Xəbərlər

Rusiya və Misirin xarici işlər nazirləri Qəzzadakı böhranı müzakirə ediblər

Misirin xarici işlər naziri Sameh Şükri rusiyalı həmkarı Sergey Lavrov ilə Qəzza zolağındakı böhranın həlli yollarını müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Misir və Rusiya Federasiyasının xarici işlər nazirləri tərəfindən müzakirə edilən əsas mövzu Qəzza zolağındakı vəziyyət və onun həlli yolları olub. Şükri Lavrova atəşkəsin təmin edilməsi və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi, habelə fələstinlilərə yardım məqsədilə Qahirə və Dohanın göstərdiyi vasitəçilik səyləri barədə danışıb”, – məlumatda bildirilib.

Misirin xarici işlər naziri rusiyalı həmkarına beynəlxalq hüquqa uyğun olaraq münaqişə tərəfləri arasında sülh danışıqlarının canlandırılmasını dəstəklədiyinə görə təşəkkür edib.

Şükri həmçinin qeyd edib ki, ölkəsi Rusiyanın BRİCS çərçivəsində təşkil etdiyi tədbirlərdə iştirak etməkdə son dərəcə maraqlıdır və qrupun hazırkı sədri kimi Rusiya Federasiyasının müxtəlif səviyyələrdə keçirilən görüşlərində iştirak etməyə çalışacaq.