“Məktəb üçün deyil, həyat üçün öyrənməliyik”.
Seneka
Əslində, dünyaya gəldiyimiz andan başlayan öyrənmə ehtiyacımız həyat boyu davam edən bir prosesdir. Gündəlik həyatımızda telefonun ekranına toxunmaq kimi ən sadə hərəkətlərlə başlayan öyrənmə qabiliyyəti avtomobil idarə etmək kimi mürəkkəb bacarıqlara qədər dəyişə bilir.
Son illərdə beynin necə öyrəndiyi ilə bağlı kifayət qədər maraqlı araşdırmalar həyata keçirilmişdir. Lakin bu araşdırmalara rəğmən, beyin hələ də insan orqanizminin ən az öyrənilən orqanı olaraq qalmaqda davam edir. Araşdırmalara əsasən, söyləmək olar ki, bir çox insan beyninin yalnız 4-8%-ni istifadə edə bilir. Akademik cəhətdən uğurlu olan insanların həyatına baxdıqda görürük ki, həmin insanlar ilk növbədə öz potensial və qabiliyyətlərini kəşf etməklə yanaşı, həmçinin necə öyrənmək lazım olduğunu öyrənmiş insanlardır. İnsan beyni yarandığı gündən öyrənməyə açıqdır. Lakin ondan necə istifadə etməklə bağlı əlimizdə ciddi bir təlimat yoxdur. Zaman keçdikcə öyrənilən bilik və bacarıqlar köhnəlir və istifadəyə yarasız hala gələ bilər. Zamansız olan, köhnəlməyən isə həyat boyu ehtiyac duyduğumuz “öyrənməyi öyrənə bilməyimizdir”.
Ümumiyyətlə, biz oxumaqla, dinləməklə, görməklə, toxunmaqla-etməklə (kinestetik), həmçinin öyrədərək öyrənə bilərik. Zamanla öyrənmə qabiliyyətlərimizdən biri ön plana çıxa bilər. Bəzən isə bir neçə öyrənmə qabiliyyətimiz inkişaf etmiş olur. Elmin, texnologiyanın inkişafı fonunda müasir dövrümüzdə pedaqoqların öyrənənlərin öyrənmə texnikalarına uyğun metodlar tapmaları labüddür.
Öyrənmə tərzimiz emosional cəhətlərimizə görə formalaşır. Aktiv öyrənmə qabiliyyətimizi nə qədər tez kəşf etmiş olsaq, öyrənməkdən zövq alarıq. Yuxarıda qeyd etdiyimiz öyrənmə üsullarından biri də öyrədərək (protege effekti – şagird effekti) öyrənməkdir. Romalı filosof Seneka “öyrətdikcə öyrənirik” deyirdi. Əslində, min illərdir insanlar bilirlər ki, bir anlayışı başa düşməyin ən yaxşı yollarından biri də onu başqasına öyrətməkdir. Tarixi hələ eradan əvvələ gedib çıxan bu qədim yanaşma müasir dövrümüzdə də öz aktuallığını qoruyub-saxlamaqda davam edir.
Öyrətmək və öyrənmək sosial hadisədir. Əksər hallarda öyrədənin müəllim, öyrənənin isə şagird olduğunun şahidi oluruq. Ancaq araşdırmalar göstərir ki, öyrətməklə də öyrənmək mümkündür. Protege effekti kimi bilinən bu üsulla həm öyrədirik, həm də öyrənirik. Belə ki bildiyimiz hər hansı bir mövzunu başqasına öyrətmək istəyəndə, əslində, həmin mövzu haqqında olan məlumatları yaddaşımızda yenidən xatırlamaq zərurəti yaranır. Həmçinin mövzu ilə bağlı biliklərimizi redaktə etməyə imkanımız olur. Albert Eynşteynə görə, “Əgər hər hansı bir mövzunu kifayət qədər sadə şəkildə izah edə bilmirsinizsə, bu o deməkdir ki, hələ də həmin mövzunu özünüz də başa düşməmisiniz”.
Əslində, araşdırmalar göstərir ki, qarşı tərəfdəkini öyrətməyə çalışmaq bizi daha effektiv şəkildə öyrənməyə məcbur edir. Belə ki öyrətmək üçün öyrəndiyimiz zaman özümüz öyrənərkən istifadə etdiyimiz metodlardan fərqli metodlar istifadə edirik. Bu da materialın daha keyfiyyətli şəkildə mənimsənilməsinə səbəb olur. Aristotelə görə, “bilənlər edər, anlayanlar öyrədər”.
Öyrətmək həm də öyrənmə motivasiyasını yüksəldir. Başqa sözlə, özümüz üçün deyil, kiməsə öyrətmək üçün öyrənəndə daha çox səy göstəririk. Biz mövzunu daha yaxşı anlamağa cəhd edir, mövzu ilə bağlı olan boşluqlarımızı daha yaxşı görür və həmin boşluqları aradan qaldırmağa çalışırıq.
Beləliklə, protege, digər adı ilə şagird effekti elə bir prosesdir ki, materialı öyrənmək qabiliyyətinizi təkmilləşdirməklə yanaşı, başqalarına öyrətmək sizin ünsiyyət və liderlik bacarıqlarınızı, həmçinin özünə inam kimi müsbət xüsusiyyətlərinizi inkişaf etdirə bilər.
Şagird effektindən istifadə etmək üçün materialı kiməsə öyrədirmiş kimi öyrənmək lazımdır. Kiməsə öyrədirmiş kimi davranmalı və ya real həyatda kiməsə öyrətməlisən. Bu texnikaları istədiyiniz kombinasiyada istifadə edə bilərsiniz.
Şagird effektindən istifadə etmək istədiyinizdə nə qədər çox öyrətməyə meyilli olsanız, bir o qədər çox nəticə əldə etmiş olarsınız. Ancaq unutmamaq lazımdır ki, hər hansı bir metodun tətbiqi zamanı sərf olunan vaxt və enerji əldə etmək istədiyiniz potensial nəticə ilə tarazlaşmalıdır.
Yekun olaraq söyləyə bilərəm ki, ətrafınızdakılar mövzunu öyrənməyə cəhd etdiyi halda, siz necə öyrətməyi öyrənərək məsələni öz xeyrinizə dəyişə bilərsiniz. Bu Sizi onlardan fərqləndirəcək ən önəmli özəlliklərdən biri ola bilər.