Xəbərlər

Tanınmış ziyalılar MİMTA Fondunun qonağı olublar

Milli İrsin Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda ölkənin tanınmış elm, mədəniyyət və ictimaiyyət nümayəndələri ilə keçirilən silsilə görüşlər davam edir. Fondun növbəti görüşünün qonaqları filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Natəvan Dəmirçioğlu və millət vəkili, hüquqşünas Arzuxan Əlizadə olublar.

“Füyuzat”ın məlumatına görə, görüş çərçivəsində Fondun icraçı direktoru Pərviz Əmirov qonaqlara MİMTA Fondunun strateji fəaliyyət istiqamətləri, o cümlədən milli-mədəni irsimizin qorunması, tədqiqi və təbliği istiqamətində reallaşdırılan fundamental layihələr barədə ətraflı məlumat verib. Xüsusilə “MİMTA Yayımları”nın fəaliyyəti, o cümlədən Azərbaycanın mətbuat tarixində müstəsna yerə malik olan “Füyuzat” və “İşıq” jurnallarının bir əsr sonra yenidən bərpa edilərək nəşr olunması, həmçinin milli maarifçilik ənənələrinin müasir media platformalarına inteqrasiyası mövzusunda səmərəli fikir mübadiləsi aparılıb.

Yazıçı-publisist Natəvan Dəmirçioğlu milli ədəbiyyatın və dil tarixinin qorunaraq gələcək nəsillərə ötürülməsində bu növ layihələrin unikal missiya daşıdığını vurğulayıb və MİMTA-nın elmi-ədəbi fəaliyyətini yüksək qiymətləndirib.

Millət vəkili Arzuxan Əlizadə isə öz növbəsində tarixi-mədəni irsimizin hüquqi və sosiomədəni müstəvidə təbliğinin əhəmiyyətinə toxunub. O, dövlətin bu sahədə yürütdüyü strateji kursa və mədəni siyasətə ictimai institutlar tərəfindən verilən dəstəyin önəmini qeyd edərək fondun gələcək fəaliyyətinə uğurlar arzulayıb.