Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür.
Təqvimimizin ən gənc, amma ən mənalı günlərindən biri olan bu bayram 2012-ci ildən etibarən qeyd edilir. Kitab bağışlamaq insanın sevdiklərinə edə biləcəyi ən dəyərli hədiyyə sayılır. Bu “mən oxudum, dəyişdim, sən də dəyiş” deməyin ən təsirli yoludur… Çünki kitab yaddaşdır, təcrübədir, insanın daxili dünyasına açılan qapıdır.
Bəs doğrudanmı, kitabın gücü insanın həyatını büsbütün dəyişə bilər?
Bu sualın cavabını tapmaq üçün üzümüzü cəmiyyətimizin düşünən beyinlərinə – Kitab Adamlarına tutduq:

Elşad Musayev
Milli Məclisin deputatı
Kitablarla bağlı dönəm-dönəm fərqli mövqelər səsləndirilib. İnternetin, rəqəmsal vasitələrin üstünlük təşkil etdiyi bu yeni mərhələdə isə belə bir fikir daha çox yayılıb ki, insanların artıq kitaba ehtiyacı yoxdur. Bu belə deyil. Razıyam, indi intellekt dövrüdür. Müəyyən hallarda insan zəkasını süni intellekt əvəz edə bilir. Konkret sahələr üzrə nəzər salıb analiz edəndə görürsən ki, insandan da robot kimi işləməyi, onun kimi davranmağı tələb edirlər, amma çatışmayan bir cəhət var… Bu mənəvi deqradasiya məsələsidir. Bu gün insanlar qalib gəlmək üçün hər yola əl atırlar. Bu, kitabsızlıq mühitinin yaratdığı fəsadlardır. Baxırsan ki, qarşındakı insanın savadı, təhsili, intellekti, hər şeyi var, amma irəli getmək üçün başqa yollara əl atır. Lakin kitab oxuyan insan bilir ki, vicdanla yaşamalıdır! Bütün müsbət xüsusiyyətlər məhz kitabdan gəlir. Ona görə də yenidən geriyə – kitablı günlərə qayıtmaq zəruridir.
Hazırda bütün dünyada ailə institutlarını dağıtmağa yönəlik çoxlu işlər görülür. Amma düşünün: bəs biz qədim dövrdən bu yana ailəyə hörməti, valideynə sevgini, övlada qayğını, düzgün münasibətləri hardan öyrənmişdik? Doğru kitablardan… Ailə institutu güclü dövlətin təməl daşıdır, ona görə də qloballaşan dünyada ailələrimizi qorumaq üçün onları kitablara yönəltməliyik. Elə bilirəm ki, gənc nəsil də bu işin öhdəsidən layiqincə gələcək. Öz ailəmdən nümunə göstərərək qeyd etmək istəyirəm ki, bizim uşaqlar ədəbiyyatda da, musiqidə də həm klassikanı yaxşı bilirlər, həm də müasir dövrü.
Fəxrlə deyə bilərəm ki, övladlarım dünyanın istənilən yerinə getsələr, oranın gəncləri ilə intellektual diskurs apara bilərlər. Bu belə də olmalıdır. Biz elə bir yeni nəsil yetişdirməliyik ki, onlar bütün sahələrdə rəqabətə davamlı olsunlar. Aparıcı dövlətlərin gəncləri hansı dildə, hansı səviyyədə təhsil alırsa, nələri oxuyursa, bizim uşaqlar da onu oxumalıdır. Bu, doğru kitab seçiminə də birbaşa təsir edəcəkdir.
Amma başqa bir məsələ var ki, son dövrlər Azərbaycanda yaxşı kitablar yazılmır. Sanki bu günün rahatlığı yazıçılarımızı tənbəlləşdirib. Düşünürəm ki, xaricə çıxa bilməməyimizin kökündə də, əslində, yaxşı ədəbiyyatın yaranmaması dayanır.
