Elmin Nuri Köşə Yazıları

Şagirdlərimizin PISA uğursuzluğu – Tətbiqsiz tədrisin acı taleyi

Giriş üçün

Dekabrın 5-də PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlandı.

Ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib. Riyaziyyat üzrə nəticələrə görə, ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb.

Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

PISA 2022 tədqiqatı üzrə iştirakçı ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. Xüsusilə riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son on ilin ən böyük geriləməsi qeydə alınıb. Belə ki, riyaziyyat üzrə ümumilikdə 57 ölkə, oxu üzrə isə 54 ölkə geriləmə ilə yadda qalıb. Hesabata əsasən, geriləmənin əsas səbəbi kimi koronavirus (COVID-19) pandemiyası qeyd edilib. Pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.

Bir az PISA barədə

PISA (The Programme for International Student Assessment) – Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşa kimi) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlu proqramlardan biri olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən layihədir. PISA ölkələr üzrə ümumi təhsilin keyfiyyətinin monitorinqini aparır. Bu proqram 2000-ci ildən etibarən 3 ildən bir keçirilir və proqrama qatılan ölkələrdən 100 minlərlə şagird cəlb olunur. Şagirdlər 3 məzmun xətti üzrə dəyərləndirilir: Riyaziyyat, oxuyub-anlama və ya oxu məzmun xətti və təbiət elmləri…

Əsas məqsəd isə bir suala cavab tapmaqdır: 15 yaşındakı şagird müasir cəmiyyətdə tam fəaliyyət göstərməsi üçün zəruri olan təhsil, ümumi bilik və bacarıqlara malikdirmi?

Azərbaycan indiyə kimi bu proqramda 4 dəfə iştirak edib – 2006 və 2009-cu illərdə. 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerə sahib olmuşuq. 2018-ci ildə isə 79 ölkə arasında 61-ci yerlə kifayətlənmişik.

Sonuncu, 2022-ci il üçün isə nəticələr dünən elan edildi. Qiymətləndirmədə iştirak edən şagirdlərimiz Riyaziyyat üzrə 397, oxuyub-anlama üzrə 365, təbiət elmləri üzrə isə 380 ballıq nəticə göstəriblər. Açığı, toplanılan nəticə, sıralanmadakı mövqe heç də ürəkaçan hesab edilməməlidir.

Şagirdlərimizin PISA nəticələrinə aid vacib qeydlər

Əvvəlcə onu qeyd edək ki, təəssüf ki, beynəlxalq qiymətləndirmədə Azərbaycanı təmsil edən şagirdlərin hamısı Bakı məktəbliləridir. Ümumiyyətlə, PISA-ya müraciət etdiyimiz bundan əvvəlki 3 mərhələdə də bu tendensiya qorunub. Xatırladaq ki, Azərbaycanda hazırda 4532 məktəb var ki, bunlardan yalnız 329-u paytaxt Bakıda yerləşir. Həmin 329 məktəbin təxminən yarısında təhsil alan bir qisim şagird qiymətləndirmədə iştirak edib. Bu isə bir o qədər də şəffaf mexanizm hesab edilməməlidir. Çünki ölkə təhsilinin ümumi mənzərəsini işıqlandırmaqdan ötrü qiymətləndirmədə regionları da təmsil edən şagirdlərin iştirakı mütləq idi. Sözsüz ki, o zaman bizim hər 3 meyar üzrə göstəricilərimiz daha aşağı olacaq və reytinqdəki mövqe dəyişəcəkdi. Amma problemin hərtərəfli tədqiqi üçün buna getmək məqbul sayılmalı idi.

Nəticədə beynəlxalq qiymətləndirmə proqramının rəsmi saytında nəticələrimiz Baku (Azerbaijan) başlığı altında işıqlandırıldı.

