Abid Tahirli Ədəbiyyat Füyuzat 125

MÜHACİR ŞAİRİN VƏTƏN HƏSRƏTİ İLƏ ÇIRPINAN MİSRALARI

Azərbaycan ədəbi  xəzinəsinin bir parçası olan mühacirət ədəbiyyatının, onun ya­radıcılarının həyat və fəaliyyətinin müasir tələblər səviyyəsində tədqiqi, elmi-nəzə­ri baxımdan dəyərləndirilməsi  müstəqillik dövrü ədəbiyyatşünaslığının təqdirə­layiq və əlamətdar hadisəsidir. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradıldıqdan sonra mühacirət ədəbiyyatının tədqiqi yeni mərhələyə qədəm qoydu. İnstitut 2016-cı ildən “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının nəşrinə başladı, mühacirət irsi ilə bağlı  ölkə və beynəlxalq miqyaslı simpozium, mədəni-kütləvi tədbirlər təşkil olundu. Bu seriyada “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” (2016), “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri” (2018), “Səlim Rəfiq Rəfioğlu. Füzuli” (2019) və “Teymur Atəşli. Seçilmiş əsərləri” (2020) kitabları nəşr edilmişdir. Bu günlərdə isə “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının növbəti cildi – Alazan Baycan. Əsərləri” (Bakı: “Elm və təhsil”, 2021, 268 səh.) işıq üzü görmüşdür. Azər­bay­can mü­ha­ci­rət ədə­biy­ya­tı­nın ta­nın­mış nü­ma­yən­də­si Ala­zan Bay­ca­nın şe­ir­lə­ri, poe­ma­la­rı, al­man poe­zi­ya­sın­dan tər­cü­mə­ləri və mək­tub­la­rın­dan ör­nək­lərin toplandığı kitabın tərtibçisi filologiya elmləri doktoru Nikpur Cabbarlı əsərə sanballı ön  söz və “Qeydlər” yazmışdır.

Ala­zan Bay­ca­n (Ha­cı Hə­sən­za­də – 12 may 1913, Qazax – 9 noyabr 1989, Frayburq, Almaniya) Qa­­zax­da ib­­ti­­dai mək­tə­bi, 1929-cu il­də isə Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­­tirdikdən sonra Ba­­la­­kən­­də bir il müəllimlik edir. 1931-ci il­də isə Azər­­bay­­can Döv­lət Uni­ver­si­te­ti­nin tibb fa­kül­tə­si­nə da­xil olur. Tələbələr arasında “an­­ti­­so­­vet, mil­lət­çi ün­sür” ki­­mi tanınmağa başlayan H.Hə­­sən­za­dənin ölkəni tərk etməkdən başqa çarəsi qalmır və o,  1933-cü il­də təh­­si­li­ni ya­rım­çıq qoyub İrana, ora­dan da Tür­ki­yə­yə ke­çir. İs­tan­bul Uni­­ver­­si­­te­­ti­­­nin tibb fakültəsində ali təh­­si­lə yiyələnən (1934–39)  A.Baycan əvvəlcə Gül­ha­nə Tət­bi­qi Mək­təb və Kli­ni­ka­sın­da, da­ha son­­ra Gəm­­lik Hər­bi Xəs­tə­xa­na­sın­da ça­lı­şır. 1942-ci il­də dos­tu, Azərbaycan Cümhuriyyəti dövründə maliyyə naziri işləmiş, qatı antisovet düşüncələri ilə tanınan, istiqlal mücahidi  Fu­ad Əbdüləli oğlu Əmir­can­la (1911, Şəki – 1995, Bonn, Almaniya) bir­gə Al­ma­ni­ya­ya ge­dir, Fray­burq şəhərində məskunlaşır və ömrünün sonuna  qədər həkim kimi fəaliyyət göstərir.

