İnsanın yaşının üstünə yaş gəldikcə təkcə təqvimdəki rəqəmlər dəyişmir. Onun baxışları, düşüncələri, hissləri və insanlara olan münasibəti də dəyişir. Hər il insanın içində yeni bir dərs, yeni bir təcrübə toplanır. Zaman keçdikcə anlayırsan ki, böyümək sadəcə yaş almaq deyil, həyatı tanımaqdır.
Uşaqlıqda hər şey daha sadə görünürdü. Kiminsə gülümsəməsi dost olmaq üçün kifayət edirdi. Bir “gəl dost olaq” cümləsi illərlə davam edəcək dostluq kimi görünürdü. Amma zaman göstərir ki, həqiqi dostluq sözlə yox, sınaqlarla yaranır. İnsan çətin günlərdə yanında qalanları tanıyır. Buna görə də böyüdükcə dostların sayı azalır, amma dəyəri artır.
Uşaq vaxtı ən kiçik sözdən inciyər, ən xırda hadisəyə görə göz yaşları axıdardıq. İndi isə həyat insana elə hadisələr yaşadır ki, əvvəl ağladığımız şeylər böyüyəndə adi görünür. İnsan hər ağrıdan sonra bir az da möhkəmlənir. Çünki həyat öyrədir ki, hər dəfə yıxıldıqdan sonra ayağa qalxmaq lazımdır. Güclü görünən insanların çoxu əslində yaşadıqları çətinliklərin hesabına gücləniblər.
Böyüdükcə insanlarla arasına görünməz sərhədlər çəkir. Bu, təkəbbürdən deyil, yaşanmış xəyal qırıqlıqlarından yaranır. Hər kəsə eyni yaxınlığı göstərmir, hər sirrini paylaşmır. Çünki anlayır ki, etibar ən qiymətli xəzinələrdən biridir və onu hər kəsə vermək olmaz.
İnsan bəzən gülümsəyərək danışır, amma daxilində susduğu minlərlə söz olur. Ətrafdakılar onun üzündəki təbəssümü görür, lakin qəlbindəki yorğunluğu hiss etmirlər.
İllər keçdikcə insan baxışlardan, səs tonundan, davranışlardan çox şeyi anlamağı öyrənir. Bəzən bir baxış uzun cümlələrdən daha çox həqiqəti danışır. Təcrübə insana insanların əsl üzlərini görməyi öyrədir. Artıq deyilən sözlərdən çox edilməyən hərəkətlərə diqqət yetirirsən. Çünki insanın əsl siması danışığında yox, davranışlarında gizlənir.
Ən maraqlısı isə odur ki, insanlar səni tanıdıqlarını düşünürlər. Onlar sənin danışığını, gülüşünü, gündəlik həyatını görürlər. Amma heç kim sənin gecələr düşündüklərini, ürəyində gizlətdiyin qorxuları, etdiyin mübarizələri tam bilmir, hətta heç bilmir deyərdim. Hər insanın içində yalnız özünün bildiyi bir dünya yaşayır.
Böyümək insana çox şey qazandırır; təcrübə, səbir, dözüm və uzaqgörənlik. Eyni zamanda sadəlövhlüyü, həddindən artıq inanmağı və bəzi xəyalları da əlindən alır. Buna baxmayaraq insanın daxilindəki yaxşılığı qoruması ən böyük qələbədir. Çünki həyat bizi dəyişdirsə də, ürəyimizdəki mərhəməti və vicdanı itirməmək əsl böyüklükdür.



