Günel Natiqqızı Kültür-sənət Xəbərlər

Pəncərəyə qonan nəğmələr

Aylar keçər, il dolanar,
Yenə qəlbim səni anar…

İllərin bizi cismən ayırdığı, qəlbimizdə yaşayanları xatırladan nəğmələr həm də sözlə ifadə edə bilmədiyimiz duyğularımızın tərcümanı olur. Elə həmin nəğmələrə ruh verib onları yaddaşımıza həkk edən ifaçılar da… Sənəti ilə xatirələrdə iz qoyan unudulmaz Mirzə Babayev kimi.

Memarlıq üzrə ali təhsil almış Mirzə Babayev həm də Bakıda və ölkəmizin digər şəhərlərində bir çox binaların, muzeylərin layihə müəllifidir. Bəs bu iki peşə necə bir araya gəlir? Əslində, o, hər zaman ilk peşəsinə sadiq qalır. İfa etdiyi nəğmələrlə könüllərdə “pəncərəyə qonan çiçəklər”dən bir “Möcüzələr adası” qurur:

Pəncərəmə qondu çiçək,
O çiçək məndim.

Dinləndi ağ ləpələr,
Əsən külək, dinən külək,
Coşan külək – məndim…

İfaları ilə gözləməyin, nigaranlığın ən zərif məqamlarına toxunur, səsi ilə həsrəti rəsmini çəkir. Elə özünün də ən çox sevdiyi “Telefonçu qız” bədii filmində səslənən “Gəlmədi” mahnısındakı kimi:

Gəlmədi, gəlmədi,
Düşündüm nə söylədim ki, onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi,
Ürəyim sevərdimi, gözlərim görməsəydi?

Onun nəğmələrində təkcə həsrətin deyil, təbiətin də ətrini duya bilirik. Bəzən baharın səsi gəlir həmin ifalardan:

Güllər üstə uçan, qaçan
Bir qayğısız kəpənəkdin,
Çiçəklərin ürəyində
Sən ən şirin bir diləkdin.
Sorağını gül-çiçəkdən
Dalınca mən, gördüm yoxsan…

Bəzən isə onlarda payızın kədərli, süzgün baxışını duyuruq:

Unut məni payızda,
Baharda unut – dedi.
Könlündən uzaq eylə
Dərdi, qəmi, kədəri.

Düşürsən yadıma,
Yağanda yağışlar.

Bağışla, gözəl yar,
Bağışla… Bağışla…

Və ən çox iki ruhun bir bədəndə necə var olduğundan danışır Mirzə Babayevin ifaları:

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşıyaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Mirzə Babayev deyəndə qəlbimizdə səslənən ilk nəğmə isə “Limanda” olur. Uşaqlıqdan eşitmiş olduğum “Limanda”nın dərinliyini indi daha yaxşı anlayıram. Çünki o da “anamın mətbəx qeydləri” ilə baş-başa qalmaq üçün üz tutduğum mavi dalğalı dostumla birgə ən yaxın sirdaşıma çevrilir:

Bir səhər bir liman, sən idin, bir də mən,
Sən getdin, tək qaldı
Bir liman, bir də mən…

Bəlkə də nəğmələr ayrılığın ölçüsünü tapa bilməz. Ancaq tək qalanda ruhunu qucaqlayan bircə o olar. Demək olar ki, hər gecə pəncərə kənarında duranda atamın otağından süzülüb gələn o tanış, həzin Mirzə Babayev səsi kimi…

Məni atıb yenə getdin,
Qocalıqda qaldım yetim.
Bu dünyanı sən etdiyin,
Bərbadına qurban olum…