Orxan Vəliyev Xəbərlər

Millətçilik və tarix: qaçılmaz bərabərlik

Orxan Vəliyev

Millətçiliyin müasir dünyanın aparıcı ideologiyalarından biri olması barədə yanaşma elmi ədəbiyyatda öz aktuallığını qorumaqdadır.[1] Belə ki, iki əsrdən artıq müddətdə xalqlar və millətlər öz müqəddəratlarını təyin etmək üçün milliyyətçilik ideyasına müraciət edirlər. Məsələn, Napoleonun məğlubiyyətindən sonra alman birliyini xəyal edən Fihteninin “Alman millətinə müraciətlər”i[2], eləcə də Ziya Göyalpın türkçülük istiqamətindəki çalışmaları bu müraciətin mühüm nümunələri hesab edilə bilər. Bir sözlə millətçilik müasir cəmiyyətlərin və xalqların siyasi baxımdan öz müqəddəratını müəyyənləşdirmək üçün istinad etdikləri əsas ideologiyalardan biri kimi meydana çıxmışdır.

Millətçililiklə bağlı tədqiqatlar, əsasən, cəmiyyətə dair təsəvvürlərimizin formalaşmasında mühüm rol oynayan sosial elmlər nümayəndələri tərəfindən aparılır. Məsələn, ictimai və milli şüurun formalaşdırılması və davam etdirilməsi prosesində tarixçilərin araşdırmaları xüsusi əhəmiyyət daşıyır.[3] Bununla belə, sosial elm nümayəndələrinin millətçiliyə dair irəli sürdükləri yanaşmaların bu fenomen haqqında qəti və fəlsəfi mənada əsaslandırılmış bilik əldə etməyə tam şəkildə imkan vermədiyini söyləmək mümkündür. İnsan həyatının böyük ölçüdə bilikdən çox müxtəlif qənaətlər və inanclarla əhatə olunduğunu nəzərə alsaq, milliyyətçiliklə bağlı sosial elmi yanaşmaların mövcudluğu anlaşılandır. Lakin tarix elminin öncüllük etdiyi sosial elmlərin millətçilik haqqında irəli sürdüyü müsbət və ya mənfi mülahizələr, bu fenomenə dair alternativ düşüncə imkanlarını məhdudlaşdıran qənaətlərin formalaşmasında mühüm rol oynayır. Bu mənada millətçiliyə dair irəli sürülən lehinə və ya əleyhinə olan mühakimələrin əksəriyyətini “qənaət” kimi dəyərləndirmək mümkündür. Buna görə də millətçiliyin mahiyyətinin daha dəqiq anlaşılması üçün onun fəlsəfi və epistemoloji təhlilə cəlb edilməsi zəruridir. Bu analiz millətçiliyin nə üçün fəlsəfədən daha çox tarixə söykəndiyinin anlaşılmasına da xidmət edəcəkdir.

Milliyyətçilik kimi tarixin də ayrıca bir elm sahəsi kimi formalaşması XIX əsrə – “tarix əsri” adlandırılan dövrə təsadüf edir. Tarix bu mənada milli dövlətlər üçün keçmişin inşası funksiyasını yerinə yetirmişdir.[4] Məsələn, millətlərin “Naməlum Əsgər” abidələrinə münasibətdə formalaşdırdıqları təsəvvürlər məhz siyasi xarakter daşıyan və legitimləşdirici potensiala malik tarix elmi vasitəsilə qurulur. Bu baxımdan milliyyətçiliyin əhəmiyyətli dərəcədə tarixə dair müəyyən təsəvvür və şərhlərdən ibarət olduğunu söyləmək mümkündür.

Bu essenin əsas qayəsi millətçiliyin mahiyyəti haqqında bilik əldə etməkdir. Bu çərçivədə “Nə üçün millətçilik haqqında qəti bilik əldə etmək çətindir?” “Tarix milliyyətçilik üçün nə üçün zəruridir?” kimi suallar məqalənin əsas problemini təşkil edir.

