Füyuzat 149 Sehrayyə Priyeva Xəbərlər

Güzgü nədir, yoxsa kimdir?

Dünyanın mayası hələ təzə-təzə tuturdu. Hər varlığa əbədi cild və dəyişməz tale paylandığı bir zamanda daşın qismətinə sükut dolu ağırlıq, suyun bəxtinə durmadan axıb getmək düşdü…

Lakin yaradılışın o təlatümlü anında bir qisim bu əzəli axına qarışa bilmədi. Unuduldular… Və kainatın sonsuz boşluğunda asılı qalaraq heç bir qəlibə sığmayan “artıq xammal”a çevrildilər. Protean adlanan bu “unudulanlar” dünyada özlərinə yer tapmaq üçün daim başqalarının cildinə bürünməyə məhkum edildilər.

Günlərin birində gerçək simadan və bədəndən məhrum bir Protean dünyaya göz açdı. Özünü böyük bir boşluğun ortasında tapan bu varlıq daxilindəki qaranlıq uçurumu başqalarından oğurladığı cildlərlə doldurmağa çalışdı.

Bu kimsəsizlərdən ikisi ucqar kəndlərin birində yaşayırdı və bu yaşa qədər sağ qaldıqlarına görə illər boyu qazandıqları buz kimi hissizliyə borclu idilər. Monoton və rəngsiz keçən ömürlərinə bir işartı, bir məna qatmaq üçün yeni Protean yaratmağa qərar verdilər.

Valideyn proteanlar ona qayğı göstərmək əvəzinə, sağ qalmağın sərt qaydalarını öyrətməyə başladılar. Çünki onun hər hansı xətası hamısının ifşası demək idi. Ona səmada süzən yırtıcılardan qaçmağı, diqqətçəkən heç bir formaya bürünməməyi öyrətdilər. Lakin bu proteanın ruhunda valideynlərinin belə sezmədiyi bir qüsur var idi.

Onun ilk sınağı bir topun cildinə bürünmək oldu. Digər topların yaratdığı axına qoşulmalı, toplumun ümumi ahəngini pozmadan diyirlənməyi öyrənməli idi. Lakin formalaşdığı andan etibarən sanki ona görünməz bir əl toxunmuşdu. Nəyə çevrilsə də, daxilindəki o çat zahirinə sızırdı. Qüsursuz dairələr cızan digər topların arasında o, həmişə kənarda qalırdı. Arada başını qaldırıb göyə baxırdı; səmada süzən o uzaq kölgələr, qartallar hələ ki bir topun “qüsurlu” taleyi ilə maraqlanmırdılar.

Getdikcə ruhu ağırlaşdı, forması mürəkkəbləşdi və nəticədə, o, bir qələmə çevrildi. Kağızın ağlığında iz qoymağı, sətirlərin intizamına tabe olmağı öyrənməli idi. Amma həmin lənət yenə proteandan əl çəkmədi, bu dəfə də mühüm bir kəlmə yazanda ya ucu qırılır, ya da kağızı yaralayırdı. Cümlələri yarımçıq qalan, heç bir hekayəni sona çatdıra bilməyən bir qələm… Pəncərənin kənarından səmanı seyr edərkən anlayırdı ki, hələ ki taxta bədəni yırtıcıların marağını çəkmir. Təhlükə olmasa da, rahatlığı da qalmamışdı.

İllər ötdü, təcrübəsi qaya kimi bərkidi. Bir geoloqun əlində ağır çəkicə döndü. Daşın qəlbinə nüfuz etməyi, bərk olanı sındırmağı öyrəndi. İşləyirdi, dayanmadan vururdu. Amma hər zərbədə öz daxilindəki o çat daha da dərinləşirdi. Digər alətlər parıldayarkən o, paslı və tənha görünürdü. Daşları parçalasa da, öz qədərini sındıra bilmirdi. Göy üzündə dövrə vuran qartallar isə sanki onun bir gün səhv edəcəyini, diqqətçəkən bir şeyə çevriləcəyini səbirlə gözləyirdilər.

Sonra bir güzgüyə çevrildi…

Artıq başqalarının cildinə bürünmürdü; əksinə, bütün dünyanı öz bədənində əks etdirirdi. Amma bu dəfə taleyinə yazılmış “qüsur” tam mərkəzdə, ən qaranlıq və ən dərin yerindən boy göstərdi. Parıldayan sinəsində sarmaşıqtək uzanan o qaranlıq çat…
Bu çat elə bir uçurum idi ki, ona baxan insanlar özlərini iki hissəyə bölünmüş görür, içlərində gizlənən yaraları onun bədənində tapırdılar. Bu güzgü yalan danışa bilmirdi, hər kəsə bir-bir həqiqətin o ağrılı və parçalanmış üzünü göstərirdi. Bir gün özünə bənzəyən, eyni kədərli çatları daşıyan başqa bir güzgü gördü. Ona toxunmaq və yaralarını bölüşmək istədi. Lakin digəri öz əksindən qorxub ondan üz çevirdi.

Günbəgün çatları dərinləşdi, ruhu daha çox parçalandı. Ağlamaq istəsə belə, bacarmır, göz yaşı tökə bilmirdi… Güzgülər necə ağlasınlar, göz yaşı tökə bilmirlər axı… Sonda sarıldığı varlığından qopub ayrılmağı qərara aldı.
Nəhayət, hər saniyə qeyri-müəyyən bir qorxuyla yaşamaqdan, başqası kimi görünməkdən yoruldu. Proteanların o qədim və sarsılmaz qaydasını ayaqları altına aldı. Qartalların ən sevimli hədəfinə, cılız bir siçana çevrildi. Gizlənməyəcəkdi. Açıq sahənin tən ortasında dayanıb göyə baxdı. Artıq o baxışların altında yox olmaq, bu saxta və qüsurlu formalardan birdəfəlik qurtulmaq istəyirdi.

Göyün yeddinci qatında idi. Qartalın caynaqları bədənini sıxdıqca ömründə ilk dəfə özünü həqiqi hiss edirdi. İllər boyu ona aşılanan həmin qorxu dolu nağılların, əslində, azadlığın astanası olduğunu anladı. Buludların arasında rəqs etmək, günəşin son şüalarına toxunmaq… Bundan uca nə ola bilərdi? Anidən qartalın caynaqları aralanmağa başladı.

Həmin an anladı: bu, yerə çırpılmazdan əvvəlki sonuncu və yeganə xoşbəxtliyi idi. Qartal onu göylərə qovuşdurmaq deyil, ən yüksəkdən yerə çırpıb parçalamaq üçün bu qədər hündürlüyə qaldırmışdı. Həyat ona özü kimi nəfəs almağa icazə verməmişdi, amma bu sürətli eniş anı tamamilə onun idi.

Yerə çırpılmağa bircə an qalmışdı. Gözlərini sakitcə yumdu və sonuncu dəfə dərindən nəfəs aldı…