Xəbərlər

Özbəkistan alimləri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyası ilə tanış olublar

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəxri qonaqları – Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini professor Sürəyya Kərimova və Klassik ədəbiyyat şöbəsinin müdiri dosent Səlimxon Eşonova Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

“Füyuzat” xəbər verir ki, bu barədə muzeydən məlumat verilib.

Bildirilib ki, qonaqlar məşhur özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin türkdilli ədəbiyyatın inkişafındakı rolu, Nizami “Xəmsə”sinə nəzirə yazması barədə məlumat alıblar.

Özbəkistan alimləri iki ölkə arasında ədəbi əlaqələr barədə fikirlərini bölüşüb, Nəsimi və Füzuli yaradıcılığından nümunələr səsləndiriblər. Onlar Özbəkistan-Azərbaycan arasında elmi, ədəbi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə, qardaş ölkələrin ortaq türk mədəniyyətinə töhfələr verəcəyinə əminliklərini bildiriblər.