Bu gün “Türküstan” qəzetinin nəşrə başlamasından 20 il ötür
“Füyuzat”ın məlumatına görə, 11 iyun 2006-cı il tarixdə nəşr həyatına başlayan “Türküstan” qəzetinin xəbər siyasətinin prioritetini Türk ölkələri arasında inteqrasiyaya dəstək vermək, dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azrbaycan məsələsi, Türk xalqlarının tarixi keçmişi, bu günü və gələcəyi ilə bağlı məlumatları, araşdırmaları geniş oxucu kütləsinə çatdırmaq olub.
“Türküstan” qəzeti 2012-ci ildə TÜRKSOY-un “Türk dünyası mədəniyyətinin tanıdılmasına xidmət” mükafatına (Türkiyə/Ankara), 2017-ci ildə Beynəlxalq Türk Akademiyasının “Türk dünyasına xidmət” mükafatına (Qazaxıstan/Türküstan), həmçinin, bu yöndə çoxsaylı yerli və beynəlxalq təltiflərə layiq görülüb.
Qəzetin elektron versiyası olan Turkustan.az saytı onlayn rejimdə fəaliyyət göstərir və ölkəmizin ictimai-siyasi mühitində, həmçinin, dünyada baş verən hadisələrin operativ və obyektiv şəkildə yayınlanmasında fəallığı ilə seçilir.
“Türküstan” qəzeti Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən davamlı olaraq dəstəklənən mətbu nəşrlər sırasındadır. Bu faktı Azərbaycan dövlətinin Türk dünyasının birliyini təşviq edən media subyektlərinə dəstəyinin nümunəsi sayırıq.
“Füyuzat” olaraq “Türküstan” qəzetində çalışan həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq!