II

Platondan[5] günümüzə qədər fəlsəfi mətnlər nəzərdən keçirildikdə “Bilik nədir?” sualının aktuallığını və əhəmiyyətini qoruyub saxladığını söyləmək mümkündür.[6] Çünki bilik problemi fəlsəfənin və filosofların əsas araşdırma sahələrindən biridir. Hətta epistemologiyanı “fəlsəfənin qapısı” kimi xarakterizə etmək də mümkündür. Platondan başlayan klassik yanaşma biliyi “əsaslandırılmış doğru inanc” (logos, alethe, doxa) kimi müəyyənləşdirmişdir. Lakin Edmund L.Gettier müasir epistemologiyaya ciddi təsir göstərən “Is justified true belief knowledge?” adlı məşhur məqaləsində əsaslandırmanın bilik üçün kifayət etmədiyini irəli sürərək biliyə, biliyin əldə edilməsinə dair inqilabi çevrilməyə səbəb olmuşdur. Gettier təqdim etdiyi iki nümunə vasitəsilə göstərməyə çalışmışdır ki, subyekt bilmədiyi halda, təsadüf nəticəsində qurduğu mühakimə doğru ola bilər. Bu baxımdan Smitin “S, P-ni bilir” tərifindən çıxış edərək “işə qəbul ediləcək şəxs Consdur və Consun cibində on qəpik var” və ya “Consun Ford markalı avtomobili var” kimi dəlillərə əsaslanaraq formalaşdırdığı mühakimələrin bilik sayılması üçün zəruri şərtlərin mövcud olmadığı aydın olur. Başqa sözlə, Gettierə görə, “doğruluq”, “inanc” və “əsaslandırma” birlikdə belə “epistemik təsadüfü” aradan qaldırmağa qadir deyildir.[7]

Gettierin məqaləsi müasir epistemologiyada biliyin şərtlərinə dair yeni müzakirələrin başlanmasına səbəb olmuşdur. Türkiyə fəlsəfə tarixində ilk dəfə nəzəriyyə ilə çıxış edən professor Nəbi Mehdiyevin nəzəriyyəsi də məhz Gettierdən sonrakı epistemoloji müzakirələr çərçivəsində inanc ilə bilik arasındakı boşluğu doldurmaq iddiası daşıyır. Mehdiyev bu boşluğun “qənaət” (tr. kanı) anlayışı vasitəsilə izah oluna biləcəyini irəli sürür.

Mehdiyev inancı idrak prosesinin başlanğıcı və ya xammalı kimi qəbul etsə də (bax: Cədvəl 1), biliyin əsas şərti kimi qətiyyət və ya yəqinlik tələb edir.[8] Onun fikrincə, qətiyyət ehtiva etməyən heç bir inanc bilik statusu qazana bilməz. Bu səbəbdən o xüsusilə “inanc” və “qətiyyət” anlayışları üzərində dayanır. Məsələn, Dekartın bilik anlayışından çıxış edərək biliyin qəti xarakter daşımalı olduğunu aşağıdakı şəkildə ifadə edir:

  • İnancın bilik dəyəri daşıması üçün onun qəti olması zəruridir;
  • İnancın qəti xarakter daşıması subyekti bütün şübhələrdən azad edir;
  • Subyekt heç bir şübhə duymadan sahib olduğu inancı bilik adlandıra bilər.[9]

Mehdiyev inancın bilik üçün ilkin və əsas material rolunu oynadığı fərziyyəsindən çıxış edir. Bununla yanaşı, o, idrak prosesinin nəticəsi olan “qənaət” (və ya əsaslandırılmış doğru inanc) ilə bilik arasında aydın fərq qoyur. Bu nəzəriyyəyə görə, idrak prosesinin başlanğıc nöqtəsi inancdır.[10] Lakin inanc iki fərqli idrak məhsulunun yaranmasına səbəb olur. Bunlardan birincisi əksi düşünülə və ya təkzib edilə bilən qənaətdir. İkincisi isə qəti xarakter daşıyan və əksinin doğru olması təsəvvür edilə bilməyən bilikdir. Məhz buna görə də əksi düşünülə bilən hər hansı bir qənaətin bilik olaraq qəbul edilməsi doğru deyildir.

Qənaətin bilik hesab olunmamasını onun tarixlə əlaqəsi əsasında da izah etmək olar.[11] Belə ki, tarixlə əlaqəli olan mühakimələr mahiyyət etibarilə qənaət xarakteri daşıyır. Çünki tarix kontekst və şərtlərlə bağlıdır; o, qaçılmaz şəkildə kontekstuallıq yaradır. Buna görə də inancdan fərqli epistemik statusa malik olan qənaəti əsaslandırılmış doğru inanc (ƏDİ) kimi xarakterizə etmək mümkündür.[12] Beləliklə, həm bilik, həm də qənaət eyni başlanğıc nöqtəsindən – inancdan qaynaqlansa da, onların epistemik statuslarının fərqli olduğu aydın görünür. Bu isə biliyin ayrıca və xüsusi şəkildə qiymətləndirilməsini zəruri edir.

