“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Balaş Azəroğlunun “Yaşıl bir yarpağam mən” şeiridir. Xoş mütaliələr!
Dodaqları qurumuş
Susuz bir torpağam mən,
Sinəmdə cadara bax.
Budağından ayrılmış
Yaşıl bir yarpağam mən,
Qopduğum çinara bax.
Şimşəkləri çaxmamış
Bir bahar buluduyam,
Göylərin sinəsində.
Təlatümü susmamış
Bir vulkanın oduyam
Mən Odlar ölkəsində.
Fırtınası yatanda
Ümmandan ayrılmışam,
Ümmana dönmək üçün.
Bir fırtına quşuyam,
Tufandan ayrılmışam,
Tufana dönmək üçün.
Daşlar, qayalar yıxan,
Coşub-daşan bir selin
Kəsilməyən səsiyəm.
Azadlıqçın döyüşən
Bir torpağın, bir elin
Bölünməz zərrəsiyəm…
1964
Müəllif: Balaş Azəroğlu



