Xəbərlər

Politico: ABŞ İsraili İrana cavab verməzdən əvvəl fasilə verməyə çağırır

Birləşmiş Ştatlar İranın hücumuna mümkün cavab qərarı verməzdən əvvəl İsrailə “nəfəs almağı” tövsiyə edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

“Əgər İsrail İrana cavab vermək qərarına gəlsə, cavab proporsional olmalı və eskalasiyanın bu dövrünü tamamlamalıdır. Amerika rəsmiləri İsraili genişmiqyaslı silahlı hücuma keçməkdənsə, İrana təmkinlə cavab verməyə inandıracağına ümid etdikləri addımlar atır”, – məlumatda qeyd edilib.

Nəşrin məlumatına görə, ABŞ ordusu İsraili İran tərəfindən atılan raket və pilotsuz təyyarələrdən müdafiə etməyə kömək edib. Başqa bir ABŞ rəsmisi isə qəzetə deyib: “Plan həmişə onlara mümkün qədər özlərini qorumaqda kömək etmək, zərəri məhdudlaşdırmaq olub ki, onlar yenidən cavab vermək məcburiyyətində qalmasınlar”.

“ABC News” daha əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lernerə istinadən bildirib ki, İsrail hakimiyyəti yaxın günlərdə İranın İsrail ərazisinə hücumuna cavab tədbirləri ilə bağlı qərar verəcək. Onun sözlərinə görə, İsrail rəhbərliyi ya aprelin 15-də, ya da yaxın günlərdə sonrakı addımlar barədə qərarlarını qətiləşdirəcək.