Həyatımı dəyişən kitaba gəldikdə isə cavab vermək çətindir. Düşünürəm ki, daha çox həyatıma yön verən Robert Qrinin “Hakimiyyətin 48 qanunu” olub. Çünki biz siyasət adamlarıyıq.

Samirə Məmmədli
filologiya üzrə fəlsəfə doktoru, yazar-esseist
Kitab bağışlamaq eyni zamanda zövqün və işığın paylaşılmasıdır. Bu təşəbbüs bir neçə baxımdan əlamətdardır: kitab bağışlamaqla siz həm insanların həyatına toxuna, həm də ictimai fiqur və ziyalı olaraq kitab dövriyyəsinə öz töhfənizi verə bilərsiniz. Oxu mədəniyyəti yalnız fərdi vərdiş deyil, həm də ictimai məsuliyyətin təzahürüdür. Kitab bağışlamaq bu məsuliyyətin ən səssiz, buna baxmayaraq da ən dərin ifadəsidir.
Xüsusilə kitab bazarının hələ yetkinləşmədiyi, marketinq imkanlarının məhdud olduğu dövrlərdə belə ictimai vəzifəni yerinə yetirmək böyük təəssübkeşliyin və insanlıq qarşısında dəyərin göstəricisidir. Mən həmişə tələbələrə tövsiyə edirəm: kitablar ən yaxın yol yoldaşınız olsun. Vaxtın məhdudluğu səbəbindən müəllimin verə bilmədiyi biliklər və tələbənin daxilində gizlənmiş, kəşf olunmağı gözləyən qabiliyyətlər məhz oxuduğu kitablar vasitəsilə həyat tapıb üzə çıxa bilər.
Kitab oxumaq mənim üçün sufi mərtəbələri adlamaq kimidir: kitabdan-kitaba yollar uzanır, hər qapı yeni həqiqətlərin açarını verir və bir gün görürsən ki, öz həqiqətinə çatmısan. Kitabla səfər mənim üçün hər zaman ən dəyərli səfərdir.
“Bir kitab oxudum, həyatım dəyişdi” ifadəsi bəzən şablon kimi görünə bilər, amma kitabların və yüksək bədii mətnlərin insan həyatına göstərdiyi təsir, həqiqətən də, dərin və heyrətamizdir.
Mənim həyatımı dəyişən, yaddaşımda iz buraxan çoxlu kitablar var. Həyatımın bir dönəmində mənə “Başsız atlı” və “Sonuncu mogikan” təsir göstərmişdirsə, sonrakı illərdə “Amerika faciəsi”, “Cenni Herhardt”, “Martin İden”, həmçinin klassiklərdən Viktor Hüqonun “Səfillər” və Dostoyevskinin “Cinayət və Cəza” romanları ruhuma toxunmuşdu.
Lakin sözün əsl mənasında həyatımı, yaddaşımı və ruhumu dəyişən kitab Drayzerin “Dahi” əsəri olmuşdu. Günlər boyu bu kitabın təsirindən çıxa bilməmişdim və o, sonrakı yolumu da müəyyənləşdirmişdi. Əsərin romantik ruhu, qəhrəmanın daxili sarsıntıları və axtarışları mənim üçün çox doğma idi. Bu əsərdən sonra ədəbiyyatı və sənəti daha çox sevməyə başladım. Bu özümü tapmaq üçün başladığım səfərin başlanğıcı oldu.
Filoloji biliklərimi artırarkən universitetin ilk illərində ədəbiyyat və bədii mətnin meyarları, sirrləri ilə bağlı suallar mənim üçün xüsusilə aktual idi. O dövr müstəqillik dövrü ədəbiyyatının formalaşdığı, amma hələ bugünkü səviyyəyə çatmadığı illərə təsadüf edirdi. Ədəbiyyata münasibətdə hələ sovet düşüncəsinin təsiri qalırdı və bir çox məqamda şablon yanaşmalar davam edirdi.