N.Cabbarlı kitabın ön sözündə A.Bay­canın uşaq vaxtlarından şe­ir yaz­ma­ğa baş­­la­dığını, alt­mış il­­dən ar­tıq müd­dət­də poe­zi­ya sa­hə­sin­də qə­lə­mi­ni sı­­na­­dığını, öm­­rü­nün son il­lə­rin­də iki şe­ir ki­ta­bını – “Kö­nül sa­zın­dan” (1983), “Dağ çi­­çək­ləri” (1987) An­ka­ra­da Azər­bay­can Kül­tür Dər­nə­yi Ya­yın­­la­rı se­ri­ya­sın­da nəşr et­dir­di­yi­ni vurğulayır və haqlı olaraq yazır: “Bu ki­tab­lar­da top­la­nan şe­ir­lə­rin say eti­ba­ri­lə şai­­rin poe­tik ir­si­nin han­sı qis­mi­ni təş­­kil et­di­yi­ni hələ ki söy­­lə­yə bil­mi­rik, fə­qət bu şe­ir­­lər A.Bay­can poe­zi­ya­sı­nın leyt­mo­ti­vi ba­­rə­də ay­­dın və dol­ğun tə­səv­vür ya­ra­dır. Hər bir mü­ha­cir azər­bay­can­lı şa­ir ki­mi A.Bay­can po­­e­­zi­­­ya­sı­nın da ana möv­zu­su Azər­­bay­can­dır, və­­tən mə­həb­bə­ti, yurd həs­rə­ti­dir”. Doğrudan da, Alazan Baycanın şeir­ləri mövzu, məzmun baxımından nə qədər rəngarəng və çoxşaxəli olsa da, onun ya­radıcılığının aparıcı mövzusu vətənlə bağlıdır. Şairin qələmində vətən mü­cər­rəd anlayış deyil, adı, ünvanı, soydaşları, dağı, dərəsi, çayı, bulağı, tarixi, mə­də­niy­yə­ti, mənəviyyatı olan müqəddəs məkandır. Düşmən işğalında inləyən vətənin dər­di ilə baş-başa qalan, odlanan, yanan  şair hər kəsdən şikayətlidir, heç kim onun dər­dinə şərik olmur, dərdini “Söyləsəm daha yaxşı dağlardakı daşa mən” deyərək fər­yad qoparır. A.Baycan vətənə laqeyd dostları, onu yüngül əyləncəyə dəyişənləri tən­beh, tənqid edir, qınayır:

Kimi asdı türklüyü bir gözəlin telindən,

Kimi içdi şərabı düşmən qədəhlərindən,

Kimi vurdu qəlbimi sağalmayan yerindən,

Baxmaq istəməm daha nə gözə, nə qaşa mən.

(“Dostlara”)

Alazan Baycanın ictimai-siyasi lirikasının əsas tənqid hədəfi rus işğalı, rus­laş­dır­ma siyasəti, fars şovinizmi, eyni zamanda onlara köləlik edən milli satqınlardır. “Kö­nül sazından”, “Ana dili”, “Dilican yollarında”, “Vallis dağlarında”, “Rus­laş­ma”, “Bilməcə” adlı şeirlərində, “Azərbaycan satqınlarına”, “Bitdili iman”, “Qızıl şey­tan” poemalarında rus və fars rejimlərinin xalqımıza, onun milli, mənəvi də­yər­lə­rinə, dilinə düşmən münasibəti də şairin tənqid hədəfinə çevrilir. A.Baycan “Azərbaycan satqınlarına” poemasında xalqın əsirlikdən xilas olacağına ümid edir:

Milyonlarla türk, azəri,

Rusun, farsın əsirləri,

Qıracaqdır zəncirləri,

Nə mutludur azadlıqdan

Ümid duyan haqlı insan.

