Sən doğru ol, varsın sanan əyri sansın. Lakin bir şeyi heç vaxt unutma: sən özünü bir şey sanmadığın müddətcə doğru insansan.
Dünyada eşqsiz insan yoxdur. Hərənin bir cür şeyə sevgisi var, hərə bir şeyə aşiqdir. Uca Allahın da yaratdığı yüz min dürlü sevgi var. Elə isə özün düşün, özün seç: sənə hansı layiqdir.
Ləl-cəvahirat kimi dəyərli olmaq istəyirsənsə, ariflərə xidmət elə. Cahilin heç bir sözünü özünə meyar eyləmə.
Bir bağçaya girəmməsən, durub seyran eyləmə,
Bir könlü abad edəmməsən, yıxıb viran eyləmə.
Elə bir şaha qul ol ki, heç vaxt səndən uzaq olmasın. Dənizə dalan bir qəvvas kimi elə bir gövhər çıxart ki, sərraf belə onun dəyərini bilməsin. Elə bir gül qoxla ki, heç vaxt solmasın. Elə bir eşq oduna yan ki, başqa od səni yandırmasın. Özün kimi elə ərlər yetişdir ki, hələ bu cahana gəlməmiş olsun.
Bu dünyaya qalmayaq gəl,
Fanidir, aldanmayaq gəl,
Bir ikən ayrılmayaq gəl,
Gəl Dosta gedək, gəl, könül!
Canını eşq yolunda verərək Dosta varmağa səy etməyən aşiq sayılarmı? Eşq qədəhindən içərək canını Dost yolunda fəda etməyən aşiq sayılarmı?
Qırma dostun qəlbini,
Düzəldəcək ustası yox.
Soldurma könül çiçəyini,
Suvarmağa səhəngi yox.
Ey çox kitablar oxuyan, sənin halından yaxşı xəbərim var. Əgər sirri aşkar bilmək istəsən, gəl eşq kitabını birgə oxuyaq.
Məna əri bu yolda
Məlum olası deyil,
Məna duyan könüllər
Heç vaxt öləsi deyil.
Tən fanidir, can ölməz,
Gedənlər geri gəlməz,
Ölərsə, bədən ölər,
Canlar öləsi deyil.
Dost olmaq istəyənə nə etmək gərəkdiyini mən söyləyim. Qoy özünü tərk etsin və necə olacağını da düşünməsin. Bütün aşiqlərin nişanəsi Dost yolunda qurban olmaqdır. Bütün aşiqlər istəyirlər ki, canlarını eşq alsın.
Bir deyin, dostlar, qardaşlar,
Necə deyim, nə deyim mən.
Sən mənim qulum deyilsən,
Der olursa, nə deyim mən.
Öz suçumu bilsəm özüm,
Qan-yaş ilə dolar gözüm.
Sabah Haqq yanında üzüm
Qara olsa, nə deyim mən.
Dərviş olmaq istəyənə də nə etmək gərəkdiyini mən deyim: şərbəti əlindən yerə qoyub ağunu nuş etsin. Və bir də mürəbbisi nə söylərsə, ancaq onu yerinə yetirsin.
Bir könül yıxdın isə,
O qıldığın namaz deyil!
Yetmiş iki millət belə
Əlin-üzün yumaz deyil!
Söylədiyin sözü eşitdiyin kimi söylə. İkilik edib yalan söyləmə. Yerində və zamanında dəqiq və az danış. Pis sözlər söyləyənə də pis sözlərlə qarşılıq vermə.
Söz var ki, kəsər savaşı,
Söz də var – kəsdirər başı.
Gerçək ərənlərin harada olduğunu bilirsinizmi? Hara baxsanız – orada, harada istəsəniz – orada hazır. Sevgisizlərə mənim sözüm qaya əks-sədasına bənzər. Bir zərrə qədər eşqi olmayan insan – ruhu olmayan bir ölü kimidir.
Dərviş… söyənə dilsiz,
Döyənə əlsiz gərək.
Haqq cahanda aşkardır, lakin onu kimsə bilməz. Haqqı sən özündə, öz içində axtar. Onu özündən istə. O səndən ayrı deyil.
Haqqa gedən yolda insanı yarı yolda qoyan onun nəfsidir. Unutma: Əgər nəfsinə uyub onun arxasınca getsən, ilişib yollarda qalar, əsl hədəfə çatmazsan.
Bir gün əcəl hökmü gələcək, hazır ol! Unutma ki, canın əmanətdir, onun sahibi var. Bir gün əmanəti geri alacaq. Hansı tərəfə qaçsan da, pərvaz edib uçsan da, əcəl bir gün səni mütləq tapacaq.
Nə verərsən əlin ilə,
O da gələr sənin ilə.
Ey sözlərin əslini bilən, bu sözlərin haradan gəldiyini sən söylə. Sözün nə olduğunu anlamayan biri o sözlərin məndən gəldiyini zənn edir.
Muxtar Cəfərli