Elmin Nuri Köşə Yazıları

Şagird və valideynlər üçün gecikən “qırmızı kart”lar

Biz o qədər də uzaq olmayan keçmişdə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nı bəh-bəhlə ictimai müzakirələrə çıxarmış, bir neçə ay bu təlimatla bağlı bitib-tükənməyən rəylər selində məktəbi az qala tədris yox, birbaşa təlim-tərbiyə düşərgəsi kimi qəbul etmişdik.

Unudulubsa, (hərçənd ki, belədir) bir-iki detalı vurğulayaq. Təsəvvür edin ki, həmin qaydalarla bağlı təlimatlarda şagirdin ev tapşırığını hazırlamaması belə davranış pozuntusu sayılırdı. Hələ bu harasıdır; dəhlizdə bərk qaçmaq, üzrsüz səbəbdən dərsə gecikmək, hətta pəncərədən çölə əyilmək, sürahilərin üzərindən sürüşmək və s. kimi hallar da şagirdin şəxsi işinə yazılacaq davranış pozuntuları kimi təqdim olunmuşdu. Söz vaxtına çəkər, təxminən iki il bundan əvvəlin aramsız təhsil müzakirələrində, xüsusən də ev tapşırığı ilə bağlı davranış pozuntusu faktı valideynləri özlərindən çıxardı.

Vaxtınızı almadan deyim ki, ümumiyyətlə, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”larda şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə 5 səviyyə üzrə müəyyənləşdirilmişdi:

Birinci səviyyəyə – yüngül dərəcəli qayda pozuntularına üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq daxil idi ki, az öncə elə bu barədə danışdıq. İkinciyə – orta səviyyəli qayda pozuntularına nə qədər qəribə də olsa, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s. aid edilmişdi.

3-5-ci səviyyə ciddi və ağır qayda pozuntuları hesab olunurdu ki, bura başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s. detallar şamil edilmişdi.

Gördüyünüz kimi, birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır ki, müzakirə olunan son olaylarda elə onların nişanələri öz əksini tapır.

Hələ tələsməyək, bir yenilik də edilmişdi: qaydalara əsasən, ilk dəfə olaraq Azərbaycan məktəblərində davranış qaydasının pozulması ilə bağlı şagirdə sarı, narıncı və qırmızı məktub veriləcəkdi. Bu məktub həm şagirdin valideynlərinə göndərilməli, həm də məktəbdəki şəxsi işinə əlavə edilməli idi. Məsələn, kiməsə davamlı olaraq qırmızı məktubun verilməsi o deməkdir ki, artıq bu şagirdlə bu səviyyədə çalışmaq faydasızdır. Bu halda yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara müraciət edilə bilər. Eyni zamanda polis idarələrində yetkinlik yaşına çatmayanlarla bağlı işlərə cəlb olunan inspektorlar, müfəttişlər də prosesə cəlb oluna bilər.

Hə, bir də yaşıl kart da var idi ki, o digərlərindən fərqli olaraq davranışına görə yoldaşları üçün nümunə olan şagirdə verilməli idi.

Çox uzatmadan əvvələ qayıdaq. Təlimat sonradan ictimai müzakirəyə göndərildi və müəyyən dəyişiklərdən sonra ölkə məktəblərində tətbiq ediləcəyi ilə bağlı məlumat da verildi. Bəs sonrası? Təəssüf ki, biz ümumiyyətlə, hansı qaydaların təlimatdan çıxarılıb-çıxarılmamasından tam xəbərsiz qaldıq. Halbuki təhsil ictimaiyyəti, müəllim və valideyn kəsiminin bunları ən xırda detalınacan bilmək haqqı var idi. Rəngli kartların sorağı ümumiyyətlə eşidilmədi. Şəxsən mənə maraqlıdır, xüsusən də o yaşıl kartın axırı, görəsən, necə oldu? Hələ o birilərini bir kənara qoyaq, sırf yaşıl kartın şəffaflıq şəraitində təqdimatına biz tam inana bilərikmi? Nə isə, bu, sonranın mövzusudur. Zaman gələr, buna da toxunarıq. Qaydalar isə təəssüf ki, pilot layihə olaraq, ölkədəki 4532 orta məktəbin ilk ildə yalnız 62-də tətbiq olunmağa başlandı. Necə tətbiq olundu, hansı qaydalar işə yaradı, bu barədə əlimizdə təəssüf ki, faktlar heç yoxdur.

