Paylaşmağın, mərhəmətin, fədakarlığın və mənəvi yaxınlığın simvolu sayılan Qurban bayramı insanlıq tarixinin ən qədim və mənəvi baxımdan ən dərin ibadətlərindən biridir. Bu mübarək günlərdə insanlar bir tərəfdən Yaradanın rizasını qazanmağa çalışır, digər tərəfdən isə ehtiyac sahiblərinin qapısını döyərək sevinc və ümid paylayırlar.
Müasir dövrdə isə qurban ibadətinin mahiyyəti, onun sosial və mənəvi tərəfləri, xüsusilə də ibadətin səmimiyyətlə nümayiş arasındakı incə sərhədi daha çox müzakirə olunur. Qurban bayramının uşaqlara necə aşılanması, paylaşma ruhunun insanı mənən necə zənginləşdirməsi və “riya” təhlükəsinin ibadətin ruhuna hansı şəkildə təsir etməsi kimi məqamlarla bağlı ilahiyyatçı Ağa Hacıbəyli suallarımızı cavablandırıb.
1. Qurban kəsməyin hikməti nədir?
Qurban iki böyük qayə və amal üçün kəsilir. Əsas hədəf, əlbəttə ki, Allahın rızasını qazanmaqdır. Yəni qurbanda çox böyük fədakarlıq ruhu var. Bu əməl məhz fədakarlıq ruhu baxımından dəyərləndirilir. İkincisi isə qurban sosial həmrəylik düşüncəsini daşıyır. Yəni bir tərəfdən insan öz Yaradanına qəlbən və ruhən təslim olduğunu göstərərək o İlahi əmrə boyun əyir, digər tərəfdənsə qurban vasitəsilə fəqir-füqəranı, miskinləri, acları doyurmağa çalışır.

2. Qurban bayramının uşaqlara düzgün aşılanması üçün ailələr nə etməlidir?
Ailə ən gözəl məktəb ocağıdır. Ata, ana sözü, həyati dəyərlər, din, maariflənmə, kainat və axirətlə bağlı bilgilər ailə məktəbinin içərisində təlim edilir. Övladlarımız bu ailə bağçasının ən gözəl gülləridir. Onları doğru yetişdirmək, düzgün tərbiyələndirmək və tərbiyə yolunda gözəl nümunə olmağa çalışmaq ən təsirli tərbiyə metodudur.
Qurban bayramı ilə uşaqları bu mübarək günlərdə işin bir parçasına çevirmək mümkündür. Burada məqsədin heyvan kəsmək deyil, qurbanın bir ibadət olduğunu anlatmaqdır. Kəsilmiş qurbanın ət paylarını uşaqların əli ilə qonşulara, fəqir-füqəraya çatdırmaq sevinən və fərəhlənən insanların duasını almaq anına onların da şərik olmaları çox gözəldir.
Əslində, sevimli Peyğəmbərimiz (s) bir hədisi-şərifində anamız Xanım Fatiməyə söyləyir ki, get, qurbanın başı üzərində dur. Bu o deməkdir ki, uşaqlarımız indiki balaca qəlbləri ilə o böyük fədakarlığa, hadisəyə mənən, ruhən hazırlanmağı bu qurban mərasimlərindən öyrənirlər.
Yəni qurban olmağı bacarmaq, kökü “qürbiyyət”, “qürb” sözlərindən yaranan qurbanın Allaha yaxınlıq olduğunun fərqinə varmaq elə uşaqlıq dövründən başlayır.
3. Sizcə, Qurban bayramında insanların bir-birinə yardım etməsi, nemətini bölüşməsi onun Yaradanla arasındakı münasibətə necə təsir edir?
Yuxarıda söylədiyimiz kimi, qurbanın sosial tərəfi də var. Cəmiyyətin içərisində zəngin insanlarla yanaşı, fəqir insanlar da yaşayır. Ona görə də belə maddi ibadətlər zəngin və fəqir insanlar arısında xüsusi körpülər qurur.
Özəlliklə bayram günündə insanlara yardım etmək, kasıb insanları sevindirmək böyük əhəmiyyət daşıyır. Bu, ilk növbədə qonşudan başlayır. Məkan cəhətdən öz qohumlarımızdan belə yaxın olan qonşularımıza qurban payı vermək mühüm bir dəyərdir. Daha sonra bu, qohumlar başda olmaqla yaşadığımız bölgənin fəqir-füqərasına, miskin insanlarına qədər uzanır.
Əlbəttə ki, bu gözəl münasibət insanı Allaha yaxınlaşdırır. Çünki “qurban” sözünün kökündə yaxınlıq mənası var. İnsanın qurban ibadətini yerinə yetirməsi onu həm Xaliqə, həm də xalqa yaxınlaşdırmış olur.
4. Sizcə, ibadətin səmimiyyəti ilə onun nümayişə çevrilməsi arasındakı xətt harada təhrifə uğramağa başlayır?
İbadətin səmimiyyəti niyyətlə başlayır. Onun nümayişə çevrilməsi, həddini aşması isə riyakarlıqla ortaya çıxır.
İnsanın gözəl niyyət edib Allah üçün gecə-gündüz demədən, sağ əlinin verdiyini sol əl bilmədən ehtiyaclı adamlara yardım etməsi böyük savabdır. Lakin kimsə əgər bir gün qurban kəsib onu reklamlaşdırırsa, fəqir insanları incidib onların izzət və nəfsinə toxunursa, bunun arxasınca da “Qoy insanlar görsün, mən necə böyük heyvan kəsmişəm, kəsdiyim qurbanların sayı çoxdur”, – deyə dilə gətrib yeri gəldi-gəlmədi vurğulayırsa, Allahla özü arasında olan ixlas bağını zədələyir.
Buna İslam dinində “riya” deyilir. Riya kiçik şirk deməkdir. Artıq insan bunu Allah görsün və qəbul etsin deyə yox, insanlar görsün deyə edir.
5. Maddi imkanı zəif olan biri Qurban bayramını necə mənalı keçirə bilər?
İnsanlar müxtəlif kateqoriyalara ayrılırlar. Elə insanlar var ki, imkanları genişdir. Elə insanlar da var ki, məhdud həyat tərzinə malikdirlər.
Əlbəttə ki, qurban kəsmək zəngin insanların işidir. Amma burada zəif imkanlı, imkansız adamların üzərinə düşən vəzifə isə nəfsinin nəfəsini kəsəcək bu yoxluğun imtahanını düzgün vermək, üsyan etməməkdir. Növbəti illərdə Allahın izni ilə zənginlər sırasına qatılmağa dua etməkdir. Bu zaman gəldikdə qurban kəssinlər, fəqir-füqraya yardım etsinlər, qəlb sevindirsinlər.
Çünki fəqirliyin nə oluğunu imkanı məhdud insanlar daha yaxşı bilirlər. Aclığın nə olduğunu onlar daha yaxşı hiss edir və duyurlar.
Bu baxımdan maddi imkanı zəif olan insanlar Allaha şükür etməli, səbirlə, təmkinlə çalışmalı növbəti illərdə zənginləşib qurban ibadətini yerinə yetirməyə çalışmalıdırlar.
Hazırladı: Məryəm Hacıyeva



