchmesse – Frankfurt Kitab Sərgisi öz işinə başlayıb.
Bu il 78-ci dəfə keçirilən Frankfurt Kitab Sərgisi 7–11 oktyabr 2026-cı il tarixlərində Frankfurt sərgi kompleksində təşkil olunur.
“Füyuzat” xəbər verir ki, sərginin builki iştirakçı siyahısında 4 100-dən çox nəşriyyat, şirkət və digər sərgi iştirakçısı yer alır; rəsmi sərgi platformasında hazırda 4 131 iştirakçı qeydiyyata alınıb.
Frankfurt Kitab Sərgisi yalnız kitabların nümayiş olunduğu tədbir deyil, eyni zamanda beynəlxalq nəşriyyat sənayesinin əsas müəllif və tərcümə hüquqları, həmçinin nəşriyyat əməkdaşlığı platformalarından biri, bəlkə də birincisidir.
Sərgidə dünyanın müxtəlif ölkələrindən nəşriyyatlar, ədəbiyyat agentlikləri, müəlliflər, tərcüməçilər, kitab distribütorları, media və yaradıcı sənayenin nümayəndələri iştirak edir.
2026-cı ilin fəxri qonaq ölkəsi Çexiyadır və ölkə sərgidə “A Country on the Coast” (“Sahildə bir ölkə”) şüarı ilə təqdim olunur.
Çexiyanın fəxri qonaq proqramı çərçivəsində Frankfurt şəhərinə 75 müəllif səfər edib və ölkənin ədəbiyyatı, nəşriyyat bazarı və mədəniyyəti geniş proqramla təqdim olunur.
Sərginin builki proqramında ədəbiyyatla yanaşı, nəşriyyat hüquqları, süni intellekt, audiokitablar, kitabların ekranlaşdırılması, uşaq və yeniyetmə ədəbiyyatı, komiks və digər istiqamətlər də xüsusi yer tutur.
“MİMTA Yayımları” da Frankfurt Kitab Sərgisində Azərbaycan stendində ayrıca nəşriyyat masası ilə təmsil olunur.
Nəşriyyatın sərgidə iştirakı Azərbaycan ədəbiyyatının və nəşriyyat məhsullarının beynəlxalq kitab bazarında tanıdılması, xarici nəşriyyatlarla yeni əlaqələrin qurulması və müəllif hüquqları üzrə əməkdaşlıqların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu “fuyuzat.az”a bildirib ki, sərgi çərçivəsində müxtəlif ölkələrin nəşriyyatları və ədəbiyyat agentlikləri ilə görüşlər keçirərək qarşılıqlı nəşr, tərcümə və müəllif hüquqları sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Frankfurt Kitab Sərgisinin əsas xüsusiyyətlərindən biri də onun yalnız sərgi deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrindən kitab mütəxəssislərini bir araya gətirən böyük B2B və rights-trade platforması olmasıdır.