Bu suallarla prof. Vaqif Sultanlıya müraciət etdim. O mənə bir neçə kitabın adını təqdim etdi. Onlardan biri Akif Hüseynovun “Nəsr və Zaman” kitabı idi. Bu əsər həmin dövr üçün azsaylı və diqqətəlayiq nümunələrdən idi və mənim üçün ilk nəfəs oldu. Daha sonra Cavanşir Yusiflinin “Bədii mətnin sirləri” kitabı mənim axtarışlarımı tamamladı və ədəbi tərzim müəyyənləşdi. Sonradan Roland Barthes və Yuri Lotman kimi müəlliflərlə tanışlıq biliklərimi daha da dərinləşdirdi.
Ən əsası isə “mətn yalnız ideyadan ibarət olmamalıdı” narahatlığı zamanla yerini “məna iki söz arasındakı boşluqdadır” ədəbi-nəzəri düşüncəsinə verdi.

Mahir Qarayev
şair, tərcüməçi, yazıçı
Düşünürəm ki, tarixən kitabın ən vacib funksiyası məhz elə bu olub: insanı bilgiləndirib, savadlandırıb onu dəyişmək, toplumu yaxşı yönə, doğru tərəfə istiqamətləndirmək və nəticədə normal cəmiyyət formalaşdırmaq. Bütün sivil cəmiyyətlərdə kitaba yüksək dəyər verilməsi bununla bağlıdır. Amma bu gün kitabın müasir Azərbaycan insanının həyatında rolu, cəmiyyətin kitabla ünsiyyəti, təəssüf ki, xeyli zəifləyib. İnsanlarımız kitabdan könüllü şəkildə uzaq düşüb və sanki daha asan yolla – şou proqramlarla, parıltılı xəbərlərlə, gərəksiz informasiyalarla maariflənməyə, “savadlanmağa” və dəyişməyə üstünlük verir… Çox təəssüf.
Bununla belə, nəzəri cəhətdən kitab insanların həyatını dəyişmək gücünə qadirdir, yaxud belə deyək, müasir dünyada kitabın rolu müəyyən qədər zəifləsə də, yaxşı kitab öz təsir gücünü həmişə saxlayır.
Necəliyindən asılı olmayaraq indiyəcən oxuduğum və yadda saxladığım kitabların hər birinin mənə müəyyən təsiri olub və hərəsindən bir şey öyrənmişəm: bir kitabla necə yaşamağı, digərindən necə yaşamamağı. Yaxud bir yazıçıdan necə yazmağı, digərindən necə yazmamağı.
Bütün eniş-yoxuşları ilə birlikdə sənət baxımından mənə ən çox təsir edən və ən çox öyrəndiyim yazıçı Heminquey olub.
Bəyəndiyim yazıçılar isə çoxdur: Onore de Balzak, Lev Tolstoy, Cəlil Məmmədquluzadə, Vilyam Folkner, Henrix Böll, Anton Çexov, Cerom Selincer, Qabriel Qarsiya Markes, Frans Kafka, Orxan Pamuk… Eləcə də əsərlər: “Emili üçün qızılgül”, “Rotşildin skripkası”, “Kilimancaro…”, “İvan İliçin ölümü”, “Mənim adım qırmızı”, “O illərin çörəyi” və s. və i…

Aygün Zəki
filologiya üzrə fəlsəfə doktoru
“Tərhi çəkilmiş hər bir fikir
Söz quşlarının qanadlarına bağlanmışdır”.
Nizami Gəncəvi
Həqiqətən də, məhz qələm gücünə düşüncələr yazıya dönüşür, tükənməz mənbə olan kitablar vasitəsilə gələcək nəsillərə ötürülür. Hər kitab sirli bir dünya, gizli bir xəzinədir. Biz bu xəzinənin incilərini topladıqca kamilləşirik. İstər elmi olsun, istərsə də bədii, mütaliə etdiyimiz hər bir kitabdan nələrisə öyrənir, nəticə çıxarır, böyük yunan filosofu Aristotel demişkən, “bilməzlikdən bilməyə” keçirik. Hər bir insan oxuduğu kitablar qədər zəngindir. Bu mənada, zövqün formalaşmasında, insanın mənəvi-əxlaqi dünyasının zənginləşməsində mərhəmət, dostluq, sevgi kimi ali insani keyfiyyətlərin aşılanmasında bədii əsərlər əvəzsiz mənəvi məktəb rolunu oynayır.
