Müqəddəs Ramazan və Novruz bayramı münasibətilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) şəhid və qazi ailələrini ziyarət edərək onlara bayram sovqatı təqdim edib.
“Füyuzat”ın məlumatına görə, şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayan fond bu dəfə də onları unutmayıb. Ziyarət zamanı şəhid və qazilərimizin vətən və millət qarşısında göstərdikləri misilsiz fədakarlıq xüsusi vurğulanıb, xalqımızın bu qəhrəmanlıq qarşısında hər zaman ehtiram və vəfa ilə dayanacağı bildirilib.
Fond nümayəndələri ailələrlə səmimi söhbətlər aparıb, onların qayğı və ehtiyacları ilə maraqlanıblar. Bildirilib ki, Vətən uğrunda canından və sağlamlığından keçən qəhrəmanlarımızın ailələrinə diqqət və dəstək göstərmək hər birimizin mənəvi borcudur.
Qeyd edək ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu artıq bir neçə ildir ki, bu cür xeyriyyə aksiyalarını ənənəvi olaraq müxtəlif bayramlar ərəfəsində həyata keçirir və şəhid və qazi ailələrinə dəstək göstərməyi öz fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi davam etdirir.



