Füyuzat 130 Könül Bünyadzadə Kültür-sənət

Dünyanın nur mənzərəsi

Yaradılış bir iyerarxiyadır: hər məqamın öz əhəmiyyəti, hər varlığın öz yeri var. Onun modelini təbiətdə də görmək olur: heç bir yaradılmış digərinə nəinki mane olur, əksinə, aralarında zəncirvari bir əlaqə mövcuddur ki, birinin zədələnməsi bütöv sistemdə əks-səda verir. İnsan bu universal vəhdətin varlığından əmindir, ona görə də onu hər vəchlə tanımaq, şahidi olmaq istəyir. Əslində, bu əminliyin öz səbəbləri var: sonsuz kainatın müəyyən bir qanunauyğunluqla idarə edildiyini müşahidə edir; bütün hadisələrin, qanunların, hətta təsadüflərin belə daxili əlaqəsini sezir; özünün bu sonsuzluqda itib-batması hissi onu qorxudur. Ona görə də böyük sistemin bir hissəsi olduğunu qəbul edir və bununla rahatlıq tapır. Bunu düşünən hər kəs vəhdəti öz şüurunun imkanları çərçivəsində, öz fəaliyyət sahəsində qazandığı biliklərlə izah edir. Maraqlıdır ki, bəzən məşğul olduqları sahənin imkanları kifayət etmədikdə həqiqətin daha böyük olduğunu dərk edən mütəfəkkirlər başqa ixtisasa müraciət etməli olurlar: fiziklər fəlsəfəyə, filosoflar kosmologiyaya, şairlər riyaziyyata və s. Bu cəhdlər də öz növbəsində sahələrarası fənlərin, təhlillərin yaranmasına səbəb olur. Hegel deyirdi ki, mütləq ruh özünü sənət, din (iman) və fəlsəfədə göstərir. Hər üçü bu dünyanın vəhdətini anlamağa aparan fərqli yollardır. Məhz buna görə də dünyada vəhdəti arayan alimlər düşüncələrinin hansısa mərhələsində mütləq bunlardan ən azı birinə müraciət etməli olurlar. Məsələn, Heyzenberq cavabsız suallarının cavabını fəlsəfədə tapır. O, “Fizika və fəlsəfə” adı altında toplanmış mühazirələrində yazır ki, həddindən artıq kiçik bir zərrəciyi görmək üçün lazım olan avadanlıq hələ kəşf olunmayıb, lakin bunun irəlidə baş tutacağına və bununla da Falesdən başlayan vahid təməl məsələsinə bir aydınlıq gətirəcəyinə inanır. Onun axtarışları tanınmış fiziklər Maks Plank və Nikola Teslanı dinə üz tutmağa sövq edib. Hegel isə vəhdət axtarışında olanlara sufi poeziyanı öyrənməyi tövsiyə edib. Əsas məqsəd universal vəhdəti dərk etmək, onun varlığından əmin olmaqdır. Elmin son nailiyyətlərindən olan kvant fizikasının nümayəndəsi Heyzenberq yazır: “Biz burada materiyanın vəhdəti haqqında faktiki olaraq son sübutumuzu əldə edirik. Bütün elementar hissəciklər eyni substansiyadan, eyni materialdan “düzəldilib” ki, biz də onu enerji və ya universal materiya adlandırırıq; onlar yalnız materiyanın təzahür edə biləcəyi fərqli formalardır”. Həmçinin bunu da əlavə edir: “Aristotelin, əsasən, “potensiya”, yəni “imkan” adlandırdığı materiyanı bizim enerji adlandırdığımız anlayışla müqayisə etmək lazımdır”. Aparılan eksperimentlərin nəticələrinə görə, hər şeyin ən kiçik zərrəsi foton – işıq zərrəciyidir. Eyni qənaətə bir çox mütəfəkkir gəlmişdir. Məsələn, Sührəvərdinin İşraq fəlsəfəsinə görə, hər şey nur vasitəsilə, nurda mövcudluq göstərir. Hər varlığın mahiyyətində nur zərrəsinin olması universal bir nur vəhdətinin olması düşüncəsini təsdiqləyir.

Kvant fizikasına görə, şəraitdən asılı olaraq işıq ya zərrəciklər, ya da dalğa halındadır. Mövcud eksperimentlərdən çıxış edəndə belə məlum olur ki, işıq dalğasını müşahidə edərkən ən az dərəcədə olsa belə müdaxilə olunduqda sükut, harmonik halından çıxır və zərrəcik kimi görünür. Heyzenberq korpuskulları (xüsusi zərrəcik) “kiçik həcmdə məhdudlaşan substansiya”, dalğanı isə “böyük həcmdə yayılan sahə” adlandırır. Deməli, ilk nurla ondan ən uzaqda yerləşən nur arasında neçə aləmin olmasından asılı olmayaraq bir həqiqət var: universal aləmdə bütöv bir nur axını var. Kvant fizikası təsdiq edir ki, bəzən sükut halında dalğa, bəzən həyəcanlı halında zərrə quruluşunda olan bu axın daimidir, sabitdir. Bu həm universal hərəkətin təminatıdır, həm də hər varlığın ilk mənbə – Nurlar Nuru ilə əlaqəsinin. Hətta kənar bir müdaxilə nəticəsində bir varlıq ümumi sistemdən ayrı düşərsə, onun nuru məhv olmur, sadəcə müvəqqəti təcrid olunur, işığı solur, hərəkəti məhdudlaşır.

Yaradanın “ol” əmri vahid nur dalğasına müdaxilə edir və beləcə, ümumi nur sisteminin daxilində ayrı-ayrı varlıqlar – mələklər, dünyanın 7 qatı, ulduzlar, təbiət, insan və s. yaranır. Yəni hər varlıq əvvəlcə nurun zərrə halında olur. Sadəcə sonradan o, ümumi nur axınına qoşulur, tədricən dalğa halına qayıdır və vəhdət pozulmur. Naqis nur – naqis varlıq yoxdur. Sührəvərdi deyir: “Hər nur özlüyündə həqiqətinə görə deyil, yalnız kamillik və naqisliyə və zahiri işinə görə fərqlənir”. Deməli, naqislik nurun həqiqətində deyil, çünki onu Yaradan verib. Naqislik ona münasibətdədir, onu tanımamaqdır. Bütün nurlar eynidir, çünki vahid axının tərkibindədir. Hər şey sabit bir nur payı ilə yaranıb. Yalnız insan öz nur payını artıra bilir və bunu tanıdığı hər varlığın, öyrəndiyi hər biliyin nurunu öz nuruna qatmaqla edir. Bu imkanı ona verən isə Allahdan aldığı nurdur.

Davamı…