Bəlli olduğu kimi, hər bir insan toplumun fərdinə çevrilməzdən öncə ailədə, daha sonra kollektivdə formalaşır. Düşünürəm ki, uşaqlara kitab oxumağın faydaları kiçik yaşlarından ailədə aşılanmalıdır. Şəxsən məndə kitablara maraq və sevgini rəhmətlik nənəm oyatmışdı. Yay tətillərini nənəmgildə keçirər, hər həftə nənəmlə birlikdə abunəçisi olduğum uşaq kitabxanasından yaşıma uyğun bir neçə bədii əsər götürər, bitirdikcə yeniləri ilə əvəzləyərdim. Azərbaycan folklor örnəkləri, Nizami Gəncəvinin “Xəmsə”si, Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı, Daniel Defonun “Robinzon Kruzo”, Mark Tvenin “Tom Soyyerin macəraları”, Artur Konan Doylun “Baskervillərin iti”, Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” və digər bu kimi əməyə, zəhmət adamına sevgi, vətənpərvərlik, mərhəmət, ədalət aşılayan, oxucunu həyatın çətinlikləri ilə tanış edən, yaşamaq uğrunda mübarizəyə səsləyən, saxtakarlığa etiraz duyuran, məsumiyyətin qorunmasını tərənnüm edən əsərlər dünyaya fərqli pəncərədən baxmağımda həyatı dərindən duyub, anlamağımda əvəzsiz mənəvi bələdçilərim olmuşdur.
Hər hansı oxuduğum kitabın həyatımı kökündən dəyişdiyini desəm, yanılaram. Ancaq hər bir halda kitablar bizi başqa bir aləmlə tanış edir, bəzən bu aləmə yad olur, bəzən isə onunla bütünləşirik. İstənilən halda oxuduqlarımız düşüncələrimizi, baxışılarımızı, maraqlarımızı dəyişdikcə həyatımız, özümüz də dəyişir, yenilənirik.

İlahə Səfərzadə
yazıçı
Kitabın cəmiyyəti dəyişdirməsinin ilkin rüşeymi ondan ibarətdir ki, o, öncə insanı dəyişir, düşüncələri cilalayır, özümüzü və ətrafımızdakıları dərk etməmizə yardımçı olur. Bu prizmadan baxsaq, kitabın birbaşa deyil, insanı dəyişdirərək cəmiyyəti tədricən yenidən quran gücünə inanıram. Kitab səhifələrindən ruhumuza yol alan çevriliş düşüncədə başlayır və yaddaşda kök salır.
Tarixən toplumların inkişaf dinamikasına nəzər saldıqda şahid oluruq ki, cəmiyyətləri dəyişən ideyalar öncəliklə elə məhz kitablarda doğulub. Fəqət bununla belə biz qəfil dəyişikliklər də gözləyə bilmərik. Kitab oxuyan insan sual verməyə başlayır, qəbul etdiklərinə yenidən nəzər salır, insan olaraq öz həyat məqsədlərini və məsuliyyətlərini dərk edir. Təbii ki, belə insanların da cəmiyyətdə çoxalması artıq cəmiyyətin dəyişməsi deməkdir.
Mənə görə, kitabın əsas gücü insanı tələsdirməməsidir. Oxucu ilə təkbətək qalır, ona düşünmək üçün zaman verir. Bu isə hətta qanunlardan belə daha təsirli olur. Çünki cəmiyyətə tətbiq edilmiş qanunlar davranış tərzini dəyişdiyi halda, kitablar şüuru dəyişməyə qadirdir.
Bununla belə, kitabdan möcüzələr gözləməyimiz də əbəsdir. Amma inanıram ki, düşüncə sərhədlərimizi genişləndirə biləcək mətnlər gec-tez cəmiyyətin də inkişafına təsir edir.