Gettierdən sonrakı epistemoloji müzakirələrdə biliyin statusunu izah etməyə çalışan müxtəlif nəzəriyyələr meydana çıxmışdır. Bunlardan biri olan “epistemik kontekstualizm” idrak xarakterli mühakimələrin kontekstdən asılı olduğu fikrini müdafiə edir. Lakin biliyin əsas şərti kimi qətiyyət axtaran Mehdiyevə görə, bilik kontekstual xarakter daşımır.[13] Çağdaş epistemologiyada Annis kimi bəzi müəlliflər əks mövqe sərgiləsələr də,[14] Mehdiyevin yanaşmasına əsasən, bilik konteksdən asılı deyildir. Onun fikrincə, “bilik əsaslandırılmış doğru inancdan daha artıq bir şeydir”. Yanılmazlıq xüsusiyyətinə malik olmalı olan bilik hər hansı dərəcələndirməyə və ya nisbiləşdirməyə məruz qala bilməz. Əsaslandırıla bilən və gündəlik həyatda ən geniş yayılmış idrak forması isə məhz qənaətdir.

Bilməyin hekayəsi: inanc, qənaət və bilik

III

Aristotel “Metafizika”da hər bir insanın bilmək potensialına malik olduğunu qeyd edir.[15] Lakin onun “potensial” ifadəsini işlətməsi göstərir ki, hər insanın hansısa obyektə yönələrək qəti və fəlsəfi mənada bilik əldə edə bilməsi zəruri olmadığı kimi, mümkün də deyil. Həqiqətən də, bilmək üçün yalnız yaxşı zəkaya sahib olmaq kifayət etmir; həmin zəkanı düzgün və məqsədyönlü şəkildə istifadə etmək də vacibdir.[16] Bu mənada bilik (episteme) əldə etməyin mahiyyətində şübhənin mühüm yer tutduğu məlumdur.[17] Bilmə aktının gerçəkləşməsi üçün subyektin (insanın) müxtəlif bağlılıqlardan və ön mühakimələrdən mümkün qədər uzaqlaşması tələb olunur.[18]

Müasir dövrdə keçmişə dair bilik əldə etmə prosesi, əsasən, milli dövlətlər tərəfindən yaradılmış tarix kafedraları, institutlar və digər akademik qurumlar vasitəsilə həyata keçirilmişdir. Xüsusilə “tarix əsri” kimi xarakterizə olunan XIX əsrdə Avropanın müxtəlif universitetlərində təsis edilən tarix kafedraları millətlərin özləri haqqında milliyyətçi təsəvvürlərinin formalaşmasında mühüm rol oynamışdır.[19] Bu baxımdan tarixin insan həyatına dair məlumatların və qənaətlərin formalaşmasında əsas elmi sahələrdən biri olduğu görünür. Beləliklə, tarixin keçmişə, yəni artıq baş vermiş hadisələrə dair anlayış və mühakimələr əldə etməyə imkan yaratdığını söyləmək mümkündür.[20] Nəticə etibarilə, tarix modernlik kontekstində millət olma prosesinin əsas dayaqlarından biri kimi çıxış edir.[21] Tarixin idraki məhsulu olan qənaət cəmiyyət səviyyəsində ortaq hekayənin və kollektiv yaddaşın formalaşdırılmasına xidmət edir.[22] Çünki fəlsəfə ilə yanaşı, tarix də insanın bilmə fəaliyyətinin sistemli şəkildə təşkil olunduğu iki əsas intellektual sahədən biridir.[23] Bu çərçivədə yeni formalaşan millətlərin öz keçmişlərinə dair təsəvvür formalaşdırmaq üçün tarixə ehtiyac duyduqları aydın olur.

Ənənəvi epistemologiya bilmə prosesinin nəticələrini, əsasən, inanc və bilik kateqoriyaları ilə məhdudlaşdırdığı halda, çağdaş epistemoloji yanaşmaya görə, xarici dünyanın rasional təzahürünün “qənaət” anlayışı vasitəsilə izah edilməsinin daha münasib olduğunu irəli sürür.[24] Bu baxımdan tarixin idraki nəticəsini əsaslandırılmış doğru inanc (ƏDİ) və ya qənaət kimi xarakterizə etmək mümkündür. Bununla belə, ƏDİ – tərif etibarilə inanc və doğruluq elementlərini ehtiva etsə də, epistemik baxımdan tam mənada bilik hesab edilmir.

