Təbiət saysız-hesabsız sirlərlə doludur. Bu sirlərdən biri də timsahların qəribə davranışlarından biri olan daş udma vərdişidir. İlk baxışdan qəribə və mənasız görünə biləcək bu davranışın, əslində, bir neçə bioloji və fiziki səbəbləri var.
Timsahlar və bəzi digər sürünən növlər qastrolit adlanan daşları udurlar. “Qastrolit” sözü yunanca “mədə daşı” mənasına gəlir. Bəs bu daşlar timsahın orqanizmində hansı funksiyanı yerinə yetirir?
Timsahlar ətli və bəzən iri tikələrlə qidalanan heyvanlardır. Onların dişləri əti parçalamağa, qopartmağa yarasa da, çeynəmə funksiyası zəif inkişaf edib. Bu səbəbdən onlar daşları udurlar, mədəyə düşən daşlar oradakı qidanı fiziki olaraq parçalamağa kömək edir və həzmi sürətləndirərək asanlaşdırır.
Lakin digər bir maraqlı məqam da budur ki, daşlar timsahın suyun altında batmasına və hərəkətini idarə etməsinə kömək edir. Timsahlar çox vaxt ovlarını suyun altında gizlənərək izləyirlər. Batmaq və səssizcə suda qalmaq üçün isə müəyyən bir ağırlığa ehtiyac duyurlar. Udulan daşlar bir növ balansı qoruyur və timsahın su altında daha sabit qalmasını təmin edir.
Bu davranış bəzi su quşlarında və digər sürünənlərdə də müşahidə olunur. Bu, heyvanın suda süzülməsinin qarşısını alır və dalğıc davranışına kömək edir.
Timsahların qəribə davranışı bir daha göstərir ki, təbiətdə heç nə səbəbsiz deyil, hər bir instinkt və hərəkət təbiətin incə mexanizmlərinin bir parçasıdır.
Ləman Vahid



