Ədəbiyyat Xəbərlər

Gözəl görmək gözəlliyi

Belə bir atalar sözü var: “Gözəl görmək savabdır”. Bu sözün ətrafında dəfələrlə mübahisəli izahlar görmüşəm. Hətta atalarımızın ünvanına bu sözlə bağlı narazı münasibətlər bildirənlər də olub. Əslində, məntiq başqa yerdədir. İnanmıram ki, bu sözün kökündə bu qədər bəsit görünən, ata-babalarımızın özünə və adət-ənənələrimizə xilaf çıxaraq bir yoldan ötən səviyyəsində düşüncə tərzi olsun. Bu cümlənin içində “savab“ sözü işləndiyi halda, onun dini dəyərlərin əksinə yönəlməsi də inanılmazdır. Dədə-babalarımız elə-belə, necə gəldi, illərin sınağından çıxmamış sözlər işlətməyiblər. İnandıqları, güvəndikləri, insanları düz yola çağıran mətləblərdən söz açıblar. Buradakı “gözəl görmək” gözəl xanım, gözəl qız görmək, gözələ baxmaq mənasına gəlmir. Ümumiyyətlə, “baxmaq” və “görmək” eyni anlam daşımır. İnsan hər yerdə gözəllik axtarır, hər şeydə gözəllik nişanəsi tapmağa çalışır. Çünki o gözəllik, əslində, hər yerdə var. Amma o gözəlliyi görmək üçün yalnız gözlərlə baxmaq kifayət etmir. Gözəlliyi, onun ifadə etdiyi mahiyyəti görmək üçün həm də ruhun gözü ilə baxmaq lazımdır. İnsan baxar, amma həmişə görməz. Görmək burada daha dərinə nüfuz etmək, mahiyyətə çatmaq və ona tən olmaq, onu anlamaq mənasındadır.

İnsan insandakı gözəlliyi görməlidir.

İnsan onu əhatə edən hər şeydə – dağda, daşda, ağacda, yağan yağışda, göy üzündə, körpə təbəssümündə, baharın gəlişində, ağacların çiçək açmasında gizlənən gözəlliyi görməlidir. Gözəllik görmə ehtiyacı insanın təbiətindədir. İnsan müəyyən mənada gözəllik acı, gözəllik aşiqidir.

Gözəllik insanı dəyişdirir, yaxşılaşdırır, təmizləyir, saflaşdırır.

Gözəlliyə qovuşan, gözəlliklə bir olan insan özü də gözəllik obyektinə çevrilir, gözəlləşir.

İçi, ruhu gözəllik duyğuları ilə dolub-daşan insan eybəcərlikdən uzaqdır.

İçi, ruhu gözəllik duyğusu ilə dolub-daşan insan xeyirxahdır. O bu gözəlliyi bölüşmək istəyi ilə qanadlanır. Yaxşılıq etməyə can atır. Bu duyğunun təbiəti elədir ki, səndə mütləq onu kiminləsə bölüşmək, paylaşmaq ehtiyacı yaranır.

Gözəllik duyğusu elə bir xəzinədir ki, payladıqca, paylaşdıqca çoxalır. Onu xəzinə kimi, yatar kimi yığıb saxlamaq mümkün deyil. O, daim aşıb-daşır, birindən yenisi doğulur. Hər yerdə, hər şeydə gözəllik görmək gözəl baxmaqdan keçir.

Görmək – gözlə qavramaq, başa düşmək, anlamaq, duymaq, hiss etmək mənasını da daşıyır. Bəlkə də bu atalar sözünün əsasında gizlənən başlıca qayə, məna yükü məhz bu anlama gəlir. Qarşıdakını duymaq, hiss etmək bir insan kimi hər kəsin borcudur. Çünki insanı duymadan qiymətləndirmək, ona dəyər vermək, onun sevincinə, kədərinə şərik olmaq mümkün deyil. İnsana yanaşmada həssaslıq göstərməyin özü də gözəllik örnəyidir, mahiyyət etibarilə savabdır.  

Bu sözün başqa anlamı isə “baxmaq”, “görmək” mənasından fərqlidir… Fikir vermisinizsə, birisinin ünvanına işlədilən belə bir söz də var: “Filankəs filan işi gözəl görür…” Görmək – bir işi, bir əməli həyata keçirmək, icra etmək mənasında da işlədilir. Bir işi gözəl başa vurmaq – görmək isə, həqiqətən, savab qazandırar.

Axı gözəl əməl hamının xeyrinədir. Hamının xeyrinə olan isə savab işdir.

Sonda isə bu sözün ən çox ağıla gələn variantı belədir: bir cavan oğlanın, ya qızın bir gözəl görməsi, doğrudan da, savabdır. Çünki bu hadisə yeni qurulacaq ailə yolunda atılan ilk addımdır. Burada da qarşıdakı insanı gözəl görmək, yəni onu gözəl qəbul etmək yeni ailənin gözəl təməl üzərində qurulmasıdır. Ailə qurmaq isə təbii ki, savabdır. Dilimizdə işlənən “göyçək” sözü yalnız görüntünü ifadə etdiyi halda, “gözəl” sözü daha böyük anlam daşıyır, insanın həm də daxili aləmindən, onun kamilliyindən, tamlığından, bir sözlə, mənəvi dəyərlərindən xəbər verir. Ona görə də bu söz “göyçək görmək savabdır” şəklində işlənməyib. Çünki belə olsaydı, insanın yalnız tamaşaçı rolunu ifadə edərdi. Yəni gözəl görmək həm də daxilə nüfuz etmək, daha dərindən anlamaq mənasına gəlir ki, bu da ötəri, bayağı, yüngül hiss ola bilməz.

Gözəl görmək savabdır!..

Loğman