Mən hansısa bir kitab və ya yazıçı, deyə bilmərəm ki, məhz bu müəllifin kitabı mənim həyatımı dəyişib. Çünki oxuduğum bütün kitablardan nələrsə əxz etmişəm. Hətta insanın oxuyub sonra məzmununu unutduğu kitablar belə düşüncəsində müəyyən bir dəyişiklik yaradır. Bu baxımdan oxuduğum və dünyagörüşümün artmasında rolu olan bütün kitabların məni dəyişdiyinə inanıram…

Bahəddin Həzi
yazıçı-publisist
Hansı ölkədə kitab oxuyan azdır, hansında çoxdur deyə araşdırma aparıblar. Bu yaxınlarda nəticələr açıqlanıb. Azərbaycan 82-ci yerdədir. Ermənistandan 9 pillə, Gürcüstandan 10 pillə geridəyik.
Belə hallarda Ermənistanla, hətta Gürcüstanla müqayisədən qıcıqlanalar olur. Bəs kiminlə müqayisə edək?! Avstriya ilə?! Yoxsa Fransa ilə?!
Bilirsiniz, əvvəlki quruluş dövründə Azərbaycanda yazan az idi, oxuyan çox idi, indi yazan çoxdur, oxuyan azdır. Deyəsən, dahilərdən birinin dediyi kimi, bir oxucuya həddindən çox yazıçı düşür. Tərsinə çevrilmiş piramidayıq. Yazıçılar Birliyinin üç min üzvü varmış! Adam başına düşən yazıçı sayına görə, yəqin ki, dünyada ön yerlərdən birindəyik, amma nə yazırıq, nə oxuyuruq?! Daha doğrusu, niyə oxumuruq?!
Bizdə kitaba az qala nifrət formalaşdırıblar. Qələmlə dolana bilməyən adamlar ya baş qaldırıb qılıncdan keçirilib, ya başını əyib qılınc altından keçib. Niyə?! Çünki xalqımız oxumaq istəmir. Kitaba xərclədiyimiz pulu çölə atmış kimi hiss edirik. Özümüzü məişətin dörd divarına həbs etmişik.
Oxumaq, düşünmək, danışmaq… Biz bunlardan üçüncüsünü seçmişik. Efirlərdə hər kəsin ağzına gələni danışmağı da burdan gəlir. Yunq deyirdi: “Düşünmək çətindir, ona görə sürüyə qatılmağa meyl edən çoxdur”.
Düşünmək çətindir. Ancaq dünyanı dəyişən də məhz düşüncələrdir. Düşüncənin mühərriki isə kitabdır. Cəmiyyətin dəyişməsində kitabın əvəzsiz rolu var. Kitabın bəşər tarixini dəyişməsinə dair onlarla, bəlkə, yüzlərlə misallar gətirmək olar. Məsələn, din mədəniyyətinə, milli dövlətçilik şüurunun formalaşması prosesinə baxın. Bunların əsasında kitab dayanır.
Mənim həyatımda kitabların roluna gəlincə, əslində, mənim həyatım kitabdır. Dünyaya gözümü açandan bəri dünyanın əsl şəklini kitabda görmüşəm, əsl dünyanı kitab şəklində görmüşəm. Kitablarla böyüdüm, kitablarla yaşlandım. Biz dünyaya iki dəfə gəlirik: biri anadan olanda, bir də oxuyub-yazmağı öyrənəndə. Sonra isə oxuduğumuz hər yeni kitabla özümüzü hər dəfə bir kitab boyu böyüdürük. Bəziləri elə bilir, uşaq vaxtı böyüdük, bitdi. Xeyr. İnsan ömrü boyu böyüyür; elmlə, biliklə, doğru informasiya ilə. Ya da əksinə bunlarsız kiçilir. Hər kəs intellekti boydadır. Başqa cür desək, hər kəs oxuduğu kitab qədərdir. Nə az, nə çox.
İnsan cansız əşya deyil ki, fiziki ölçülərinə, fiziki xassələrə görə ölçülsün. İnsan mənəvi ölçüləri ilə dəyərlidir.
