“World Business Centre”də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) təsis etdiyi “RAMİZ ƏSKƏR – TÜRK DÜNYASINA XİDMƏT ÖDÜLÜ”nün qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda CASCFEN-in Türk dünyası istiqamətində fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsi təqdim edilib.
Füyuzat”ın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkili Vüqar İskəndərov, Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu, QHT rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açılış sözü ilə başlayan CASCFEN sədri Nadir Azəri gələn qonaqları salamlayaraq ödülü təşkil etmək məqsədlərindən danışıb. Ramiz Əskərin yaradıcılığına toxunan N.Azəri onun adının təkcə Azərbaycanda deyil, bütün türk yurdlarında elmə məlum olduğunu və bütün fəaliyyətini Türk dünyasının birliyinə həsr etdiyini bildirib.
Daha sonra söz Mətbuat Şurasının sədri Rəşad Məcidə verilib. O da öz növbəsində tədbirdə iştirak edən qonaqları salamlayıb, tədbirin əhəmiyyətini qeyd edib. R.Məcid vurğulayıb ki, belə tədbirlər türk birliyinə, bu yolda əmək sərf etmiş şəxsləri daha yaxşı tanımağa və araşdırmağa imkan verir.
Tədbirdə çıxış edən millət vəkili Vüqar İskəndərov türk dünyasında birliyin əhəmiyyətinə diqqət çəkərək bu istiqamətdə fəaliyyət göstərən hər kəsə təşəkkür edib. O, başda Ramiz Əskər olmaqla Türk dünyasının həmrəyliyi istiqamətində çalışan hər kəsi təqdir edib, hazırda fəaliyyət göstərən araşdırmaçılara uğurlar diləyib.
Çıxış üçün söz Azər Həsrətə verilib. O, hələ gənc yaşlarından Ramiz Əskərlə qarşılaşdığını, onun təcrübələrindən istifadə edərək öz bilgi və təcrübələrini artırdığını xatırlayaraq mərhumun Türk dünyasının həmrəyliyi istiqamətindəki fəaliyyətini xüsusi vurğulayıb.
Həmçinin mərhumun bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər də çıxış edib və qardaşının fəaliyyətinə qısa nəzər salaraq qonaqları məlumatlandırıb.
Daha sonra ödül qazanan 8 QHT-yə mükafatlar təqdim olunub.
Qeyd edək ki, Türk dünyasının həmrəyliyi istiqamətindəki fəaliyyətinə görə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu da ödülə layiq görülüb. MİMTA Fondunun mətbu orqanı olan “Füyuzat” dərgisinin elektron televiziyası “FÜYUZAT tv” isə media sahəsində dəstəyinə görə təşəkkürnamə ilə mükafatlandırılıb.


