Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

Mayakın kölgəsindəki sevgi

Mayakın kölgəsindəki sevgi yazısının fotosu

İşdə adi günlərimdən biri idi…

Yazılarla dağınıqlaşmış masamda yeni bir mövzu ilə bağlı cızma-qara edirdim. Lakin redaksiyaya gələn yazılar arasında diqqətimi cəlb edən və Həmid Piriyevin tərcümə etmiş olduğu bir şeir həm düşüncələrimi, həm də qələmimin istiqamətini başqa limanın səmtinə yönəltdi. Jak Preverin həmin şeiri dolanbac fikirlərimə işıq saldı: Mayak gözətçisi quşları çox sevir…

Mayak gözətçisi quşları çox sevir,
Minlərlə quş mayakın işığına gəlir.
Minlərlə quş kor olur, minlərlə quş çırpılır mayaka,
Minlərlə quş ölür,
Minlərlə quş leşi düşür yerə.

Bu hekayədə sevgi mayak gözətçisinin qarşısına iki seçim qoyur: Peşəsinə sadiq qalıb soyuqqanlı olmaq, ya da həyata rəğmən qəlbini dinləmək:

Və gözətçi dözə bilmir buna,
Dözə bilmir çox sevdiyi quşların ölümünə.
“Qoy cəhənnəm olsun hər şey!” – deyir.
Və mayakı söndürür. Mayak işıq saçmır daha.

Ancaq gözətçi sevdikləri üçün çırpındığı vaxtda xoş xəyalları rifə çırpılır… Bəli, bəzən elə fəda etdiyimizi düşündüklərimizlə vida edirik sevdiyimiz hər şeyə:

Dənizdə gəmi rifə çırpılır,
Tropik ölkələrdən gələn gəmi,
Minlərlə quş gətirən gəmi.
Tropik ölkələrdən gətirilən minlərlə quş,
Minlərlə batan quş.

Mayak gözətçisinin əhvalatı uşaqlıq xatirələrimdən birini yadıma salır:

Həyətimizdə uşaqlarla oynayanda qarışqa yuvasına su tökülür. Mən də onların xilaskarı olmaq istəyirəm. Əlimə kiçik, uzun otlar alıb qarışqalara tərəf uzadıram. Uşaq ağlım deyir ki, sən onlara yaxşılıq edirsən. Amma onlar bu sevginin altında daha çox əzilirlər. İndi anlayıram. Bəlkə də, onları qədərin hökmünə sərbəst buraxmalı idim…

Ancaq mayak gözətçisi başqa bir şey də öyrədir mənə. Nənəmin çətin vaxtlarda dediyi “Neynək bala, olacağa çarə yoxdur” ifadəsində gizlənən sirri açır. “Bəlkə”lərlə yaşamaq nəticəni dəyişmir. Həyatın mənə yaşatdığı ən böyük itkini heç bir “bəlkə, belə olsa idi” ilə dəyişə bilməyəcəyim kimi. Çünki bəzən birini qədərindən çox sevsək belə qədərin gətirdiyi kədərdən qaça bilmərik.

Bəs nə edək? Sadəcə sevək. Qeyd şərtsiz, bəlkələrsiz. Sevdiklərimizə olan sevgimizi təkcə qəlbimizin dərinliklərində saxlayıb “gizlənqaç”a çevirmədən. Açıq-aşkar hiss etdirərək. Ömrün gətirdiyi sınaqlardan qaçaraq yox, birgə uçaraq. Axı həyatımız yaradanın yazdığı qədərdir…

Bakı, 10 iyun 2026-cı il.