Rusiyanın Ukraynada başlayan işğal əməliyyatları ilə dünyada yeni qütbləşmə başladı. Bu qütbləşmənin adını qısaca “Təkqütblü dünyadan çoxqütblü dünyaya keçid” kimi ümumiləşdirə bilərik.
Ancaq Rusiyanın üzərinə götürdüyü bu böyük missiyada uğursuz olması “Təkqütblü dünyadan çoxqütblü dünyaya keçid”i başqa məcraya Şərq–Qərb qarşıdurmasına daşıdı və artıq dünya “Soyuq müharibə” illərində olduğundan daha riskli siyasi-hərbi müstəviyə daxil oldu.
Belə ki, Ukraynada hərbi əməliyyata başlayan Rusiya siyasi elitası, yaxud ona yaxın mərkəzlər iddia edirdi ki, 2-3 üç gün ərzində Ukrayna nəzarət altına alınacaq, beləcə, Rusiya Qərbə yaxınlaşan keçmiş post-sovet ölkəsini yenidən özünün hegemonluğu altına qaytaracaqdı. Bu həm də onunla nəticələnəcəkdi ki, Rusiya dünya üzərində itirdiyi hakim söz sahibliyini bərpa edəcək, yeni bir güc mərkəzi olacaqdı. Bu mərkəz dünyanın idarəsində ikinci güc qütbü demək idi…
Amma bütün bu planlar suya düşdü. Ukraynadakı əməliyyatlar nəinki 2-3 günə uğurla tamamlanmadı, artıq il yarımdır ki, davam edir. Uğursuzluq Ukraynanı Qərbə daha da yaxınlaşdırdı, hətta Ukraynanı Qərbdən asılı hala saldı. Müharibə uzandıqca tərəflərin maddi va texniki təminatında əskikliklər ortaya çıxmağa başladı. Ukraynada yaranan çatışmazlıqları Qərb dairələri tamamladığı halda, Rusiyanın köməyinə İran çatdı. Qeyri-rəsmi məlumatlara görə, Rusiyaya Şərqdəki digər dövlətlər də gizli yollarla maddi-texniki dəstək verirlər.
Xülasə, Rusiyanın “Təkqütblü dünyadan çoxqütblü dünyaya keçid” və özünü yenidən güc mərkəzinə çevirmək üçün başlatdığı müharibə, ana məqsədlərin uğursuzluğundan sonra Şərq–Qərb qarşıdurmasına çevrildi.
Şərqdə dəstəklənən Rusiya, Qərbdən dəstək alan Ukraynada ölüm-dirim müharibəsi aparır. Dolayısı ilə, müharibə Şərq və Qərbin “Ukrayna poliqonu”nda əzələ nümayişi halını aldı və bu davam edir.
Bu qarşıdurma isə, həm şərqli, həm də qərbli sayılan türkləri çətin vəziyyətdə qoyur.
Hazırda müstəqil olan 6 türk dövlətindən biri (Türkiyə – red.) tam qərbli, dördü (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan – red.) tam şərqli ikən, Azərbaycan Şərq və Qərbin tam qovuşacağında, həm şərqli, həm qərbli mövqeyi ilə ikili məngənədə sıxılıb qalıb.
İlk görünüşdə Şərqin Qərbə qarşı mübarizəsində zəif görünməsinə baxmayaraq, Çinin dayanmadan inkişafı, Rusiya–Çin ikilisinin hərbi-diplomatik-iqtisadi dayanıqlılığı Qərbin hegemon gücünə qarşı yaxşı sınaq verməkdədir. Afrikada yaşanan Şərq–Qərb mübarizəsində Fransanın rüsvay olması, əvəzində Çin kapitalının və Rusiya silahının qitəyə ayaq açaraq söz sahibinə çevrilməsi, Şərqin mübarizədə əvvəlki zəifliyinin aradan qaldırıldığını deməyə əsas verir. Nəzərə almalıyıq ki, Hindistan va Pakistan kimi ölkələr də mahiyətcə şərqlidirlər və bu ölüm-dirim mübarizəsinə şərqli simasında qatıla bilərlər.
Türk dünyası isə, təzadlarla üzləşir. Türk Dövlətləri Təşkilatı (TDT) ilə birləşməkdə, inteqrasiya etməkdə olan türk ölkələri genişlənməkdə olan Şərq–Qərb qarşıdurmasında seçim edəcəkmi, edəcəksə, bu seçim kimdən yana olacaq və s. kimi mövzularda fikir ayrılıqları ilə üzləşə bilərlər.
Türkiyə özünün sahib olduğu qǝrbli mövqeyi ilə, Orta Asiya türk dövlətləri isə şərqli mövqeyində ayrı-ayrı bloklara parçalanarsa, bu, əlbəttə ki, çatmaq istədiyimiz türk milli ortaq dəyərlərindən uzaqlaşmaq, ümumtürk məğlubiyyətinə düçar olmaqla nəticələnəcək. Azərbaycan isə hansı bloku seçməsindən asılı olmayaraq, qalib gələn tərəfdə yer almış olsa belə, keçmişdən dərs çıxarmalıdır. Tarix göstərir ki, hər iki blokda yer alan imperial dövlətlər Azərbaycana ümumi yanaşmadan çıxış edir, onun müstəqilliyini özlərinin vassal asılılığına dəyişmək üçün fürsət gözləyirlər. Hətta Azərbaycanı dövlət kimi tamamən məhv edib onu həmin ölkələrin vilayətinə çevirmək hər zaman ön planda olub. Əslində bu reallıq digər türk dövlətləri üçün də keçərlidir.
Ona görə də dərin türk ağlı indi həyati qərar verməli, Şərq–Qərb mübarizəsində bloklararası balansı qoruyaraq, qarşıdurmalardan kənarda qalmaqla “Vahid Türk mövqeyi”ndə birləşməlidir. Geniş coğrafi ərazi, bu geniş ərazilərdə hər sərvəti olan türk milləti, ayrı-ayrı dövlətləri ilə ortaq maraqlar ətrafında birləşməli, ayrı-ayrılıqda kənar qütblərdə sığınmaq üçün güc mərkəzi axtarmamalı, özü güc mərkəzi formalaşdıraraq, ona sığınanları müdafiə etməklə yeni çoxqütblü dünyada bir güc qütbü olmalıdır.