Füyuzat 127 Kültür-sənət Nurəddin Ədiloğlu

Maarifçilik yolunun işıqlı insanı – Teymur bəy Bayraməlibəyov

İxtiyar, müdrik qocaya bənzəyir bizim qədim yurdumuz. Dəmbəlov ucalığı, Viləşçay coşqunluğu, Yanardağ hərarəti yaşadır özündə… Ata misallıdır, ana timsallıdır cənnət diyarımız. Uca Yaradan dədə-babalarımızdan miras qalan, taleyimizə yazılan bu yurdu Masallı adı ilə bizə ərməğan edib. İllər, qərinələr zaman-zaman bu yurdun tarixini, gözəlliklərini qələmə alan, mübarək imzaları ilə onun adını zirvələrə ucaldan ziyalı şəxsiyyətlər yetişdirib.

XIX yüzilliyin sonu – XX yüzilliyin əvvəllərində yaşayıb-yaratmış vətənpərvər ziyalı – peşəkar pedaqoq, cəfakeş diyarşünas, folklorşünas, tarixçi-etnoqraf, araşdırmaçı-jurnalist Teymur bəy Bayraməlibəyov da belə şəxsiyyətlərdən biri olub. Onun Azərbaycanda maarifçilik hərəkatının inkişafında misilsiz xidmətləri danılmazdır.

Bayraməlibəyovlar nəslinin kökü Azərbaycan Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövrünə gedib çıxır. Tarixi qaynaqlara görə, məşhur Şahsevənlər nəslinə mənsub Bayraməlibəyovlar XVI yüzilliyin sonunda Muğana gəlmiş (“Azərbaycan tarixi”, Bakı. 1970, s. 116), bir müddət burada yaşamış, XIX əsrin ortalarında isə Lənkəran qəzasının Çakirli (indiki Çaxırlı) kəndində maldarlıq və əkinçiliklə məşğul olmuşlar.

Bayraməlibəyovlar 4 qardaş olub. Böyük qardaş Məmməd bəy (Teymur bəyin atası) mahalın Yeddioymaq kəndində 9 desyatin (təqribən 10 hektar) torpaq sahəsi alandan sonra digər qardaşları – Qasım bəy, Cəfər bəy və Kərim bəy də orada ev tikib məskunlaşırlar. Məmməd bəy Yeddioymaq kəndində ailə qurmuş, 6 oğul və 3 qız atası olmuşdur.

1862-ci il avqustun 22-də dünyaya göz açmış Teymur bəy bu böyük ailənin kiçik övladı idi. O, 7 yaşına çatanda ilk təhsilini əvvəlcə Qızılağac, sonra Yeddioymaq kəndindəki mollaxanada almışdır. Teymur bəy sonralar “Tərcümeyi-hal” adlı xatirəsində mollaxanada əvvəlcə Quran oxumağı, sonra Sədinin “Gülüstan” kitabını farsca öyrəndiyini yazır. Daha sonra Teymur bəy atasının və böyük qardaşı Cahangir bəyin təkidi ilə əsası 1852-ci ildə Lənkəranda qoyulmuş üçillik 2 sinifli rus məktəbinə qəbul olunur. Pullu təhsil verən və daha çox zadəgan övladları üçün nəzərdə tutulan həmin məktəbi 1875-ci ildə bitirən Teymur bəy Tiflisdə yeni açılmış feld­şerlik məktəbində təhsil almağa göndərilir. 1879-cu ildə tibb təhsilini başa vurub Qori Müəllimlər Seminariyasının II sinfinə qəbul olur. O, seminariyada oxuyan ilk üç azərbaycanlı tələbədən biri idi. Tələbəlik illərində Tiflis ədəbi mühiti ilə əlaqə saxlayan Teymur bəy müxtəlif ədəbi-bədii tədbirlərdə iştirak edirdi.

Teymur bəy 1881-ci ildə (19 yaşında) seminariyanı bitirib Lənkəran şəhər rus məktəbində rus dili və hesab müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Onun böyük zəhməti nəticəsində dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90%-ni təşkil etmişdir.

