Turan dünyası Xəbərlər

Günümüzdə milli düşüncənin Türk dünyasındakı önəmi: Bakı Birinci Türkçülük Çalışmaları

Türklüyün əsas qayəsi milli kimliyi mənimsəmək, önə çıxarmaq, türk milləti və yurdları uğrunda dayanmadan, yorulmadan çalışmaqdan ibarətdir. Bunun reallaşması üçün türkçü düşüncənin, türkçülüyün yayılması istiqamətindəki addımların sürətlənməsi lazımdır. Son dövrlərdə türk toplumları və dövlətləri arasında təkrar cərəyan edən və sürətlənən türklük qavramının şüurlu bir şəkildə millət anlayışımıza həkk olunmasının gərəkli olduğu məsələsi 20 Sentyabr 2023-cü il tarixində Bakıda keçirilən “Bakı Birinci Türkçülük Çalışmaları” ilə təsdiqini tapmışdır.

21 Dekabr 2020-ci ildə Azərbaycanda önəmli türk aydınlarımızdan olan tarix elmləri doktoru, professor Nəsib Nəsibli və tarixçi yazar Odər Kutluer ilə birlikdə Azərbaycan türk aydınlarına müraciətlə qurulan və mənim də idarə heyətində yer aldığım “Türkçü Düşüncə Birliyi” (TDB) Azərbaycan türk fikir tarixində bir ilkə imza atmışdır. TDB adı və qayəsi ilə Azərbaycanın ilk türkçü düşüncə platforması olmaqla birlikdə Azərbaycan türkçülüyü tarixində ilk dəfə olaraq türkçülük adıyla birbaşa elmi-nəzəri əsərlər ortaya qoymuşdur. Bunun nəticəsində Azərbaycanda ilk türkçülük mövzusundakı simpozyumu da Türkçü Düşüncə Birliyi təşkil etmişdir. TDB Azərbaycan mərkəzli birlik olub məqsədi başda Azərbaycan olmaqla bütün türk dünyasında türklüyə istiqamətlənən addımlara fayda vermək, türkçü fikirlərin yayılmasına dəstək verməkdir. Birliyin əsas qayəsi olan türkçü düşüncə ədəbi və mədəni həyatımızda olduğu kimi düşüncə həyatımızda da yayılmağa çalışılmaqdadır. Çünki gəldiyimiz nöqtədə artıq hərbi savaşlarının paralelində elmi-nəzəri savaşların yaşandığı da görülməkdədir. Bakı Birinci Türkçülük Çalışmaları simpoziumunun da məqsədi türk millətinin Azərbaycandakı problemlərini ələ almaq, həll yolları tapmaq və bu məsələləri ölkənin və türk dünyasının milli gündəminə daşımaqdır. Azərbaycanda təşkil edilən ilk türkçülük çalışmaları olması səbəbilə seçilən mövzu başlıqları əsasən Azərbaycan ağırlıqlı olmuşdur. Simpoziumda ələ alınan milli kimlik, dilimizin adı, etnik kimlik məsələləri, tarixi qəhrəmanlar problemi, milli tarixçilikdəki nöqsanlar, türk yurdunun bölünmüş olması problemi ilk dəfə olaraq elmi bir simpoziumda işlənmişdir. Bütün bunlarla birlikdə hər il təşkil edilməsi planlanan simpoziumda türk dünyasını maraqlandıran mövzular əfratında da fikir mübadiləsi aparılacaqdır.

Bakı Birinci Türkçülük Çalışmaları simpoziumunda milliyət qavramından dil qavramına, tarix anlayışımızdan türk dünyasının diplomatiyasındakı kimlik anlayışının formalaşmasındakı türklük qavramına qədər bir çox önəmli məsələyə toxunulmuşdur. Eyni zamanda türk toplumları və dövlətləri arasındakı bağların gücləndirilməsi istiqamətində milli fikirlərin vacibliyi üzərində dayanılmışdır.

20-ci əsrdə Əli bəy Turan, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli kimi önəmli türk aydınlarının liderliyində türkçü fikriyyatın doğulduğu Qafqazlara bir əsr sonra eyni ruhun geri dönüşünün işarəsinin həyata keçirilən bu simpozium olduğunu bildirmək yerində olacaqdır. Türk dövlətlərinin birliyinin qərar almaq mexanizmasından və liderlərdən topluma qədər yayılması lazım olan xüsusu yenə də milli düşüncədir. Tarixi baxımdan da çox önəmli olan Birinci Türkçülük Çalışmaları simpoziumu türkçü fikriyyatın elmi və fikri məkanlarda müzakirə edilərək mənimsənilməsi məqsədilə davamlı olaraq həyata keçiriləcəkdir. Simpoziumda təqdim edilən mövzuların tam mətni yaxın zamanlarda TDB tərəfindən kitab halında yayımlanacaqdır.

Bir əsir öncə Turan fikriyyatını önə sürən, bu fikrin uğrunda səy göstərən aydınlarımız Əli bəy Turan, İsmayıl bəy Qaspıralı, Ziya Gökalp, Əhməd bəy Ağaoğlu, Yusuf Akçura və Nəsib bəy Yusifbəyli kimi ziyalıların əkdiyi toxumlar bu gün nəticəsini verməkdədir.

Unudulmamalıdır ki, 20 Sentyabr 2023-cü il tarixli “Bakı Birinci Türkçülük Çalışmaları” adlı simpozium da əkdiyi toxumları zamanla cücərdəcək, türkçülük çinarının qol budaq atıb inkişaf etməsində önəmli rol oynayacaqdır. Ümid edirik ki, milliyyət təməlli fikriyyat adına atılan bu addımların ortaya qoyulduğu bənzər fəaliyyətlər artacaq və getdikcə yayılacaq.

Türk milləti bir çinar, fərdləri isə ayrı-ayrılıqda bir toxumdur. Toxum öz torpağında bar verər. Buna görə də türk milləti və dövlətləri Turan fikriyyatı ilə yüksələcəkdir.

Ergün Ucatürk

TDB İdarə Heyəti üzvü, Ankara Hacı Bayram Veli Universitetinin doktorantı