Xalçalarımız – minilliklərin o tayından gələcəyə doğru boylanan və əbədi var olan Bütöv Azərbaycan ruhunun xəritəsidir.
Onu anlayanlar işarələrin, naxışların, butaların, boyaların dilində söz və cümlələri görür, genetik kodumuzun romanını oxumaq istəyini içində boğa bilmir.
Qədim ellərimizin əbədiyaşar sevgi məktubları olan xalı-xalçalar min illərin zaman sınağından keçib gəlir. Dünənlə gələcəyin arasında körpüyə çevrilib yaşadıqca yaşayır. Sənətin daimiliyinə, ömrün faniliyinə inanan qədim ellərimiz xalı-xalçalardan arzu-niyyət yolu salıblar. Naxışların, ilmələrin dili ilə sabaha sarı boylanıblar.
Bakı-Abşeron xalçalarında bu torpağın rəngləri və ritmləri yaşayır, Quba-Şirvan xalçalarının qızıl ilmələrində yurdumuzun gülü-çiçəyi əbədiləşib, Gəncə-Qazax xalçalarının naxışlarından nağıllarımız boylanır, Təbriz-Qarabağ xalçalarına həsrətimiz, nisgilimiz toxunub…
Bu torpağın ruhu kimi azad Abşeron küləklərinin hərdən həzin nəğməyə, hərdən də dəli nərəyə bənzər ahənginə, qışda xəzrinin, yayda gilavarın qopardığı fırtınadan Xəzərin necə kükrəməsinə fikir vermisinizmi heç?
Bu həzin nəğməni, bu dəli nərəni, bu əzəmətli kükrəyişi dünyaya gəldiyi gündən canında, qanında gəzdirənlərin o səslərin harmoniyasından yaratdıqları naxışlara diqqətlə baxanda adama elə gəlir ki, bu xalçalar al-əlvan rənglərlə yazılmış nəhəng musiqi notudur. Sanki hər ilmədən musiqi, ziya süzülür. Elə bil rənglər, naxışlar oxuyur, ətrafa işıq və nur saçır.
Abşeronda yaranan naxışlar bu məkanın dənizinə, daşına, torpağına, ağacına, otuna bənzədiyi qədər, onun bətnindən süzülən səslərə, ritmlərə də bənzəyir.
Bu sənət əsərləri ilk baxışdan dilsiz-ağızsız, sükuta qərq olmuş abidələr olsa da, onların hər birinə tarix öz əbədi möhürünü vurub.
Mavi, bəyaz, sumağı, qızılı, qırmızı, yaşıl… bu rənglər milli düşüncəni, xalqın qüdrətini, ümid və arzularını mənalandırır. Bunlar Abşeronun, elimizin-obamızın, doğma torpağımızın rəngləridir.
Şahdağına bahar gəldi… getdi… rəngi xalçalarda qaldı…
Torpaqdan çiçək boylandı… ağaclarda tumurcuq puçurlandı… izi xalçalara düşdü…
Nənələrimiz xalı-xalçaya toxudular təbiətin şəkillərini…
Xalçalar nağıl olub dil açdı. At belindəki igidlərdən danışdılar. Alov-alov nar çiçəklərindən, yanağı allanmış ağ almalardan söz açdılar. Göyün yeddi qatını, yerin altını öyrənən alimlər bu xalçalardakı naxışlarda yerin, göyün sirlərini, tariximizin nişanələrini gördülər.
Dünyanın, həyatın, təbiətin mahiyyəti nağılvari bir dillə Quba xalçalarında öz ifadəsini tapıb. Bu xalçalarda yaşayan rəmzlər, simvollar, rəngarəng kompozisiyalar insanı gerçək həyatdan ayırıb fəlsəfi dərinliklərə, sirli bir dünyaya aparır.
Quba xalçalarını bəzəyən naxışlar xalqımızın erkən dini-mifoloji və mistik təsəvvürlərini özündə yaşadır.
Hər bir xalçanın öz bədii quruluşu olduğu kimi, hər bir naxışın da öz mənası, öz yozumu var.
Yetər ki, onları könlünün gözü ilə seyr edəsən…
Onda ləpələrin səsini eşidərsən, torpağın, dənizin ətrini duyarsan, əcdadlarımızın rənglərdən “yoğrulan”, ilmələrdən “hörülən” ruhu ilə qovuşub bütövləşərsən.
Dünyadakı gözəllikləri görməyi bacaran insanların ərsəyə gətirdikləri də gözəl olur. Təbiətin coşqun sevincinin, güllü-çiçəkli baharın, həzin xəzan günlərinin eyni sevgi ilə naxış dilinə çevrildiyi xalçalar öz semantikasında ilahi ruhdan pay, özünəməxsus gözəlliklər daşıyır. Yəqin ona görədir ki, bu xalçalardakı əsl gözəllikləri görmək, duymaq üçün onlara ruhun gözü ilə baxmaq lazımdır. Bu gözəlliyi hər kəs fərqli şəkildə – öz ruhunun ehtiyacına uyğun şəkildə görür.
Şirvan xalçalarına baxdıqca insan bir şeyə əmin olur: əbədiyyət arzusu təkcə təbiətdə yox, həm də insanın içindədir! Sonsuzluğun gözəlliklə, gözəlliyin dünyanın ahəngi ilə və nəhayət, bu ahəngin insanın daxili aləmi ilə əlaqəsi kimi yaranan xalçalarda şəffaflığın rəngi, qaranlığın işığı aydın görünür, sükutun pıçıltısı eşidilir. Bütün bunlar Şirvan xalçalarının qızıl ilmələrinin ecazından yaranan möcüzədir.