Maarif fədaisi T.Bayraməlibəyov 1884-cü ildə yaratdığı xeyriyyə cəmiyyətinin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı verilməsinə, təhsil haqqının ödənilməsinə yardım etmişdir. Onun təkidi ilə 2 sinifli məktəbi bitirən və orta  məktəbə daxil olmaq istəyənlərə xeyriyyə cəmiyyəti yolxərci ödəyir, digər köməkliklər göstərirdi. Cəmiyyət şagirdlərin səhnələşdirdiyi tamaşalara bilet satışından yığılan vəsaitlə maliyyələşirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin “Hacı Qara”, N.Nərimanovun “Dilin bəlası”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesləri, Ə.Haqverdiyevin “Kimdir müqəssir”, S.M.Qənizadənin “Axşam səbri xeyir olar” əsərləri tamaşaya qoyulurdu. Belə tamaşalar gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.

Teymur bəy 1905-ci ildə istedadlı artistlər – Cahangir Zeynalovun və Hüseyn Ərəblinskinin başçılığı ilə Bakıda fəaliyyət göstərən “Müsəlman Artistləri Cəmiyyəti”ni Lənkərana qastrola dəvət edir. Onların iştirakı ilə N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri” pyesləri səhnələşdirilir.

Lənkəranda tez-tez qarşılaşdığı maneə və müqavimətlərə sinə gərən T.Bayraməlibəyovun təşəbbüsü ilə 1907-ci ildə “Behcət” fars-türk ibtidai, 1909-cu ildə isə “Ziya” adlı ilk rus-tatar (Azərbaycan) məktəbi fəaliyyətə başlayır. Fəqət “Behcət” 1910-cu ildə uydurulmuş bəhanələr əsasında Bakı qubernatoru Alışevskinin qəzəbinə tuş gəlir, onun əmri ilə məktəb çar hökumətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır. Buna baxmayaraq Teymur bəyin savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur (1910). Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir. Teymur bəy Lənkəranda işlədiyi müddətdə Masallıda Mirabdulla bəy Talışxanovun dəstəyi ilə yeni tipli məktəblər açmışdır. O həmçinin 1883-cü ildən 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan “Kaspi” qəzetində Lənkəran qəzasının bölgə müxbiri kimi çıxış etmişdir. “Teymur bəy”, “Lənkəranlı”, “T.Əlibəyov” və satirik yazılarında “Mozalan” imzaları ilə Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digərləri ilə yanaşı, məqalələri tez-tez bu qəzetdə dərc olunurdu. Onun qələmə aldığı yazılar oxucular tərəfindən maraqla qarşılanırdı. Tanınmış pedaqoq topladığı şifahi ədəbiyyat nümunələrini Tiflisdə nəşr olunan “Сборник материалов для описания местностей и племен Кавказа” (SMOMPK) məcmusuna da göndərirdi.

1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd olunmuşdur. Yubileydə tanınmış pedaqoqun Azərbaycanın, eləcə də Qafqaz və Rusiyanın hər yerindən bütün keçmiş şagirdləri gəlmiş, yerli ziyalılar və hakimiyyət nümayəndələri iştirak etmişdilər. “Kaspi” qəzetində yubileylə əlaqədar geniş məqalə verilmişdir. Lənkəranlı general, həm də folklorçu kimi tanınan Mir Əsəd xan Talışinski isə təbrik teleqramında onun şərəfli əməyini belə dəyərləndirirdi:

“Dərin hörmət bəslədiyim Teymur bəy!

Sizi – Vətənin şanlı oğlunu, qəzada maarifin atası və hamisini, bütün həyatını xalq ma­arifinə sərf edən vətənpərvər bir insanı ürəkdən təbrik edir, Sizə bu işıqlı dünyada uzun-uzun xoşbəxt illər yaşamağı arzu edirəm. Qoy qüvvənizi, sağlamlığınızı əsirgəmədən 30 il boyunca çalışdığınız müqəddəs işiniz öz meyvələrini versin və Sizi daima yaşatsın”.