Fəlsəfə kimi tarix də bir bilmə formasıdır. Lakin fəlsəfənin idraki nəticəsi daha çox qəti biliyə yönəldiyi halda, tarixin idraki nəticəsi qənaət şəklində ortaya çıxır. Bu səbəbdən hər iki sahənin epistemik məhsulları fərqlənir. Tarix milli şüurun formalaşdırılması funksiyasını yerinə yetirdiyi halda, fəlsəfə bilavasitə şüurun və inancın özünü sorğulayır. Başqa sözlə, fəlsəfə həm özünü, həm də başqasını dərk etməyə çalışdığı halda, tarix daha çox kollektiv “öz”ün qurulması ilə əlaqəlidir.[25]

Bu çərçivədə Gettier sonrası çağdaş epistemoloji tədqiqatlar fəlsəfə və tarixi iki fərqli bilmə forması kimi təhlil edərkən qeyd edir ki, “fəlsəfə heç vaxt izafət daxilində mövcud ola bilməz, tarix isə izafətdən kənarda istifadə edilə bilməz”.[26] Məsələn, “tarixin fəlsəfəsi” ifadəsi müəyyən mənada problemli olduğu halda, hüququ tarixsiz təsəvvür etmək mümkün deyildir. Hüquq tarixi, siyasi tarix və digər oxşar sahələr tarixin həmişə müəyyən bir obyekt və ya predmetlə əlaqəli şəkildə istifadə olunduğunu göstərir. Bu baxımdan antik dövrdən müasir zamana qədər tarixin təqdim etdiyi bilik formasını əsaslandırılmış doğru inanc və ya qənaət kimi konseptuallaşdırmaq mümkündür. Bir inancı qənaətə çevirən əsas amil sübutdur.[27] Buna görə də tarixin hökmləri həmişə müəyyən “tarixi şərait”, “kontekstuallıq” və “kontingentlik” (tr. olumsallık) daxilində mövcud olur.[28]

Siyasət, din və hüquq kimi sahələrin tarixi haqqında əldə edilən biliklər akademik və intellektual fəaliyyətin dəyişməz tərkib hissəsi olaraq qalır. Çünki tarix əlaqədə olduğu intellektual sahələri ictimai müstəviyə daşıyır və onları kollektiv yaddaşın bir hissəsinə çevirir.

Tarixə yönələn tənqidi yanaşmalar da müasir filosoflar və sosial elm nümayəndələri arasında geniş yer tutmuşdur. Məsələn, Dellaloğlu qeyd edir ki, tarix hakimiyyətlə ayrılmaz münasibət içərisində olduğundan, əslində, hakim qüvvələrin nəzarəti altında yazılır; hətta inqilablar belə müəyyən mənada tarixyazımı prosesinin bir hissəsidir.[29] Bu baxımdan müasir dövrdə tarixə yönələn tənqidlərin eyni zamanda millətçiliyə və milli dövlətlərə yönəlmiş tənqidlər kimi də oxunması mümkündür. Çünki milli kimliyin formalaşdırılması böyük ölçüdə tarix vasitəsilə həyata keçirilmişdir.

Məsələn, Leo Ştrauss tarixi fəlsəfi biliyə qarşı qoyaraq onu bilikdən deyil, qənaətdən ibarət olan bir “mağara” kimi xarakterizə etmiş və qənaətin ictimai varlığın davamı üçün zəruri olduğunu irəli sürmüşdür.[30] Ştraussun bu təsnifatı müəyyən mənada qəbul edilə bilər. Bununla belə onun ictimai həyatın qənaət üzərində qurulduğunu və bunun fəlsəfi düşüncənin geri plana keçməsinə səbəb olduğunu yalnız modern dövrə aid etməsi, bəlkə də, modernliyə qarşı kəskin tənqidi münasibətindən qaynaqlanır. Halbuki tarixin və onun yaratdığı qənaətin siyasi hakimiyyətlə əlaqəsi yalnız modern dövrə deyil, Antik, Orta və Müasir dövrlərin hamısına xas olmuşdur.

