Xoşbəxtlik böyük hadisələrdən deyil, hər gün etdiyimiz kiçik, müsbət addımlardan başlayır. Özünüzə vaxt ayırmaq, minnətdarlıq hissini yaşatmaq və sevdiklərinizlə xoş anlar bölüşmək həm ruh halınızı yaxşılaşdırır, həm də həyat keyfiyyətinizi artırır. Heç fikir vermisinizmi, bəzən bütün günü qaça–qaç içində keçiririk, amma axşam oturanda elə bil nəsə çatmır? Ev yığılır, yemək hazırlanır, işlər görülür, hamıya vaxt tapılır… Bircə özümüzə yox. Günün sonunda isə yorğunluq qalır, bir də “mən bu gün özüm üçün nə etdim?” sualı. Əslində xoşbəxt olmaq o qədər də çətin deyil. Sadəcə biz onu çox uzaqlarda axtarırıq. Elə bilirik ki, xoşbəxt olmaq üçün mütləq böyük bir hadisə baş verməlidir. Halbuki bəzən səhər sakitcə içilən bir fincan qəhvə, pəncərəni açıb dərindən nəfəs almaq və ya sevdiyimiz mahnını dinləmək belə bütün günümüzün havasını dəyişə bilir. Qadınlar qəribədir… Özlərinə nəsə alanda bəzən vicdan əzabı çəkirlər, amma hamıya nəsə almaq lazım gələndə bir an belə düşünmürlər. Halbuki arada özümüzü də ərköyünləşdirməyə haqqımız var. Bəzən yeni bir köynək, saç rəngində balaca dəyişiklik, baxımlı dırnaqlar və ya çoxdan almaq istədiyimiz bir ətir insanın əhvalını elə dəyişir ki, bunu sözlə izah etmək olmur. Çünki məsələ həmin əşya deyil, özünə “mən buna layiqəm” deməkdir. Bir də gəlin etiraf edək. Telefonu əlimizə alan kimi özümüzü başqalarının həyatı ilə müqayisə etməyə başlayırıq. Kimsə səyahətdədir, kimsə nişanlanıb, kimsə yeni maşın alıb. O an elə gəlir ki, hamı xoşbəxtdir, bircə biz yox. Amma heç kim paylaşmadığı yorğunluqları, göz yaşlarını və çətin günlərini göstərmir. Ona görə də başqasının həyatının ən gözəl anları ilə öz həyatımızı müqayisə etmək heç də ədalətli deyil. Bəzən xoşbəxtlik elə mətbəxdə birlikdə içilən çay süfrəsində olur. Bəzən anamızın hazırladığı yeməyin qoxusunda, övladımızın bizi qucaqlamasında, rəfiqəmizin “necəsən?” mesajında… O qədər kiçik anlar var ki, biz onları adi hesab etdiyimiz üçün fərqinə varmırıq. Və bir sirr də deyim? Dünyanın ən baxımlı qadını olmaq məcburiyyətində deyilik. Hər gün mükəmməl görünmək də mümkün deyil. Amma özümüzü sevmək, özümüzə qayğı göstərmək və hər gün kiçik də olsa bizi sevindirən nəsə etmək mümkündür. Çünki xoşbəxtlik bir gün qəfil gələn hədiyyə deyil. O, hər gün özümüz üçün etdiyimiz balaca yaxşılıqların cəmindən ibarət hissdir. Ona görə də bu gün özünüz üçün balaca bir şey edin. Sevdiyiniz qəhvəni için, çoxdandır danışmadığınız bir dostunuza zəng edin, sevdiyiniz paltarı geyinin və ya sadəcə güzgüyə baxıb özünüzə gülümsəyin. İnanın, xoşbəxtlik bəzən məhz belə başlayır . Unutmayın, həyat hər gün bizə yeni bir səhifə açır. O səhifəni sevgi, ümid və ən əsası, özünüzə verdiyiniz dəyərlə doldurmaq isə sizin əlinizdədir.
Müəllif: Gülçin Süleymanlı