Teymur bəy qadınların təhsil almasına böyük önəm verirdi. Onun 1917-ci ildə ciddi səyi nəticəsində Lənkəranda “Ünas” qızlar məktəbi açılmışdır. O, xüsusi mülkü olan evinin alt mərtəbəsində özü yaşasa da, üst mərtəbəsini şagirdlərin ixtiyarına vermişdi. Ona görə də xalq bura “Bayraməlibəyov məktəbi” deyirdi. Teymur bəy inqilabi hərəkatda fəal iştirakı bəhanə göstərilərək 1918-ci ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya göndərilmişdir. Onun işini qızı Məryəm xanım davam etdirmişdir. Məryəm Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində Teymur bəyin maarif nurlu ocağında dünyaya gəlmişdir. İbtidai təhsilini “Nicat” xeyriyyə cəmiyyətinin hesabına Bakıda (1905–1911-ci illər), Hacı Zeynalabdin Tağıyevin qız məktəbində alan Məryəm xanım təhsilini davam etdirmək məqsədilə 1911-ci ildə “Müqəddəs Nina” qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya getmiş və Tibb İnstitutuna qəbul olmuşdur. Onun təhsil xərclərini Bakı milyonçusu – xeyriyyəçi Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Lakin Oktyabr çevrilişi (1917) ilə əlaqədar Vətənə dönmək məcburiyyətində qalan Məryəm xanım müəllimlik fəaliyyətinə başlamışdır.

Böyük maarifpərvər Teymur bəyin səyi və qızı Məryəm xanımın böyük əməyi sayəsində təşkil edilən qızlar məktəbində ali təhsilli müəllimə Nəsibə Bayraməlibəyova və tibb elmləri namizədi Rəhilə Bayraməlibəyova, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın ilk opera müğənnisi Həqiqət Rzayeva, Əməkdar artistlərdən Münəvvər Kələntərli və Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad Talışlı, Xanımcan Kərimova, Bacıxanım Axundova, Tacı Zeynalova, Qönçə Axundova, Aliyə Qurbanova, Sərvər Sakayeva kimi tanınmış qabaqcıl ziyalı qadınlar yetişmişlər. Məryəm xanım əslən qarabağlı olmuş və 1919-20-ci illərdə Lənkəranın general-qubernatoru vəzifəsində çalışmış Cavad bəy Məlikyeqanovla ailə qurmuşdur…

Teymur bəy mübariz və vətənpərvər ziyalı idi. Erməni polkovnik Avetisov cənub bölgəsində müsəlman xalqına qarşı qırğınlar törədəndə Bakıya gəlib “Metropol” mehmanxanasında ingilis generalı Tomsonla görüşmüş, ondan Lənkəran qəzasında erməni silahlı dəstələrinin ləğv edilməsini tələb etmişdi. İngilis generalın məsələyə ciddi yanaşmadığını görən Teymur bəy türk qoşunlarının komandanı Nuru paşadan kömək istəmişdi. Nuru paşanın göstərişi ilə türk sərkərdəsi Camal paşa beş yüz əsgərlə Lənkəran qəzasındakı camaatın köməyinə gəlmişdi. Tezliklə quldurbaşı polkovnik Avetisov Göytəpədə öldürülmüşdü.

…Teymur bəy 1918-ci ildə ailəsi ilə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Tədqiqatçı alimlər mübarizələrlə dolu həyat yaşamış yorulmaz pedaqoq, publisist, ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırırlar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra – 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918–37-ci illəri əhatə edir.

Azərbaycanın görkəmli ziyalısı T.Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Teymur bəyə məxsus bir neçə sənəd və fotoşəkillərlə yanaşı, onun “Lənkəran–Ərdəbil şose yolunun tikilməsi layihəsi”, “Böyük Aleksandr haqqında fars əfsanəsi”, “Şah Abbas haqqında türk əfsanəsi” və “Azərbaycan qızlarının fala baxmaları” əlyazmaları xüsusi maraq doğurur…

Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru, professor Yədulla Ağazadə Teymur bəyin mədəniyyət tariximizdəki çoxcəhətli fəaliyyətini əbəs yerə “Qəhrəmanlığa bərabər ziyalılıq” adlandırmır.