Millətçilik müasir cəmiyyətlərin siyasi mövcudluğunu təmin edən və legitimləşdirən ideologiyalardan biridir. Bu səbəbdən millətçiliyin müəyyən tarix təsəvvürünə ehtiyac duyması təbiidir. Tarixin idraki məhsulu olan qənaət müəyyən tarixi kontekstə bağlı olsa da, sübut tələb etməsi səbəbindən sadə inancdan fərqlənir; eyni zamanda qəti və yanılmaz bilik olmadığı üçün də bilik kateqoriyasına daxil edilə bilməz. Başqa sözlə, qənaət nə sırf inanc, nə də qəti bilikdir. İnancın qənaətə çevrilməsində əsas rol oynayan amil sübutdur (tr. kanıt).[31]

Fəlsəfi bilik qəti xarakter daşısa da, konkret bir cəmiyyətə və ya kollektivə istinad etmir. Tarixin idraki məhsulu olan qənaət isə bilavasitə cəmiyyətə və kollektiv kimliyə yönəlmişdir. Buna görə də qənaət biliklə müqayisədə fərqli epistemik statusa malikdir. Buradan belə nəticə çıxarmaq olar ki, siyasətə dair idraki mühakimələr əhəmiyyətli dərəcədə tarix təsəvvüründən asılıdır. Tarixdən qaynaqlanan qənaət də mahiyyət etibarilə kontekstual xarakter daşıyır. Bu mənada tarixi və onun idraki məhsulu olan qənaəti cəmiyyətdən kənarda təsəvvür etmək mümkün deyildir.

Lakin inancın bilik statusu qazanması üçün onun əksinin düşünülməsi mümkün olmamalıdır. Halbuki gündəlik həyatımızın və ictimai mövcudluğumuzun əsas hissəsi məhz qənaət üzərində qurulmuşdur. Bu baxımdan millətçilik özünü əsaslandırmaq üçün tarixin təqdim etdiyi qənaətə ehtiyac duyur.

Qənaətin formalaşması üçün onun müəyyən ictimai reallığa istinad etməsi vacibdir. Deməli, ictimai birlik formalaşmadan qənaətin meydana çıxması da mümkün deyildir. Qənaətin əsas xüsusiyyətlərindən biri sərhədlər və fərqlər yaratmaq qabiliyyətinə malik olmasıdır. Məsələn, Renessansın mahiyyətini daha yaxşı anlamaq üçün tarixçilər onu Orta əsrlərdən fərqləndirməyə çalışmışlar. Eyni şəkildə Fransız İnqilabının tarixyazımı da monarxiya ilə inqilab arasında kəskin fərq yaradaraq inqilabın əhəmiyyətini (üstünlüyünü, yeniliyini) əsaslandırmağa çalışmışdır.[32]

Əsaslandırılmış doğru inanc kimi xarakterizə edilə bilən qənaətin qəti bilik olmaması onun epistemik dəyərdən məhrum olduğu anlamına gəlmir.[33] Əksinə, tarixin təqdim etdiyi qənaət milli şüurun formalaşmasına xidmət edir. Bu səbəbdən hər bir millətçilik növünün müəyyən tarix təsəvvürünə ehtiyac duyduğunu söyləmək mümkündür.

Ümumilikdə, siyasi birlik və ya cəmiyyət təsəvvürü formalaşdırılarkən bilmənin müəyyən şəkildə məhdudlaşdırıldığı və fəlsəfi biliyin ön plana çıxmadığı müşahidə olunur. Fəlsəfə insanı düşünməyə və sorğulamağa dəvət etdiyi halda, tarixin hökmü insanı inanmağa yönəldir. Məsələn, Con Lokkun dövlət haqqında yazdığı iki traktat yalnız siyasətə deyil, eyni zamanda tarixə də istinad edir. Əsərin ilk səhifələrindən etibarən müəllif oxucunu tənqidi düşünməyə deyil, müəyyən tarixi təsəvvürlərə inanmağa, ingilis olmağa çağırır. Bu səbəbdən həmin əsərlərdə tarix və qənaət mühüm rol oynayır. Bu baxımdan modern siyasi nizamın qurulmasında fəlsəfi bilikdən daha çox cəmiyyətin müəyyən ideyalara inanmasının vacib olduğu görünür. Tarix də bu funksiyanı uğurla yerinə yetirməyə davam edir.

Müasir siyasi sistemin formalaşmasında əsas rol oynayan millətçiliyin idraki məhsulunun tarixin yaratdığı qənaət olduğu söylənilə bilər. Lakin bu, millətçiliyin avtomatik olaraq dövrümüzün əsas problemi olduğu anlamına gəlmir. Əksinə, qənaət üzərində qurulan millətçilik haqqında qəti müsbət və ya mənfi hökm verməyin mümkün olmadığını qəbul etmək lazımdır. Çünki belə hökmlər millətçiliyin mahiyyətini anlamağa deyil, onu əvvəlcədən etik baxımdan mühakimə etməyə xidmət edir.

