Kaspar David Fridrix 5 sentyabr 1774-cü ildə Baltik dənizi sahilində yerləşən Qreyfsvaldda anadan olmuş alman rəssamıdır. O, XIX əsr Alman romantizminin ən mühüm nümayəndələrindən biri hesab olunur. İlk rəsm dərslərini Qreyfsvald Universitetində çalışan rəsm müəllimi İohan Qotfrid Kvistorfdan almış, 1790-cı illərin sonlarından Kopenhagen Rəssamlıq Akademiyasında təhsil almış, daha sonra Drezdendə fəaliyyət göstərmişdir.
Fridrixin yaradıcılığında mənzərə janrı xüsusi fəlsəfi məna qazanmışdır. Təbiət onun əsərlərində yalnız xarici aləmin təsviri deyil, insanın daxili dünyasının ifadə vasitəsidir. Dəniz, dağ, meşə, qaya, məzarlıq, xaç və insan fiquru kimi motivlər vasitəsilə rəssam ölüm, sonsuzluq, tənhalıq, iman və zaman haqqında düşüncələrini ifadə etmişdir. İnsan isə çox zaman təbiətin qarşısında dayanan və öz varlığını dərk etməyə çalışan müşahidəçi kimi təqdim olunur.
Kaspar David Fridrixin “Həyatın mərhələləri” əsəri təxminən 1835–ci ildə yağlı boya ilə kətan üzərində yaradılmışdır. Əsərin ölçüsü 94 × 72,5 sm–dir. Bu əsər rəssamın yaradıcılığının son dövrünə təsadüf edir və buna görə də onun məzmununda həyat, zaman, qocalıq, ölüm və yaddaş mövzuları xüsusi əhəmiyyət daşıyır.
Əsəri yalnız müxtəlif yaşlarda insanların təsviri kimi qəbul etmək düzgün olmazdı. Fridrix burada insan ömrünü bütöv bir proses kimi təqdim edir. Əsərdə uşaqlıqdan qocalığa qədər həyatın müxtəlif mərhələləri bir kompozisiya daxilində birləşdirilir. Romantizmin əvvəlki gücünün zəiflədiyi bir dövrdə rəssam öz yaradıcılıq xəttindən uzaqlaşmayaraq insanın varlığı və zaman haqqında fəlsəfi düşüncələrini davam etdirmişdir.
Əsərin rəng həllində səmanın quruluşu mühüm rol oynayır. Yuxarı hissədə soyuq mavi tonlar üstünlük təşkil edir. Üfüqə yaxınlaşdıqca rənglər isti sarı, narıncı və qızılı çalarlara keçir. Bu rəng keçidi qürub vaxtını yaradır.Lakin qürub burada yalnız günün başa çatmasını ifadə etmir. O, insan ömrünün son mərhələsinə doğru hərəkətin simvoluna çevrilir. Rəssam həyatın sonunu qaranlıq və qorxulu şəkildə deyil, sakitlik və tamamlanma hissi yaradan isti işıqla təqdim edir. Beləliklə, qocalıq yalnız itki deyil, yaşanmış həyatın təbii son mərhələsi kimi görünür.
Göy və dəniz rəngləri bir-biri ilə yumşaq şəkildə əlaqələndirilmişdir. Uzaq məsafələrdə rənglərin solğunlaşması və konturların yumşalması əsərdə hava perspektivini yaradır. Bu üsul məkanın dərinliyini artırmaqla yanaşı, əsərin mistik və düşüncəli atmosferini də gücləndirir. Soyuq mavidən isti qızılı rənglərə keçid əsərin əsas ideyasına xidmət edir: həyat geniş və uzun bir yol olsa da, onun son mərhələsi də özündə sakitlik və gözəllik daşıyır.
Kompozisiyası və simvolik məna
Əsərin kompozisiyası sahildə yerləşən beş insan fiquru ilə dənizdə üzən beş gəminin vizual paraleli üzərində qurulmuşdur. Ön planda iki uşaq, gənc qadın, yetkin kişi və yaşlı kişi təsvir edilmişdir. Fiqurların yaş ardıcıllığı insan həyatının müxtəlif mərhələlərini – uşaqlıqdan qocalığa qədər olan inkişafı simvolizə edir.