Dağlar, çöllər sakit bir yuxu yatırdı…
Bu yuxular insanların yaddaşından süzülürdü…
İnsanlar bu yuxulara inanırdılar…
Ağbirçəkli nənələr ipək yunlu ağca qoyunların yununu vaxt, zaman kimi əyirib gecə və gündüz rənginə boyayır, bu yurdun nağıllarını min illərin saxlancına çevirirdilər.
Bir ucu Gəncə-Qazax, bir ucu Göyçə-Borçalı deyib bu yerlərə yaz sorağı kimi yayılan ruhumuz çiçək olub çöllərdə bitdi, nəğmə olub könüllərdə yuva qurdu. Bu dağları, yamacları bayatı havasına, tütək səsinə dolaşdı. Təpələr bu səsin sevdasına quzu kimi yatışdı. Yollar bu oxumaların dalısınca çapdı. Yazın gəlişiylə torpağın ürək döyüntüsünü eşidən ulularımızın qəlbində ilmələr cücərdi. İlmələrdən naxışlar ləçəklədi, naxışlardan nağıllar yarandı.
İnam insanları dağların ucalığına qaldırdı, buludların bəyazlığına yetirdi, suların saflığına qovuşdurdu. İnsanların ürəyində baş qaldıran, onları ölməz edən sevgi ilmə vurub naxış düzməyi öyrətdi. Naxışlar isə insanı min illərin üzərindən aşırıb bu günümüzə gətirdi. Bu torpağın sinəsində bitən min bir çiçəyin rəngi insan yaddaşının tellərindən süzülüb ilmələrə köçdü. Naxışlar ürəklərdə eşq, ocaqlarda bərəkət alovlandırdı.
Vətən haqqında nəğmələrimiz də bizimlə bərabər doğulur… bizimlə böyüyür…
Qarabağ bu nəğmələrin ən zildən oxunanıdır…
Sevgi, xoşbəxtlik haqqında oxunanda da gözünün yaşı qurumayan haraydır…
Babaların, nənələrin ruhundan barmaqlarına süzülən bu haray al-əlvan xalçalara çevrilib. Min illər boyu bu torpaq uğrunda qurban getmiş igidlərin ürəyinin atəşi, qəriblərin yurd həsrəti ilmələrdə, naxışlarda əbədiləşib.
Tariximizin son harayı, son diləyi kimi toxunan bu xalçanın naxışları Qarabağ şikəstəsi, haşiyəsi Zəngəzur zümzüməsi, yeləni Ağbaba yallısı ilə toxunub.
Ağrı bu torpaqların taleyinə köçüb, rəngini alıb, havasına, dadına qovuşub… Neçə illərdir başımızın üstündə haray kimi dolaşır…
Bu, dağların, meşələrin, milyon rəngli çəmənlərin, lal qayaların səsidir. Üstündə dayandığımız torpağın səsidir, damarımızda, qanımızda cövlan edən bir qəhrəmanlıq, əbədiyyət harayıdır.
Düşmən əlində əsir qalan yurd yerlərimizin azadlığına gedən yolların xəritəsi isə bu torpağın bağrından qopan naxışlarla xalçalarımızda həkk olunub…
Arzularımızın şəhəri… yuxularımızın şəhəri… inqilablar şəhəri Təbriz…
Alimlər, şairlər, sənətkarlar şəhəri…
Bəlkə də, elə ona görədir ki, Təbrizi ruhumuzun paytaxtı adlandırırıq.
Gözəlliyin hakim kəsildiyi Təbriz xalçalarını bütöv Azərbaycan ruhunun tablosuna bənzətmək olar.
Əsrlər boyu ruhumuza hopmuş sevincimiz, nisgilimiz, inanclarımız, gerçək və nağıl dünyamız, bütün mənəvi varidatımız – nəyimiz varsa, naxışa, rəngə, ilməyə çevrilərək sənətkar qəlbinin hökmü ilə bu xalçalarda əbədiyyət tapıb.
İnsan barmaqları nələr yaratmağa qadir imiş… Rənglərlə necə möcüzələr yaratmaq mümkünmüş…
Təbriz xalçalarının ilmələrində, naxışlarında rənglər danışır, ruhumuzun dərinliklərində yuva salmış sirli-sehrli bir aləmdən xəbər verir.
Bu gözəllikləri öz torpağını, Vətənini bütün ruhu ilə sevən, ona əbədi bağlı olan insanların könül dünyasından qopub gələn rənglər bəzəyib.
Eşqin, sevdanın bəyaz aynalarından boylanan sənətkarların yaratdığı Təbriz xalçalarında bu torpağın yetirdiyi min bir çiçəyin rəngi insan yaddaşının tellərindən süzülüb ilmələrə köçüb. Bu naxışlarda qəribliklə həsrət, sevgiylə dərd qoşa ömür edir. İlmə əvəzi dərd gözənib, sevda əkilib bu naxışlarda…
Dənizlər zamanın hökmü ilə qabarıb-çəkilir… daşlar küləklərin və yağışların hikkəsi ilə əriyib quma dönür… ağaclar və otlar torpağa çevrilərək onun rəngini dəyişir…
Ancaq dünyada dəyişməyən bircə şey var – insanın daxili dünyasından, qan yaddaşından süzülərək müxtəlif rənglərə, çalarlara bürünən, səslərdə, rənglərdə, naxışlarda əbədiləşən gözəlliklər… Dünyanı və ruhumuzu xilas edən gözəlliklər…
Elyazlı