O həmçinin amansız bir qəzəblə milli satqınlara xitab edir: “Sən vətəni sa­tanda sevindin, zülmə, haqsızlığa etiraz etmədin, dirəniş göstərənlərə qarşı çıx­dın, indi çıx məzardan və sümürülən Azərbaycanın halına bax!” Şair boş vədlərə ina­nanları və xəyallara dalanları, xainləri, yaltaqları, “düşmənə inanıb quzeydən işıq arayan”ları, “yadlara ümid bağlayanlar”ı, Vətənin mənafeyini farsa, rusa sa­tan­la­rı layiq olduqları sözlərlə lənətləyir, soydaşlarını mübarizəyə, müqavimət gös­tər­mə­yə, onları fars, rus təsirindən xilas olmağa səsləyir:

Satılmışlar dersə, hər şeyə “bəli”,

Əlifbanı dəyişdir, “yox” de, “olmaz” de,

Nədən dəyişmədi gürcü, erməni?

“Uydurma əlifba bizə uymaz” de.

A.Baycan da mühacir yazarlar kimi Azərbaycanın istiqlala qo­vu­şa­ca­ğına inanır, ümid edir və buna görə poemanı nikbin notlarla bitirir:

Ümid bağla özgürlüyə,

Sömürgənlik bitər, bəklə!

Ey türk yurdu Azərbaycan,

Qurtulursun bir gün, inan!

Mahiyyət etibarilə xalqımızın milli-mənəvi dəyərlərinə rus işğalı və ru­s­laş­dır­m­a qədər zərərli, ondan heç də  geri qalmayan fars şovinizmi istiqlal sevd­a­lı şairin kövrək qəlbini yaralayır, onu hiddətləndirir. O, “Dilin qurusun” adlı şeirin­də yad dildə danışanları

Satma qardaşını yada!

O beyinsiz farslara!

– deyə ana dilinə doğma münasibət bəsləməyə səsləyir.

İstər klassik, istərsə də çağdaş ədiblərimizin yaradıclığında ana dili problemi hə­mişə həssas mövzulardan olmuşdur. Mühacir şair A.Baycanın poeziyasında da doğ­ma dilə tükənməz məhəbbət dərhal gözə çarpır. O, bəzən müdrik filosof kimi “Heç olurmu dilsiz vətən?” deyə dərin düşüncələrə dalır, bəzən el ağsaqqalıtək “Sat­ma öz dilini yada!”,  “Balaların dil açanda dili yad dili olmasın!” deyə soy­daş­larına nəsihət verir, bəzən ana dilini şirin sözlərlə vəsf edir: “Tatlı dildir türkün di­li, Qulaqlara o sevimli”, “Dilin, dodaqların şirin”, bəzən də qəlbinin sızıltısını mis­ralara çevirir: “Yad əlindən dərdim çox, Dilim bağlı, səsim yox”, “Bağrımı dağ­ladılar, Dilimi bağladılar”. 76 illik həyatının 50 ilini qürbətdə keçirən A.Baycan doğ­ma dilə məhəbbətini aşağıdakı misralarla gözəl izhar edir:

Ana dilin türk dilidir,

Ərdəmlidir, sevimlidir.

Oğuz dilli Azərbaycan,

Dilin gözəl rusdan, farsdan.

(“Ana dili”)

Yaxud:

Ad arasan, çoxdur, yad adı alma,

“Ov”lar, “yev”lər gülünc, onlar bizə yad.

Ana dilin gözəl, ondan ayrılma,

Balaş, Gülüş, Yaşar – nə gözəl bir ad.