Amma və lakin… Zaman bizə nəyi göstərdi? Əlahəzrət zaman bizə onu göstərdi ki, bəli, şagird davranış qaydaları ilə bağlı təlimatlar pilot deyil, birbaşa qərar əsasında bütün orta təhsil müəssisələrimizdə tətbiq olunmalı idi. Doğrudur, bir çox yerlərdə ifrata varılsa da, pəncərədən bayıra baxmağı, ev tapşırığını yazmamağı şagird adına davranış pozuntusu saysa da, bu qaydalar məktəblərimizdə mütləq ayaq tutub yeriməli idi. Bu gün bir məktəbin qarşısında 11-ci sinif şagirdi 8-ci sinifdə oxuyan məktəblini bıçaqla qətlə yetirirsə, həmçinin, ötən il məktəb daxilində təhsilalanı döyərək onu telefonla çəkirlərsə, deməli, biz qırmızı kartların verilməsinə elə çoxdan gecikmişik.

Təbii ki, təlimatlardakı qaydaların hər birinin icrası nəzəri cəhətdən belə mümkün ola bilməzdi. Çünki qərara əsasən, hər məktəb bu təlimatla bağlı öz daxili qaydalarını tətbiq edə bilərdi. Bunu isə müəllimlər həyata keçirəcəkdi. İndi təsəvvür edək, belə olduğu halda, müəllim davranışa (hətta şagirdin dəhlizdə sürətlə qaçışına) cavabdehlik daşıdığı üçün öz fənninin tədrisindən çox, məktəbdaxili davranış qaydalarının qorunmasına vaxt sərf edəcəkdi. Nəticədə təlim-tərbiyə meyarı tədris amilini üstələyəcəkdi. Sözsüz ki, rəhbərlik də bu qaydaların tələbinə uyğun olaraq, şagirdlərin davranış pozuntularının qarşısını almaq və uyğun tədbirlərin görülməsinə xeyli zaman sərf edəcəkdi, nəticədə isə tədris meyarı öz nüfuzunu daha da zəiflətmiş olacaqdı. Bu isə onsuz da güclü olan və təhsilimizi məhvə aparan repetitorluq institutuna meyillənməni daha da artıracaqdı. Amma bəlli qaydaların təlimata əsasən tətbiqi təhsildəki əsas problemlərdən birinin – məktəbdaxili nizam-intizamın yaxşılaşmasına sözsüz ki, yardımçı olacaqdı.

Hörmətli təhsil rəsmiləri, sizcə, artıq şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqinin vaxtı çatmayıbmı?

Yəqin ki, unutmamısınız, qaydalar müzakirəyə çıxarılanda ən çox etiraz edənlər də məhz valideynlər oldular. Medalın o biri üzünə baxaq: bu gün etiraz edən valideynin özü övladının oxuduğu məktəbdə nizam-intizamın, normal davranışın qorunması ilə bağlı hansı addımı atıb?

Bugün, təəssüf ki, məktəblərdə vətəndaş nəzarəti mexanizmini yerinə yetirməyə borclu olan valideyn komissiyaları fəaliyyət proqramının tam əksi üzrə hərəkət edir. Onların əsas işi müxtəlif təqvim günlərində müəllimlər üçün pul toplamaq, ad günləri və bayramlarını mütləq mənada təbrik etmək üçün qeyri-loyal addımların təşkilatçısı olmaqdır. Tədris və təlim prosesinin yaxşılaşdırılması adına həmin valideyn komissiyalarının faydalılıq dərəcəsi nə yerdədir? Bunun özü də bir başqa problemdir!

Təhsil mahiyyət etibarilə azadlığı sevsə də, o bəlli qadağalar olmadan inkişaf edə bilməz. Bir sirri də açım: dünyanın hər hansı ölkəsində təhsildə tətbiq olunan qadağa oranın tədris mühitinin güzgüsü rolunu oynayır. Məsələn, Almaniya məktəblərində şagirdləri izləmək üçün xüsusi cihazlardan istifadə olunur. Onların məktəbdə hansı yeməyi yediyini, yeməkxanadan nə aldığını və harada olduğunu izləmə imkanı verən tətbiqdən, əsasən, məktəb rəhbərliyi və valideynlər istifadə edir. Bu isə məktəbli formalarının ətəklərinə taxılan xüsusi cihazlar vasitəsilə baş tutur. Qadağanın mahiyyətindəki gözəlliyə baxın!

