Köşə Yazıları Tural İsmayılov

Heçliyin dərinliyi

Fəlsəfədən az-çox anlayışı olanlar bilməmiş deyil ki, onun əsas müddəası olan “varlıq nədir?” sualına cavab axtarmağa cəhd etmədən heç bir formada özünü və insanı dərk edə bilməzsən. İnsanı dərk etməyə cəhd olduqca aktual, düşündürücü, tarixin bütün qatlarında filosofları və fizikləri diskussiyalara çəkən məsələ olmuşdur. Ontologiya da məhz fəlsəfənin bir bölməsi olub varlığı tədqiq edir.

Ancaq əfsuslar olsun ki, ontoloji fikir tarixində fəlsəfəçilər yoxluq anlayışını izahdan ya qaçmış, ya da “heç nə”nin mahiyyətini izah etməmişlər.

Heçlik haqqında Rusiyada 19-cu əsrlərdə təşəkkül tapan nihilist (heçlik) fəlsəfəsi daha çox elmi dəyərləri müdafiə edərək, bütün strukturlaşmalara qarşı çıxarkən, yoxluğun mahiyyətini izah etməmişdir.

Yoxluq anlayışı bəzən ölüm – son anlayışıyla izah olunurdu. Bütün səmavi dinlər yoxluq anlayışını rədd edirdi. Yoxluq dinlərdə yaşamın başlanğıcıdır. “Qurani-Kərim”də deyilir: “Allah ölüm anında canları alır” (“Zumər” 42), “Mənə doğulduğum, öləcəyim və diriləcəyim gün salam olsun” (“Məryəm” 33), “De ki: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaqdır”. Sonra da Rəbbinizin hüzuruna qaytaracaqsınız” (“Səcdə” 11). (Allahın hər şeyə qadir olmasına, Qiyamət günü ölülərin diriləcəyinə dəlalət edən əlamətlər vardır” (“Zumər” 42)”.

“Quran”da yox olmaq bədənin ölümü, ruhun yenidən dirilməsi, reformasiyasıdır. Məhz “Quran”da Allahın dünyanı heçdən xəlq etməsi vurğulanır. Yoxluq və heçlik var oluşun yaradıcısıdır. Yoxluq ölümdür. İnsan islama görə, fiziki ölür, ruhən daim var olur.

Təxminən, eyni müddəalar xristianlıqda da səslənir.

Əslində, uzun-uzadı fəlsəfə tarixindən yoxluğa dair baxışları ortaya atmaq istəmirəm. Mənə görə, din, əslində, yoxluğun mahiyyətini daha çox izah etməyə çalışır, nəinki materialist fəlsəfi cərəyanlar. Məsələn, postmodernizmə görə, yox olmaq tamamilə yeniliyin doğuşu idi. Yenilik üçün mütləq yoxluq və yox olmaq labüddür. Antik Yunan fəlsəfəsində yoxluq təbiətdən uzaqlıq, dərk olunmayan və ya ümümiyyətlə, mövcud olmayan idisə… qədim hind vedalarının və zen buddistlərinin təlimində yoxluq anlaya biləcəyimiz tək mövcudluq idi.

Mən bu məsələdə necə düşünürəm?..

Yoxluq, əslində, gerçəyin özüdür. Varlıq natamam gerçəklikdir. Dünyanın var olması, insanın var olması, stəkanın var olması, yerin dairəvi formada varlığı, valideynlərin, torpağın var olması, heç də onların mövcudluğunun təməli deyil və izahedici arqumentasiya sayıla bilməz.

Atmosfer qatındakı maddələr mübadiləsi elmə imkanları daxilində bəllidir. Ozon qatının tamlığı, litosferin daxili strukturu, qalaktikalararası dəqiq məsafə ölçüsü tam formada bəlli deyil. Forması bəlli, zahiri tədqiq olunan, mütləqiyyətə çata bilməyən heç nə, əslində, var deyildir. Sadəcə, səhih bilgilər və tamlanmamış tezislərdir. Karl Saqan yekun nəticəsi olmayan hər bir sosial biliyi yarımçıq akt hesab edirdi.