Şagirdlərimizin göstərdikləri nəticələrlə bağlı bir neçə detal:

1. Riyaziyyat meyarı üzrə şagirdlərimizin yalnız 38 faizi 2-ci səviyyə biliyinə nail olub. İkinci səviyyə üzrə orta hədd PISA göstəricisi isə 69 faizdir. Bu kateqoriyada 38% gerilik müşahidə olunur;

2. Şagirdlərimizin riyaziyyatdan topladıqları bal 380-dir (2018-ci ildə bu göstərici 420 bal olub). Amma orta PISA balı isə 485 bal hesab olunur. Bu göstəricilərlə 2018-ci ildəki nəticələrdən də geri qalırıq. 2018-ci ildə bu göstəricilər elan olunanda böyük rezonans yaratmışdı ki, biz niyə o durumdayıq. Təhsil ictimaiyyətinin, ekspertlərin iştirakı ilə xüsusi görüşlər keçirildi, müzakirələr aparıldı, media bu barədə dəfələrlə yazdı. Halbuki PISA-da 2018-ci ildə əldə etdiyimiz riyaziyyat və oxu üzrə göstəricilərimiz indikini üstələyir;

3. Oxu məzmun xətti üzrə qiymətləndirilmə meyarı baxımından 2018-ə nisbətən 24 bal itirmişik. Bu meyar üzrə ən çox xal itirən ölkələrdən biri də Azərbaycandır;

4. Qiymətləndirmədə iştirak edən şagirdlərimizin cəmi 1 faizi riyaziyyat üzrə 5-ci səviyyə biliyinə nail olmağı bacarıblar. PISA-nın bu səviyyə üzrə ortaq göstəricisi isə 9 faizdir;

5. Qiymətləndirmədə iştirak edən şagirdlərimiz arasında qızlar riyaziyyat və oxuyub-anlama üzrə göstəricilərə görə oğlanları qabaqlayır. Riyaziyyat üzrə bu üstünlük göstəricisi 7, oxuyub-anlama üzrə isə 37 faizdir;

Gələcəyə baxış və təkliflər

Təhsil universal bir sahədir. O, öz gələcəyi ilə bağlı söz edəndə “ümid” deyil, “hədəf” kateqoriyasını diktə edir. Həqiqətən də, uğurlu təhsili formalaşdırmaq üçün uğurlu hədəf konsepsiyasının olması vacibdir. Beynəlxalq Şagird Qiymətləndirmə Proqramındakı göstəricilər, daha doğrusu, boşluqlar təhsilimizin yeni hədəf konsepsiyasının vacibliyini üzə çıxarır. Təsadüfi deyil ki, abituriyentlərin buraxılış imtahanlarında da, demək olar ki, PISA-dakı məzmun xətləri dəyərləndirilir. Dövlət İmtahan Mərkəzinin hər il IX siniflər üçün təşkil olunan buraxılış imtahanlarının nəticələri ilə bağlı hazırladığı hesabatda məzmun xətləri ilə bağlı maraqlı təhlillər ictimaiyyətə təqdim olunur. Təəssüf ki, o təhlillərə əsasən, xüsusən də Riyaziyyat-Həndəsə məzmun xətti üzrə durum o qədər də ürəkaçan deyil. Şagirdlərin əsasən açıq, situasiya tipli test tapşırıqlarına cavab verə bilməmələri bir çox mətləbləri özündə əks etdirir. Bu məzmun xətti hadisələrə analitik yanaşma, problemin həlli zamanı sərgilənən strateji planlama, hadisələrin bir-birilə zəncirvari əlaqələndirmə konsepsiyası və s. kimi həyati tətbiq elementlərini özündə əks etdirir.

Məktəb bu gün məzmun xətlərini həyati tətbiq bacarıqları üzərində qurduqda şagirdi cəmiyyətə qazandırmış olacaqdır. Təəssüf ki, bizdə uzun illər əsas dominant qüvvə sayılan qəbul sistemi məktəbin məzmun keyfiyyətlərini geridə qoymağı bacarıb.

PISA-da qazanılacaq gələcək uğurun ilkin səbəbi isə məktəbi özünə və öz mahiyyətinə qaytarmaqdır.