Kültürəl çöküş dünyadakı ən neqativ tendensiyalardan sayılır. Çünki məhz kültürəl çöküş toplumları inanılmaz formada sarsıdır.
Nəticədə, tarixdə elə bir dövr olur ki, kültür süqutu dövlətçiliyin iflasını tətikləyir.
Sosial çöküş haqqında Herrinqton yazırdı: “Bu, bəşəriyyətin yox olacağı demək deyil, əksinə, iqtisadi və sənaye artımı dayanacaq, ərzaq istehsalına və həyat standartlarına pis təsir göstərəcəkdir”.
Necə ki bu gün Fransada sosial islahat adı altındakı komediyaya Fransa cəmiyyəti total şəkildə etiraz edir. Makron və onun “demokratları” kültürəl çöküşə etiraz edənləri total repressiyaya məruz qoyur. Atlar və itlərlə səslərini çıxaranların üzərinə hücumlar edilir.
Ümumiyyətlə, Russo, Monteskiyö, Hüqo və sair önəmli fikir və ədəbiyyat adamlarının vətəni Fransa İkinci Dünya Müharibəsi dövründə ikiyə bölünməklə tarixdə pis izini nümayiş etdirdi.
Vişi Fransası 1940-cı ilin iyulundan 1944-cü ilin sentyabrına qədər nasistlərlə əməkdaşlıq edənlər tərəfindən de-fakto dövlət kimi qurulub. Dövlət başçısı təyin edilən Filipp Peten Birinci Dünya Müharibəsində qazandığı uğurlarla məşhur olan marşal idi. Vişi hökuməti 1940–1942-ci illərdə ölkəni təmsil edərkən, 1942-ci ildən etibarən Almaniyanın işğalı ilə Fransa ikiyə bölündü. Rəsmi paytaxtı Paris olan Fransa ilə yanaşı, şimaldakı Vişi də nasist Fransasının mərkəzinə çevrildi. O vaxtdan etibarən Fransa fəlsəfəsi və ədəbiyyatı da dünyadakı populyarlığını artıq qismən itirirdi.
Bu gün Fransanın bəh-bəhlə PR etdiyi Aleksis Karrel kimi “maarifçilər” neonasizmin ən iyrənc üzləri idi.
Fonddakı fəaliyyəti ilə bağlı hesabatlar dərc etdirən Karrelin “ən böyük tezisi” “fransız xalqı demokratiya və kommunizm üzündən daxildən çürüyür” idi. Onun fikrincə, demokratiya və kommunizm tərəfdarları dəlilər, depressivlər, genetik xəstəliklərdən əziyyət çəkənlər, epilepsiya xəstələri və “cəmiyyətə heç bir faydası olmayan” korlar kimi “Fransanı məhv edirdilər”.
“Cinayətkarları” “vulqar cins” adlandırdığı bu qrupa daxil edən Karrel “korrupsiyaya uğramış həyat formalarının” sürətlə məhv olduğunu qeyd edərək fransızlar üçün ən uyğun etnik xüsusiyyətləri müəyyən etmək üçün kəndlərdə “sahə araşdırması” apardıqdan sonra “təmizliyi” yüksək qiymətləndirir. İndi həmin bu Karrel kimi nasistləri bəzən dərs kitablarında Fransa tələbələrinə öyrətməkdə məqsəd nədir; bax bu ayrıca sualdır.
Bütün bu ictimai xaos və fikir dağıntıları fransızların əhəmiyyətli bir hissəsinin müharibə qəhrəmanı De Qolu xilaskar kimi qəbul etməsinə səbəb oldu.
De Qollun rəhbərliyi ilə başlanan təmizləmə əməliyyatında; Nasistlərlə birlikdə hərəkət etdikləri güman edilənlər, eləcə də işbirlikçiləri təkcə vətənə xəyanətdə ittiham edilmir, mühakimə olunur və ağır cəzalara məhkum edilirdilər, həm də “milli nüfuzdan salmanın” (“indignité nationale”) bir hissəsi kimi ifşa olunurdular.
