Xəbərlər

Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu mövzusunda toplantı keçirilib

Milli QHT Forumunda Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu mövzusunda toplantı keçirilib.

“Füyuzat”ın məlumatına görə, toplantıda Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Toplantı ərzində QHT rəhbərlərinin Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu ilə bağlı fikir və təklifləri dinlənilib, mövzu ilə bağlı məsləhətləşmələr aparılıb.

Tədbirə açılış sözü ilə başlayan Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə qeyd edib ki, Qərbi Azərbaycan məsələsi öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın haqlarını, həmçinin tarixi ədaləti bərpa etmək baxımından olduqca zəruridir. O həmçinin vurğulayıb ki, tarixə obyektiv qiymət vermək baxımından və Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün QHT-lər də önəmli rol oynaya bilər və bunun üçün addımlar atmaq lazımdır.

Daha sonra söz alan “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov Ermənistanda məhv edilən tarixi Azərbaycan abidələrinin acı taleyindən bəhs edib, soydaşlarımızın haqlarının sübuta yetirilməsi üçün həmin abidələrin canlı mədəni irs nümunələri olduğunu bildirib. F.İsmayılov əlavə edib ki, qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi üçün indiki Ermənistan ərazisindəki tarixi mədəni irs nümunələri, həmçinin o dövrün görkəmli alimləri yaxşı araşdırılmalı, həm Azərbaycan cəmiyyətinə, həm də bütün dünyaya tanıdılmalıdır. Beləcə, sübut edilməlidir ki, bu ərazilər tarixi Azərbaycan əraziləri olub və son əsrdə belə bu ərazilərdə azərbaycanlılar yaşayıblar.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev isə Qərbi Azərbaycana qayıdış məsələsində QHT-lərin oynayacağı rola toxunub, bu istiqamətdə vacib qərarların verilməsi və addımların atılmasının zəruri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun direktoru Pərviz Əmirov belə tədbirlərin vacib olduğunu vurğulayıb və əlavə edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi günümüz reallıqlarında olduqca vacib hal alıb. O qeyd edib ki, xüsusilə Qarabağ zəfərindən sonra xalqımızın uğradığı haqsızlıqların aradan qaldırılması üçün ideal zəmin yaradıb və bu, növbəti uğurlara stimul olub. P.Əmirov əlavə edib ki, MİMTA Fondu olaraq növbəti addımlara dəstək verməyə hazırdırlar.

Daha sonra digər QHT rəhbərləri və qonaqlar öz fikirlərini bölüşüb və hər kəsə uğurlar arzulayıblar.