Hər insan ruhunun öz bədənində cövlan edə bildiyi qədər diridir, ya da ölüdür. Ölmək bir dəfə deyil ki! Ruhu ölüvay olanı diri saymaq olarmı?! Yox! İntellekt, ruh, mənəviyyat… bunların qidası bilgidir, sənətdir, sevgidir. Eləcə də, kitaba sevgi…

Nigar Cəfərzadə
tərcüməçi
Kitab bütün zamanların nəfəsini özündə daşıyan, qaranlıq düşüncələri işıqlandıran, bəzən keçmişə, bəzən gələcəyə aparan sonsuz bir yoldur. Habelə kitab insanın daxilinə açılan sirli bir qapıdır. Hər səhifəni vərəqlədikcə sanki qəlbimizdə bir şam yanır və o şamın işığı ruhu nurlandırır.
Mütaliə etməyən cəmiyyət olarmı? O zaman cəmiyyət “cəmiyyət” olarmı? İstər uşaq, istər gənc, istər yetkin biri olsun – hər kəs hər yaşında kitabla zənginləşir. İnsan oxuduğu hər kitabda özünə bənzəyəni, axtardığını tapmağı diləyir. Hətta belə bir söz var: “Kitab oxuyan insan bir ömürlə kifayətlənmir, min ömür yaşayır”.
Təbii ki, yaxşı kitab seçimi də bunda əsas rol oynayır. Gözəl kitab oxucunun həyata baxışını dəyişir, baxış dəyişəndə insan dəyişir, insanlar dəyişdikcə cəmiyyət dəyişir.
Çox uşaq kimi mən də mütaliəyə nağıllarla başlamışam. İlk ciddi mütaliəm isə doqquz yaşımda Maqsud İbrahimbəyovun “Bütün yaxşılıqlara görə ölüm” əsəri olub. O zaman həmin əsərin təsiri altında uzun müddət qaldığımı xatırlayıram. Yaxşılığın cəzalandırıldığı, mənəviyyatın və səmimiyyətin sonunun qaranlıq olduğu bir dünya… Ancaq nə öyrənirsən bu kitabdan? Yaxşılığın həqiqi dəyərini itirən bir cəmiyyət məhvə sürüklənir.
İnsan yaxşılığı, idrakı, mənəvi zənginliyi aşılayan hər kitabdan öyrənir. Məgər Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Sədi Şirazinin kəlamları ilə böyümürükmü? Hətta həyatın acı həqiqətlərini, keşməkeşlərini əks etdirən ən ağır əsərlərlə dünyanı dərk edirik. Viktor Hüqonun, Fyodor Dostoyevskinin, Lev Tolstoyun əsərləri kimi… Qısacası, istər Şərq ədəbiyyatı olsun, istər Qərb ədəbiyyatı oxucunun qəlbinə toxunan hər kitab dəryadan bir qətrədir.
Bəzən böyük bir əsəri oxuyursan, mövzu-ideya qalır bir qıraqda, amma kənarda yazılan bir cümlə səni tutur və səni o cümlə dəyişir, həmin kitab yox… Çünki o anda sənin axtardığın odur və məhz o fikir sənin təsəllin olur. Odur ki mənə görə, kitab ruhun limanıdır. Biz isə o limanın daimi sakini olmalıyıq…

Nəzrin Rəsulzadə
tənqidçi
Hələ də elə bilirsiniz, kitabı siz oxuyursunuz və ya o əlinizə təsadüfən keçib? Onu oxumaq istəyinizin, diqqətinizi cəlb etməyinin səbəbi o qədər də sadə, birmənalı deyil. Bəlkə, absurd səslənə bilər, amma ruhunuzun dərinliyində bir hiss var ki, sizə pıçıldayır: “Bu səhifələrdə sənin öz yolunun izləri var”. Və oxuduğunuzu sonlandıranda anlayacaqsınız: kitabı tamamlayan siz deyilsiniz, odur sizi bitirən – içinizdə “köhnə mən” dağılır, “yeni mən” doğulur. Estetik və fəlsəfi baxış bucağı ilə ədəbi mühitdə xüsusi taxta sahib L. Tolstoyun deyimi ilə “Kitab insanın daxilində yeni həyat oyadır”. Barmaqlarınız səhifəyə toxunduğu an ruhunuzun qatlarına açılan görünməyən bir portalı aralayır. Burada hər hərf bir iz, hər kəlimə çoxdan unutduğunuz anın – keçmişin pıçıltısı, sürəcəyiniz ömrün –gələcəyin xatırlayışıdır. Əlavə olaraq, sizin qəlbinizi və zehninizi anda – indidə saxlayan, nəfəsinizi sakitləşdirən, daxili dialoqunuzu (monoloq deyil, məhz dialoq) səssizləşdirən, eləcə də şüurunuzu “axın” halına keçirən meditativ şəfa metodudur.