Millətçilyin düzgün anlaşılması üçün ilk növbədə onun nə olduğu və nə olmadığı müəyyənləşdirilməlidir. Buna görə də milliyyətçiliyin epistemoloji təhlili onun yaxşı və ya pis olması ilə deyil, millətçi subyektin, əslində, nəyi bildiyi və hansı növ idraki məhsula sahib olduğu ilə maraqlanır.

Hər hansı bir mühakimənin bilik hesab olunması üçün onun zaman, məkan və kontekstdən asılı olmayaraq yanılmaz olması tələb edilir.[34] Lakin millətçilyin tarix vasitəsilə formalaşdırdığı qənaətin yanılma ehtimalı həmişə mövcuddur. Tarixə əsaslanan millətçilik müəyyən kontekstdən çıxış edərək qənaət yaradır. Buna görə də inanc və bilik arasında yerləşən qənaət həm sübut tələb etməsi baxımından inancdan, həm də qəti olmaması baxımından bilikdən fərqlənir.

Bu baxımdan milli fəlsəfədən danışmaq mümkün olmadığı kimi, müasir tarixin də tamamilə qeyri-milli xarakter daşıması mümkün deyildir. Çünki tarix həmişə müəyyən bir xalqın və ya kollektiv subyektin keçmişi ilə bağlıdır. Millətçiliyin, millətlərin və milli dövlətlərin tarixsiz təsəvvür edilməsi olduqca çətindir. Tarix antik dövrdən müasir zamana qədər siyasi birliklərin formalaşmasında mühüm rol oynamışdır.[35] Buna görə də milliyyətçiliyin fəlsəfədən daha çox tarixlə əlaqəsi üzərində dayanmaq daha məqsədəuyğundur.

Nəticə etibarilə, müasir dövrdə biliyin məhdudlaşdırılması və əsaslandırılması, əsasən, milli tarix təsəvvürü çərçivəsində həyata keçirilmişdir. Tarixdən qaynaqlanan qənaət cəmiyyətə və kollektiv kimliyə istinad etdiyinə görə daha asan mənimsənilir və qəbul edilir. Tarix mahiyyət etibarilə müəyyən mənada “öz” haqqında təsəvvür və mühakimə formalaşdırır. Buna görə də millətçi tarix təsəvvürü fəlsəfi biliyə ehtiyac duymadan millətin tamamlanması və özünü dərk etməsi funksiyasını yerinə yetirir.

Bu kontekstdə Andersonun milliyyətçiliyin “fəlsəfi səfaləti” haqqında fikri müəyyən mənada doğru olsa da, problemin mahiyyətini tam əhatə etmir.[36] Çünki tarixdən dəstək almadan millətlərin “naməlum əsgər” abidələri kimi simvollara inanması və onları kollektiv yaddaşın bir hissəsinə çevirməsi olduqca çətin görünür. Millətçilik tarixin yaratdığı qənaət vasitəsilə fəlsəfənin fəaliyyət göstərəcəyi siyasi və ictimai məkanı qurur. Xalqı düşünməyə deyil, inanmağa yönəltmək də məhz bu funksiyanın bir hissəsidir.

Beləliklə, millətçiliyin, əsasən, tarixi qənaətdən ibarət olduğu nəticəsinə gəlmək mümkündür. Tarix onun üçün bilik deyil, qənaət istehsal edir. Millətçiliyin tarixə ehtiyac duymasının əsas səbəbi də kollektiv çoxluğu inandırmaq və milli kimliyi legitimləşdirmək üçün əsaslandırılmış doğru inanc yaratmaqdır. Milli tarix xalqın keçmişinə dair təqdim etdiyi dəlillərlə milli kimliyə inamın formalaşmasında həlledici rol oynayır. Bu səbəbdən tarix, bir elm sahəsi kimi millətçilik üçün qənaət istehsal edən əsas mənbələrdən biri hesab edilə bilər.