Yoxluq daha geniş anlayışdır. Deməli, fəlsəfə və kainat hər zaman varsa, o zaman indiki bütün hər şey, əslində, gələcəkdə yoxdur.

Yoxluq heç nə deməkdir. Heçlik və yoxluq eyni anlamlı və amaclı anlayışlardır. Lakin heçlik yoxluğun tam da sinonim alternativi deyil, mənə görə.

Mənim dünyada qavraya biləcəyim çox şey var (mən heç nəyi qavramıram). Mənim son model maşınım yoxdur (Lakin son model maşın heç nə deyil, o başqa birisində mövcuddur).

Bizim fikir adamları deyir ki, Qərbdə ailə dəyərləri yoxdur. Amma ailə dəyərləri (əslində isə, dəyərlər kultuna salınan bütün müddəalar) nə isə bir şeydir, heç nə deyil.

Bir tələbə düşünə bilər ki, onun birinci kursda ingilis dilindən qazandığı heç nədir. İngilis dilini öyrənməyib. Amma əslində, ingilis dili dərsi həmin tələbə ilə paralel, onun kimi birinci kursda oxuyan tələbələr üçün yox deyildir, vardır.

Bəs o zaman hansı hallarda heçlik və yoxluq bir-birini tamamlaya bilər?.. Məsələn, çağdaş kapitalist münasibətlər sistemində avronun valyutadakı kursu indiki gün üçün müəyyəndir. İki il sonra, inflyasiyadan hansı formada çıxacağı üzərində iqtisadçılar proqnoz verə bilər. Lakin izah edə bilməzlər ki, avro iki ildən sonra dollarla rəqabətdə hansı aqibətlə üzləşə bilər. Atom uranı zənginləşərsə, üçüncü dünya savaşı çıxarsa, Antaraktidakı buzlaqlar əriyib sel və fəlakətlər gətirərsə, Avropanın böyük bank valyuta sistemlərində “çirkli pulların yuyulması” xəbərləri ortaya çıxarsa, avro hansı durumda olacaq? Avronun gələcəyi heçlikdir və buradakı heçlik, əslində, təsəvvürlərin yoxluğundan ibarətdir. Avronun iki il sonra dəyərinin necə olacağı haqqında müfəssəl heç nə yoxdur.

Amerikalı alimlər insanın prototipinin yaradılması üzərində illərdir çalışırlar. Və bütün futuralistik elm xadimləri iddia edirlər ki, yaxın zamanlarda (yüzdə-yüz biz buna şahid ola bilməyəcəyik) insan klonlaşması başa çatacaq. Lakin klonalanan insanların varisliyi orijinal insandakı kimi ola bilməyəcək. Genetik kod belə hələ insanın təkamülü başa çatmadığından tamamlanmamışsa, insanın klonlaşması haqqında bir təsəvvür mümkün ola bilməz. Klon insanın ruhi psixoloji durumu haqqında fikirlər heçlikdən ibarətdir və ümumiyyətlə, yoxdur.

Proqnozlar elmi paradiqma deyil və metodoloji yararı var.

Heçlik boşluq deyil. Boşluq (vakuum) vardır. Mövcud olandır. Yoxluq anlamsızlıq deyildir. Mövcud olan və olmayan hər şeydə anlam vardır. Heçlik, sadəcə, anlayış deyildir. O, fəlsəfi düşüncə üçün əsas katalizatordur. Yoxluq məhvolma deyildir, əslində, tərəqqi və inkişafdır. Yox olan şeylər var olmağa başlayınca insanlarımız, dünyamız gözəlləşib rəngarəngləşir. Yoxluq əzəlidir. Var olan müvəqqətidir. Yoxluq güclüdür… olmayanda arzulana bilir, bütün utopiyalar yoxluqdan törəyir və ümidlərə rəvac verir. Varlıq ümidləri bəzən əngəlləyir, əllərin “yanına düşür”. Yoxluq aktivlikdir, hərəkətdir, sənə onu ərsəyə gətirmək üçün stimul verir.