Bu ardıcıllıq dənizdəki beş gəmi ilə tamamlanır. Gəmilərin müxtəlif ölçülərdə və məsafələrdə yerləşdirilməsi həyat yolunun başlanğıcını, inkişafını və sona yaxınlaşmasını ifadə edir. Beləliklə, məkan məsafəsi yalnız perspektiv yaratmır, həm də zamanın keçidini simvollaşdırır.
Kompozisiyada uşaqlardan birinin əlindəki İsveç bayrağı da xüsusi məna daşıyır. Qreyfsvaldın tarixən İsveç Pomeraniyasının tərkibində olması ilə bağlı bu detal rəssamın doğma torpağına, keçmişinə və tarixi yaddaşına işarə kimi qiymətləndirilir. Bayrağın uşağın əlində olması keçmişlə gələcək, nəsillərin davamlılığı arasında əlaqə yaradır.
İnsan fiqurlarının geniş dəniz və səma qarşısında kiçik göstərilməsi romantizmin əsas prinsiplərindən olan insanın təbiət və kainat qarşısındakı kiçikliyini ifadə edir. Bununla belə, insan fiqurları əsərin mənəvi mərkəzində qalır. Təbiət burada sadəcə məkan deyil, insanın həyat, zaman və varlıq haqqında düşündüyü fəlsəfi mühitdir.
“Həyatın mərhələləri” əsəri hazırda Almaniyanın Leypsiq şəhərində yerləşən Leypsiq Təsviri Sənətlər Muzeyində saxlanılır. Əsər həm Fridrix yaradıcılığı, həm də XIX əsr Alman romantik mənzərə sənəti baxımından mühüm nümunələrdən biridir.
Əsərin əsas ideyası
“Həyatın mərhələləri”nin əsas ideyası insan həyatının başlanğıcdan sona qədər davam edən, bir-biri ilə əlaqəli mərhələlərdən ibarət olması və zamanın geri dönməz şəkildə irəliləməsidir.
Fridrix bu fikri sözlə deyil, beş insan və beş gəminin qarşılaşdırılması ilə ifadə edir. Gəmilərin müxtəlif ölçüləri və məsafələri həyatın eyni şəkildə və eyni sürətlə yaşanmadığını göstərir. Sahildə dayanan insanlar öz qarşılarındakı gəmilərə baxarkən sanki tamaşaçı da onların yerində dayanaraq öz həyat yoluna kənardan nəzər salır.
Dəniz burada həyatın özünü, sahil başlanğıcla son arasındakı keçidi, gəmilər isə müxtəlif həyat mərhələlərində hərəkət edən insan talelərini simvolizə edir. Qürub işığı isə əsərin ideyasını tamamlayır. Günəş batmağa doğru getsə də, onun işığı hələ də səmanı aydınladır. Bu, həyatın sonunun mütləq qaranlıq kimi qəbul edilmədiyini göstərir. Qürub bir bitişdir, lakin eyni zamanda sakitlik, gözəllik və tamamlanma hissi yaradır.
Əsərin ən mühüm mesajlarından biri budur ki, bir insanın həyat yolu sona yaxınlaşarkən başqa bir insanın həyatı yenicə başlayır. Uşaq böyüyür, gənc yetkinləşir, yetkin qocalığa doğru gedir. Beləliklə, həyat davamlı bir dövriyyə və nəsillərin ardıcıllığı kimi təqdim olunur.
Fridrix üçün zaman yalnız saat və təqvimlə ölçülmür. O, insanın yaşı, baxışı, bədəni, hərəkəti və keçdiyi məsafə ilə hiss olunur. “Həyatın mərhələləri” əsəri insan həyatının başlanğıc, inkişaf, yetkinlik, qocalıq və son mərhələlərinin bir-birindən ayrılmadığını göstərir. Hər mərhələ əvvəlkinin davamı, sonrakının isə başlanğıcıdır. Məhz buna görə əsər yalnız bir mənzərə deyil, insan həyatının fəlsəfi və simvolik təsviridir.
Müəllif: Nuray Mahmudzadə