Beləliklə, modernliyin siyasi nəticəsi öz təzahürünü milli dövlətlərdə tapmışdır. Cəmiyyətlərin istər daxili siyasi çevrilmə proseslərində, istərsə də müstəmləkəçilikdən qurtularaq öz müqəddəratını təyin etmək uğrunda apardıqları mübarizələrdə mahiyyət etibarilə millətçi mövqe tutmağa məcbur olduqları söylənilə bilər. Belə ki, millətçilik sanki siyasi sarsıntıların, dəyişiklik və çevrilmələrin yaşandığı məqamı gözləyirmiş kimi görünən və həmin dövrlərdə daha qabarıq şəkildə üzə çıxan bir fenomendir. Məsələn, qlobal miqyasda bəşəriyyəti və dövlətləri məşğul edən COVID-19 pandemiyası hətta Qərb ölkələrindəki hökumətlərin belə millətçi ritorikaya müraciət etməsinə səbəb olmuşdur. Bir sözlə, tarixçilərin onun meydana çıxma tarixi ilə bağlı yekdil mövqeyə malik olmamalarına baxmayaraq, millətçilik başlanğıcı məlum, lakin sonu bəlli olmayan bir fenomen kimi mövcudluğunu davam etdirməkdədir. Bu baxımdan millətçiliyin mahiyyətinə dair epistemoloji araşdırma aparmaq və onun haqqında bilik əldə etmək xüsusi əhəmiyyət kəsb edir.

Millətçilik özünü tarixin idraki məhsulu olan “qənaətə” əsaslandırmaq məcburiyyətindədir. Milliyyətçilik haqqında müsbət və ya mənfi hökm verməkdən daha çox, onun mahiyyətinin anlaşılması və Tarix niyə millətçilik üçün zəruridir?”sualının cavablandırılması daha vacibdir. Məlum olur ki, tarix olmadan millətçilyin özünü reallaşdırması əhəmiyyətli dərəcədə çətinləşir; tarixin hökmü isə epistemoloji baxımdan “qənaət” (kanı) və ya əsaslandırılmış inanc (GDİ) xarakteri daşıyır. Buna görə də millətçilyin intizamlı bilik formalarından biri olan tarixin kontekstuallığına söykəndiyi və onun idraki nəticəsinin/hökmünün qənaət olduğu da nəzərə alınmalıdır. Son təhlildə milli inancın bilikdən daha çox qənaət kimi qəbul edilməsi nə millətləri tarix səhnəsindən siləcək, nə də onların mövcudluğunu şübhə altına alacaqdır. Əksinə, bu yanaşma intellektual və epistemoloji baxımdan yeni nəticələrin əldə edilməsinə imkan yaradacaqdır.

Qeyd: Bu məqalə türk dilində nəşr edimiş “Nebi Mehdiyev’in Bir Bilme Teorisi Bağlamında Milliyetçiliğin Epistemik Tahlili” məqalə əsasında hazırlanmışdır. Kutadgubilig Felsefe-Bilim Araştırmaları, Haziran 2022, Sayı 45, s. 153-170


[1] Liah Greenfeld, Milliyetçilik, çev. A. Yılmaz, İstanbul: Alfa Yayınları, 2017; Liah Greenfeld, Nationa- lism, Washington; Brooking İnstitution Press, 2019; Yael Tamir, Why Nationalism, Princeton: Princeton University Press, 2019; Yael Tamir, “Why Nationalism? Because nothing else works”, Nations and Nationalism, 2020, s. 26.

[2] Ficte, J. G. “Alman Ulusuna Söylev”, düz. E. A. Kılıçaslan ve G. Ateşoğlu, Fichte, çev. K. H. Ökten, Ankara: Doğu Batı Yayınları, 2006, s. 321-330.

[3] Göksel Aymaz, Militan İyimserlik, Ankara: Yordam Kitap, 2021, s. 69-90; Fatih Belgi, “Tarih, Bilgi ve Tarihsel Bilgi: Tarih Epistemolojisi Üzerine Bir Deneme”, Tarihyazımı, s. 3(1), 2021, s. 24-43; Nebi Mehdiyev, Bir Bilme Teorisi, İstanbul: Dergah Yayınları, 2019, s. 15-28; R. G. Collingwood, Tarih Tasarımı, çev. K. Dinçer, Ankara: Doğu Batı Yayınları, 2019; Yalın Alpay, “Fuat Köprülü’nün Muhafazakâr Ulusal Tarih Tezi Kurgusu”, Muhafazakar Düşünce Dergisi, s. 10(38), 2013, s. 83-116.

[4] Yalın Alpay, “Fuat Köprülü’nün Muhafazakâr Ulusal Tarih Tezi Kurgusu”, s. 84.