Həmçinin, İngiltərə məktəblərində şagirdlərdən ikisinin yaxın dost olması qadağan edilib. Çünki təhsil biliciləri digər şagirdlərin belə dostluqlardan əziyyət çəkdiklərini, özlərinə qapandıqlarını bildirirlər. Onların dediyinə görə, bu qadağa uşaqların bir-biri ilə daha çox ünsiyyət qurmalarına və tez sosiallaşmalarına səbəb olur.

İngiltərədə həmçinin müəllimlərə tətbiq olunan qadağalar da mövcuddur. Məsələn, onların imtahan vərəqlərini yoxlayarkən qırmızı qələmdən istifadə etməsinə icazə verilmir. Yazıdakı bu rəngin şagirdlərə həddindən artıq mənfi təsir göstərdiyini və onlarda inamsızlıq formalaşdırdığını iddia edirlər. Buna görə də İngiltərə məktəblərində müəllimlər yaşıl mürəkkəbli qələmlərdən istifadə edirlər.

Amerikada bir neçə əyalətdə şagirdlərin məktəbə çanta ilə daxil olması qadağandır. Çünki orada məktəb ləvazimatları ilə doldurulmuş çantaların uşaqların sağlamlığı üçün zərərli olduğu düşünülür. Qadağaların da məhz beləsi lazımdır.. Eybi yox, bizim əlimizdə olan qadağamız qırmızı kartdırsa, heç olmasa onu, “özümüzə göstərməyək”…

Nə etməli?

Problem elə bir nəsnədir ki, onu ən çox elə yaşayanlar bilir. Bugün şagirdin problemini onun özündən, müəllimi və valideynindən yaxşı bilə bilmərik. Vacib olan bu kimi çatışmazlıqların aradan qaldırılması üçün təklif və rəylərin, həll yollarının irəli sürülməsidir. Bu gün orta təhsil müəssisələrində nizam-intizam amilini gücləndirmək, davranış pozuntularının kəmiyyət və dərəcəsini azaltmaq üçün, fikrimcə, bir neçə təklif mütləq həyata keçirilməlidir:

Birincisi, yuxarıda da dəfələrlə dediyimiz kimi, şagird davranış qaydaları ilə bağlı təlimatlar yumşaldılaraq bütün məktəblərdə tətbiq olunmalıdır.

“Məktəblinin dostu” layihəsinin coğrafiyası daha da genişləndirilməli və bir məktəb daxilində onlara ayrılan ştat yerləri artırılmalıdır. Əks halda, müəllim öz dərsini qoyub ancaq təlim-tərbiyəyə nəzarət edəcək.

Valideyn komissiyaları yenidən və tam fərqli qaydalar əsasında formalaşdırılmalıdır. Yeni tərkib bayramlarda pul yığımlarından tutmuş, məktəblərdə bullinq və mobinq məsələlərinə, şagirdlərin davranış pozuntuları və onların səbəb olacağı neqativlərə xüsusi nəzarət etməlidir.

Deviant, yəni çətin tərbiyə olunan şagird qrupları ilə işləmək üçün ayrıca proqram hazırlanmalı və bu cür uşaqlar ümumi siniflərdən müəyyən müddətə təcrid olunmaqla proqrama qatılmalıdırlar. Etiraf edək ki, məktəblərdəki neqativ, xoşagəlməz olayları yaradanlar, təbii ki, bu qrupa aid şagirdlərdir.

Həmçinin məktəb psixoloqlarının faydalı iş əmsalı xüsusi olaraq yoxlanmalı, onlar üçün zəruri şərait yaradılmalıdır. Bugün, təəssüf ki, məktəblərdə hər 500 şagirdə qaydalara görə cəmi 1 psixoloq düşür. Bu kəmiyyətin qarşısında keyfiyyətdən danışmaq, məncə, absurd olar. Üstəlik, həmin psixoloqun iş kabinetinin də olmamasını xüsusi vurğulamalıyıq.

Təklifləri, təbii ki, artırmaq da olar. Amma çətini başlamaqdır. Əks halda, biz qırmızı kartları təhsilimizə zərər vuran şagirdlərin əvəzinə, təhsilimizin özünə “göstərməli” olacağıq…