Xəbərlər

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib

Oktyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib.

“Füyuzat ” xəbər verir ki, mediatur çərçivəsində əvvəlcə Dövlət Komitəsinin əməkdaşı Ülviyyə Usubova UADM-lərin fəaliyyəti barədə məlumat verib.

Qeyd edilib ki, UADM-lərin fəaliyyətində həssas kateqoriyadan olan ailələrə və şəxslərə göstərilən psixososial dəstək tədbirləri, valideynlərin və mütəxəssislərin bilik və bacarıqlarının artırılması, ailə, qadın və uşaq məsələləri sahəsində, nümunəvi ailə dəyərlərinin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gələcək nəslin sağlam yetişdirilməsi istiqamətində maarifləndirici layihə və proqramların həyata keçirilməsi əsas yer tutur.

Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova Mərkəzin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər, uşaqlar üçün inkişafetdirici məşğələlər, uşaqların yaşlarına uyğun inkişaf səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə keçirilən “Denver II” qiymətləndirmə testi, psixoloji xidmətlər barədə ətraflı məlumat verib.

Mediaturun gedişatında Mərkəzin psixoloqu Fəridə Qəhrəmanovanın təqdimatında “Şəxsiyyət yüksəlişi” treninqi izlənilib. Sosial iş üzrə mütəxəssis Aytac İbrahimova Mərkəzin fəaliyyəti və sosial işin aparılması barədə geniş təqdimatla çıxış edib. Sonra isə psixoloq Aytəkin Məmmədovanın Mərkəzdə psixoloji işlə bağlı çıxışı dinlənilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.