[5] Platon’un Theaitetos diyaloğu, bilgi felsefesine ilişkin soruların ele alındığı ilk eser olarak bilinmek- tedir. A. Kadir Çüçen, Bilgi Felsefesi, 7. Baskı, Bursa: Sentez Yayıncılık, 2012, s. 11.

[6] Çüçen, Bilgi Felsefesi, 110; Nebi Mehdiyev, “Bir Bilme Teorisi Denemesi”, Kutadgubilig Felsefe-Bi- lim Araştırmaları, s. 35, s. 11-22.

[7] dmund L. Gettier, “Is Justified True Belief Knowledge”, Analysis, 1963, s. (23)6, s. 121-123.

[8] Nebi Mehdiyev, Bir Bilme Teorisi, İstanbul: Dergâh Yayınları, 2019, s. 79.

[9] Mehdiyev, Bir Bilme Teorisi, s. 87, 89.

[10] Mehdiyev, Bir Bilme Teorisi, s. 101.

[11] Nebi Mehdiyev, “Delilcilik ve Tanrı İnancının Epistemik Statüsü”, Fəlsəfə və Sosial-Siyasi Elmlər  Jurnalı, s. 1(41), 2017b, s. 9-28. s. 23.

[12] Mehdiyev, Bir Bilme Teorisi, s. 94, 95.

[13] Mehdiyev, Bir Bilme Teorisi, s. 71-83.

[14] Bu mövzuda ətraflı bax., D. Annis, “A Contextual Theory of Epistemic Justification”, American Philosophical Quarterly, 15(3), s. 213-219.

[15] Aristoteles, Metafizik, çev. Y. G. Sev, 5. Baskı, İstanbul: Pinhan Yayıncılık, 2018, s. 13.

[16] Descartes, Yöntem Üzerine Konuşma, çev. M. Erşen, İstanbul: Türkiye İş Bankası Kültür Yayınları, 2020, s. 5.

[17] Descartes , R. (1998). Felsefenin İlkeleri. (M. Akın , Çev.) İstanbul: Say Yayınları. 67.

[18] Descartes, Yöntem Üzerine Konuşma, s. 12.

[19] Alpay, “Fuat Köprülü’nün Muhafazakâr Ulusal Tarih Tezi Kurgusu”, s. 84, 85.

[20] Mehdiyev, Bir Bilme Teorisi, s. 17.

[21] Anthony D. Smith, Ulusların Etnik Kökeni, çev. S. Bayramoğlu ve H. Kendir, Ankara: Dost Kitabevi, 2002, s. 193.

[22] Milay Köktürk, Millet ve Milliyetçilik, İstanbul: Ötüken, 2016, s. 27.

[23] Mehdiyev, Bir Bilme Teorisi, s. 83.

[24] Mehdiyev, Bir Bilme Teorisi, s. 21.

[25] Mehdiyev, Bir Bilme Teorisi, s. 17, 20, 21.

[26] Mehdiyev, Bir Bilme Teorisi, s. 16.

[27] Nebi Mehdiyev, “Bilim ve Din: Epistemik Bir Bakış”, https://onculanalitikfelsefe.com/bilim-ve-din-nebi-mehdiyev/ (erişim: 02.06.26).

[28] Nebi Mehdiyev, “Bilme Kipleri Olarak Felsefe ve Tarih”, Fəlsəfə və Sosial-Siyasi Elmlər, s. 1(38), 2016, s. 73-74; Mehdiyev, Bir Bilme Teorisi, s. 95, 99.

[29] Besim F. Dellaloğlu, Benjaminia: Dil, Tarih ve Coğrafya, 2. Baskı, İstanbul: Ayrıntı Yayınları, 2012, s. 92.

[30] Leo Strauss, Doğal Hak ve Tarih, çev. M. Erşen ve P. Onur, İstanbul: Say Yayınları, 2011. s. 31, 32.

[31] Mehdiyev, Bir Bilme Teorisi. s. 94, 95.

[32] Hilmi Z. Ülken, Uyanış Devrinde Tercümenin Rolü, düz. R. Kızıler, İstanbul: Türkiye İş Bankası Kül- tür Yayınları, 2016, s. 213.

[33] Mehdiyev, Bir Bilme Teorisi, s. 20.

[34] Mehdiyev, Bir Bilme Teorisi, s. 92.

[35] Ülken, Uyanış Devrinde Tercümenin Rolü, s. 197-213.

[36] Benedict Anderson, Hayali Cemaatler, çev. İ. Savaşır, İstanbul: Metis Yayınları, 1995, s. 19.