Yuxarıda qeyd etdiyimiz kimi, Bayraməlibəyovlar tanınmış nəsil idi. Teymur bəyin böyük qardaşı Cahangir bəy Bayraməlibəyov (1846–1920) ad-sanına görə çox məşhur adam idi. Oğlu Fətulla bəy Lənkəranda üçillik rus məktəbində təhsil alandan sonra Tiflisdə hərbi məktəbi bitirmişdi, çar ordusunun artilleriya general-mayoru idi, polyak dilini mükəmməl bilirdi. Teymur bəyin qardaşı qızı Züleyxa xanım (Cahangir bəyin qızı) Bayraməlibəyova (1872, Lənkəran – 1944, Bakı) Bakıdakı “Müqəddəs Nina” qız məktəbini bitirmişdi. O da əmisi qızı Məryəm xanım kimi, müasir dünyagörüşlü qadın idi. Bakı Şəhər Xeyriyyəçi Qadınlar Cəmiyyətinin fəal üzvlərindən biri olmuşdu. Züleyxa 1891-ci ildə Krakov şəhərində hüquq təhsili almış, Əlisgəndər bəy Axundovla ailə qurmuşdur (Əlisgəndər Axundov 1918-ci ilin dekabrında Azərbaycan Cümhuriyyətinin Parlamenti qurularkən Şamaxı qəzası üzrə deputat seçilmişdi).

Züleyxa xanımın iki oğlu (Aslan və Əjdər), üç qızı (Sona, Ceyran, Leyla) olmuşdur. Böyük oğlu – Aslan bəy (1893–1957) Estoniyada Tartu Universitetini bitirmişdir: Bakıda dəri-zöhrəvi xəstəlikləri üzrə tanınmış həkim idi. Böyük qızı – Sona xanım Axundova-Qarayeva (1896–1970) professor Əbülfəz Qarayevin həyat yoldaşı, dahi bəstəkar Qara Qarayevin anası olub. Kiçik oğlu Əjdər bəy (1897–1963) Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə Fransaya ali təhsil almağa göndərilib. O, uzun illər fransız dili müəllimi işləyib. Leyla xanım (1904–1973) ali təhsilli ev xanımı idi. Ceyran xanım Axundova-Mirqasımova (1905–1985) akademik Mirəsədulla Mirqasımovun həyat yoldaşı, Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun anası olub…

Bayraməlibəyovlar nəslindən olan Şirəli bəy (Ağababa oğlu) Bayraməlibəyov (1884–1933) Kiyevdə Müqəddəs Vladimir Universitetində təhsil almışdır (təəssüf ki, onun haqqında müfəssəl məlumat əldə edə bilmədik).

2012-ci ildə böyük bir nəslin nümayəndəsi, ziyalı, maarifçi, pedaqoq, publisist, tarixçi-etnoqrafın, folklorşünas T.Bayraməlibəyovun anadan olmasının 150 illik yubileyi, demək olar ki, ölkəmizdə səssizliklə qeyd olundu. Yalnız tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtibçiliyi altında AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən Teymur bəy Bayraməlibəyovun seçilmiş əsərləri rus dilində işıq üzü gördü (Bakı, 2012).

Bu il – 160 illik yubileyi ərəfəsində “Masal prodakşn”ın istehsalı olan “Nurlu yol” sənədli filmi ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyova həsr olunub. Filmin ideya və ssenari müəllifi jurnalist Cəfər Cəfərovdur. Quruluş və təsvir rejissoru Elsevər Əliyevə, montajı Faiq Mirzəyə məxsusdur.

Teymur bəy Bayraməlibəyovun xatirəsi əbədiləşdirilmiş, adı Lənkəran və Masallı şəhərlərinin küçələrindən birinə, Lənkəran şəhər 2 saylı və Masallı rayonunun İkinci Yeddioymaq kənd tam orta məktəblərinə verilmişdir. Bu ilin sentyabrında xeyriyyəçi millət vəkili Məşhur Məmmədovun maliyyə dəstəyi və təşəbbüsü ilə İkinci Yeddioymaq kənd tam orta məktəbinin həyətində Teymur bəyin büstü qoyulmuşdur.

Böyük mütəfəkkir, folklorşünas, pedaqoq, maarifçi, tarixçi-etnoqraf, bir sözlə, Azərbaycan ziyalısı və maarifçisi – Teymur bəyin 160 illik yubileyi adıçəkilən yerlərdə, eləcə də doğulub boya-başa çatdığı doğma Masallıda adına layiq qeyd olunmuş və Folklor İnstitutunda xatirəsinə həsr olunan elmi konfrans keçirilmişdir.