(“Ruslaşma”)

A.Baycan poeziyası başdan-başa vətənə məhəbbətlə süslənmişdir. O, Al­ma­niyada çaylara baxır, Kürü, Arazı görür, dağlara, dərələrə tamaşa edir, gözünün önü­nə Dilican gəlir, gölləri seyr edir, Göygölü görür. “Qara ormanlarda” şeiri ya­zın gəlişinin, təbiətin oyanışının təsviri ilə başlayır. Ormanlarda quşlar cəh-cəh vu­rur, çaylar şırıltı ilə axır, çiçəklər göz oxşayır. Şairsə kədərlidir, vətənin acı taleyi onun qəlbini göynədir, yad ellərdə “bir dərd bilən axtarsa da, tapmır, “neyləyim, nə de­yim yad ellərinə” deyib köks ötürür. Tamaşa etdiyi göl ona doğma yurdu xa­tır­lat­sa da, ürəyi açılmır, çünki “Orda göz yaşı var, burda əyləncə”. Şair şeirini göz yaşlı mis­ralarla bitirir:

Ən böyük qayğı

Doğma torpağı

           Özgür görmədən

                                Ayrılmaq acı.

 “İsveçrədə Göygöl”, “Vallis dağlarında”, “Şinkar çayı”, “Könül sazından”, “Yurd özləmi”, “Aşığın dərdi” və digər şeirlərində də şair eyni hissi, duyğunu bö­lü­şür.

Mühacir şairin dostlarına ithaf etdiyi, yaxud Azərbaycanın ünlü xadimlərinə həsr etdiyi şeirlər də onun vətənə, onun övladlarına qırılmaz tellərlə bağlı ol­du­ğu­nu göstərir. Məhəmməd Əmin Rəsulzadəyə (“Məhəmməd Əmin Rəsulzadənin əziz ru­huna”), Mirzə Ələkbər Sabirə (“Mirzə Ələkbər Sabiri anarkən”), Səməd Vurğuna (“Sə­məd Vurğunun eşqi”), Əhməd Cavada (“Göygöl”), Mirvarid Dilbaziyə (“Könül sa­zın­dan” – III), Qulu Xəlilova (“Atam və mən”), Abbas Zamanova (“Könül sazından” – V), Nə­bi Xəzriyə (“Könül sazından” – IV), Fuad Əmircana (“Gəl” – 1941, oktyabr, İstanbul, Tak­sim) ithaf, yaxud həsr etdiyi şeirlər A.Baycanın əqidə və dünyagörüşü barədə də zəngin təəssürat yaradır.

Mühacirət ədəbi irsində erməni xisləti, tarixi cinayətləri ilə bağlı çox sayda pub­lisistik nümunələr var. Bu mövzuları poeziyada A.Baycan demək olar ki, təkbaşına öz öh­də­si­nə götürmüşdür.  Şairin vətənə olan məhəbbəti ona uzanan xain əli  və di­li sanki qılınc kimi kəsir. Mənfur erməni portreti onun  misralarında “dönük, iş­ğal­çı”, “türkü, müsəlmanı kəsən”, “çarın Qafqaza uzanmış əli”, “Qafqazın qorxunc kur­nazı”, “alış-verişdə şeytan”, “Moskvanın çirkin uşağı”, “qıyıcı, türk qanı tö­kən”, “qanlar axıdan”, “rusların azğın uşağı”, “kommunist çətəsi”, “odlu yurdun ün­lü cəlladı” kimi bənzətmələrlə cızılır. Ermənilərin himayədarı Rusiyanın Qaf­qaz­da yeritdiyi antiazərbaycan siyasətini ifşa edən şair Allaha üz tutur:

Sürgünə göndərir azəriləri,

Onların yerinə gəlir erməni.

Onlar Qarabağda, hər yerdə şimdi,

Ey Mövla, bizlərə Sən yardım eylə!

(“Köylülər Bitdilidə”) “A.Baycan. Əsərləri” kitabına şairin Hötedən, Nitsşedən tərcümə etdiyi əsər­lər, eyni zamanda professor Abbas Zamanovla yazışmaları da daxil edilmişdir. Şairin və­tənində nəşr edilən ilk kitabı ədəbi-elmi ictimaiyyətdə,  geniş oxucu kütləsində də böyük maraq doğuracaq, A.Baycan yaradıcılığının, bütövlükdə Azərbaycan mühacirət ədə­biy­yatı problemlərinin daha əhatəli tədqiqinə yardım edəcəkdir.