Yoxluq Dekartdan fərqli olaraq, “Düşünmürəmsə də, mövcudam, çünki əşyalar da mövcuddur… və bəlkə, onların da öz instinktiv formada duyumları ola bilər ki, biz anlaya bilmərik”dir.

Yoxluq da bəzən həddən artıq praktiki formada insana heç nə vəd etməyən və nə isə ola bilmə ehtimalı belə məntiqi baxımdan dərk edilə bilməyən düşüncələr külliyatıdır. Yoxluğun tənqidi və neqativ nüansları da məhz bundan ibarətdir.

Yoxluq keçmişdir.

Etikada Yoxluq

Antik Yunan etik fikir kodekslərində, əsasən, deyilən ideyalar varlıqla tənzimlənirdi. Roma klassik fəlsəfəsinə də aid etmək lazımdır bu vurğunu. Tit Lukretsi Kar “əxlaqım varlığımdadır” deyəndə, Pluton “etika varlığın güzgüsüdür” söyləyəndə antik düşüncədə etikliyin, ya da əxlaqiliyin əsas daşıyıcısı olan varlığı maksimum etikləşdirərək klişeləyir və insanın azad ruh və mənəvi üsyankarlıq tərəfinə, çılğınlığına od püskürürdü.

Orta əsr sxolastik ehkamçı xristian fəlsəfəsinin doqmaları da etikada varlığı önəmsəyir, ümümiyyətlə, etik fikri kilsənin müddəaları ilə formalaşdırır və özü də bilmədən Qərbdə mədəni inqilablara, Renessansa zəmin hazırlayırdı.

Modernist dövrün etik fikir tarixini beynimdə hələ ki konkretləşdirmədiyimdən (postmodern etika formalaşandan sonra zatən o qədər də önəmli olduğunu düşünmürəm) onların etikada yoxluq-varlıq əlaqələrini necə tənzimlədiyi barədə fikir söyləməkdə zəif olduğumu bildirmək istəyirəm.

Postmodern etikada əxlaq nəzəriyyəçiliyi yox idi və insanlara yalnız boş işlərlə (yuxarıda qeyd etdim ki, mənə görə də, boşluq heç də yoxluq deyil və həqiqətən, yarasız bir şeydir) məşğul olmamağı təlqin edirdi. Rorti etikadan yazarkən, qeyd edirdi ki, yoxluq əxlaq anlayışı qanunların tənzimlənməsində, insanların vicdanla qanuna boyun əymələrində və ictimai narazılğa səbəb olmamaqdadır.

Əxlaqdakı yoxluqları çox müxtəlif formada izah etmək olar və yanaşmaq olar. Var olan əxlaqi determinasiyalar (cəmiyyətin qondarma qeybət xarakterindəki basqıcı dedi-qodularını deyil, sırf fərdi vicdanla assimliyasiya olunan vicdani əxlaq anlayışını nəzərdə tuturam) gərəklidir, lakin yoxluğun əxlaqı daha çox düşünməyə sövq etməlidir ki, bütün dünyanı (yalnız qərb toplumunu deyil) basqıcı dəyərlərdən xilas edə bilsin.

Estetikada yoxluq

Estetik düşüncə tərzində varlıq möhtəşəmdir. Dünyadakı memari quruluşlar, mədəni istehsalat, yaradıcı incəsənət mükəməllikdir. Lakin sistematik olaraq estetik varlıq gözəldir.

Yoxluğun estetikası sinergetikdir. Yox olanın estetik qatı ideyadır. İdeyalar daha yaradıcıdır. İdeyalar yaradır və estetikanı doğurur.

Yox olmaq heçlik deyil.

Qeyd: Karl Popperin bir sitatı var: “Fəlsəfə baş ağrıdır, amma beyni inkişaf etdirərək, sonra bütün şübhələri sancmaqla elmsizliyi “ağrıdır”.