Toplum ilk növbədə düşüncə yönündən istiqlal, buxovsuz olmalır, bu baxımdan kitab cəmiyyəti oyadan vasitə, kimliyi formalaşdıran güc, müstəqilliyin intellektual təməlidir.
Azadlığı silahla deyil, şüurla, biliklə qazanmaq məfkurəsinin müdafiəçisi olan M.Ə.Rəsulzadənin “Millətin qurtuluşu maarifdədir!” fikrinə istinadən kitabların cəmiyyətin ən yüksək faydasına xidmət etməsinə niyyət edərək türk-islam aləmində ilk Demokratik Respublikanın yaradıcısı ilə ortaq ideoloji məqsədə sahib “Füyuzat” jurnalından sevimli sitatımla qeydlərimi sonlandırıram: “Oxu!… Ancaq oxuduğun ayağını yerə, başını yüksəkliyə, qəlbini ülviyyətə bağlasın. Oxu!… Oxuduqların sənin olsun, səndə olsun. Oxuma düzü əyri göstərəni, öyrədəni. Oxuma səndə səni yox edəni…”
Konseptin 2-ci tamamlayıcı sualına cavabı isə mən Nobel mükafatlı fizik Varner Heisenberqin fəlsəfi sferada marağa səbəb olmuş bir deyimi üzərindən vermək istəyərdim: “Təbiət elmləri bardağından içilən ilk udum su insanı ateist edər, lakin bardağın sonunda sizi Tanrı gözləyir”. Bu replikanın şəklini belə dəyişərdim: Kitab mühitində oxunulan ilk əsərlər oxucuya hər şeydən agahmış kimi hiss etdirir, kitablar arasında kəskin “pis-yaxşı” fərqi qoymağa, rəddetməyə sövq edir, lakin mütaliə daha uzunömürlü və sağlam olduqca şəxs fərqinə varır ki, hər kitabdan mütləq ki, qazanacağı bir fayda var. Kitabı oxuyan şəxsin maraq dairəsindən, yaşından, dövründən asılı olaraq bu qazanc dəyişir, amma heç bir zaman sıfır dəyərində olmur. Təbii ki, bu qayda yalnız düşünərək, araşdıraraq oxuyan duyarlı qiraətçiyə şamil olunur. Kitab oxunan zaman, bəlkə, həmin an üçün səmərəsiz fəaliyyət, vaxt itkisi kimi görüntü yarana bilər, lakin əmin olun ki, illər keçsə belə, o mətndən kiçik də olsa, bir məqam sizin şüurunuzda hansısa detalın yerinə oturmasına kömək edəcək. Belə ki, oxumaq hər zaman oxumamaqdan daha üstündür, çünki ruhunuza xitab edəcək kitabı sizə asanca verən olmayacaq. Heç kimin kitab tövsiyəsi öz kəşf etdiyinizlə eyni qalibiyyət ləzzətini verməyəcək. Oxuduqca öz zövqünüzə, ruhunuza bələd olduqca, yeni yazar və ya əsər tapıb ortaya çıxarırsınız.
Sorğunu hazırladı: Fidan Vahid