Bu təcrübə ən azı Vişi hökumətinin hərəkətləri qədər tənqid edildi. De Qoll bu təcrübələrlə “Fransanın ruhunun təmizləndiyini”, “ölkənin siyasi və sosial baxımdan yeniləndiyini” və “tarixin yenidən yazıldığını” söyləyirdi.
1961-ci ildə general de Qollun Əlcəzairlə müharibəni bitirib sülh danışıqlarına başlamasına reaksiya olaraq bir qrup general Raul Salanla birlikdə bəyannamə dərc edib, sonra dövlət çevrilişinə cəhd ediblər. O zamankı generallar üçün problem çöldə deyil, içəridə idi və müzakirə olunan müharibə növü imperiya müharibəsi deyil, “vətəndaş müharibəsi” idi; Onların fikrincə, müharibə xarici cəbhədə deyil, daxili cəbhədə uduzulmaq üzrədir. Komandirlərin rəftarlarından da anlaşıldığı kimi, Fransa demokratik mərkəz siyasətini uzun müddət davam etdirə bilməyəcək və yavaş-yavaş normal dövlətdən ehtiyatlı dövlətə çevriləcəkdi.
Bu gün tədricən radikal sağa doğru irəliləyən Fransada intellektual blokun iki əsas mübarizə cəbhəsi var. Bu iki cəbhə xətti bir tərəfdən Fransanın amerikanlaşmasına qarşı mübarizə, digər tərəfdən isə müsəlman mühacirlərə qarşı kütləvi səfərbərlik təşkil etməyə çalışmaqdan ibarətdir.
Mədəniyyət müharibəsi dramatik səviyyələrə çatır, Yeni Kaledoniyada, Korsikada, Mayotda Fransa neomüstəmləkəçiliyinə heç kim etiraz etməzkən Azərbaycan Fransa neomüstəmləkəçiliyinə qarşı qlobal təşəbbüs qrupuna rəhbərlik edir.
Sevdiyim sosioloqlardan biri Fransa tarixini başdan-ayağa tragikomik tamaşaya bənzədir.
Napoleon dövründən etibarən Fransanın müstəmləkəçilik fəaliyyəti, müstəmləkəçilik yaddaşı və imperiya təəssübkeşlərinin əksəriyyəti müsəlman coğrafiyalarında idi. Bu gün isə cəmiyyəti radikal sağçılığa yönələn və kültürəl boşluqda çabalayan Fransa başqa coğrafiyalarda neomüstəmləkəçiliyi davam etdirir.
Fransa 1980-ci illərdən sonra Amerikada neokonservatizmlə baş verən intellektual və akademik sahənin transformasiyasını bu gün də həyata keçirə bilmir. Afrikalı şərhçilər və gənclər arasında bir çox frankofon ölkələrinin istifadə etdiyi və Fransa hökumətinin zəmanəti ilə avroya bağlanmış regional valyuta olan CFA frankının ləğvi lehinə səslər yüksəlməyə başlayıb. Fransanın ölkə iqtisadiyyatına nəzarət etmək üçün belə bir təcrübə həyata keçirməsi ilə bağlı tənqidlər gündəmə gəlib. Yeni Kaledoniyada Fransa istilasına etiraz edirlər və qürurvericidir ki, Kaledoniyada etirazçılar həm də Azərbaycan bayraqları qaldırırlar. Fransa Afrikadan qovulur, müstəmləkəsi olan adalar istiqlal hayqırtısı edir və Fransa film, musiqi, ədəbiyyat sahəsində geniş reqressiya ilə üz-üzədir.
Mədəni çöküş içində olan Fransanın məhz multikultural Azərbaycandan öyrənəcəyi çox şey var. Əksi Fransanı tarixin “dibinə” aparır.