Xəbərlər

Özbəkistanlı tələbələr “Azərbaycan mədəniyyətinin yay məktəbi” çərçivəsində ölkəmizdədir

Mədəniyyət Nazirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində bir qrup özbək tələbə ölkəmizə səfər edib.

“Füyuzat”ın məlumatına görə, mərkəzdən bildirilib ki, iyulun 18-dək davam edəcək yay məktəbinin ilk günündə iştirakçılar Gəncə şəhərinin tarixi və mədəni məkanlarını ziyarət ediblər.

Proqram çərçivəsində özbəkistanlı gənclər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi Muzeyi, eləcə də Gəncə Memorial Kompleksi ilə yaxından tanış olublar.

Ziyarətlər zamanı iştirakçılara dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı, zəngin ədəbi-fəlsəfi irsi, dünya ədəbiyyatına və bəşəri fikir tarixinin inkişafına verdiyi mühüm töhfələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, şairin anadan olmasının 885-ci ildönümü münasibətilə həyata keçirilən tədbirlər və onun irsinin beynəlxalq miqyasda təbliği istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Gəncə Memorial Kompleksində iştirakçılara 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması və bu hücumların dinc əhali üçün doğurduğu faciəvi nəticələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış kompleks raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsinin əbədiləşdirilməsinə, həmin faciələrlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.

Yay məktəbi çərçivəsində özbəkistanlı gənclərin iştirakı ilə konsert proqramları və müxtəlif mədəni tədbirlər təşkil olunacaq. Proqram çərçivəsində iştirakçıların tarixi-mədəni abidələrə, muzeylərə və Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən mühüm obyektlərlə tanışlığı nəzərdə tutulur. Yay məktəbi özbəkistanlı gənclərin Azərbaycan haqqında biliklərinin genişləndirilməsi, ölkəmizin tarixi və mədəni irsinin təbliği, həmçinin Azərbaycan–Özbəkistan mədəni-humanitar əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.