Aktual • Ədəbiyyat • Müsahibə • Ülviyyə Rəhman • Xəbərlər

“Düşünməzdim ki, Azərbaycanda bu qədər oxucularım var” – Pərinuş Sənii ilə eksklüziv müsahibə

Tanınmış yazıçı, əsərlərində insan taleyini, qadının cəmiyyətdəki mövqeyini, fərdi azadlıq və sosial ədalət məsələlərini həssaslıqla qələmə alan Pərinuş Sənii XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ölkəmizə səfər edib. “Qanun” nəşriyyatının dəvəti ilə sərgidə iştirak edən müəllif kitab festivalının fəxri qonaqlarından biri olub. “Mənim payım”, “Qardaşımın atası” kimi əsərləri ilə müxtəlif ölkələrdə geniş oxucu auditoriyasının rəğbətini qazanan yazıçı Bakıda da böyük maraq və səmimiyyətlə qarşılanıb. 

“Füyuzat” olaraq yazıçı ilə həmsöhbət olduq. Onun Bakı səfəri ilə bağlı təəssüratlarını, ədəbiyyatın insan və cəmiyyət həyatındakı roluna dair düşüncələrini, gənc yazarlara tövsiyələrini öyrəndik:

– Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görmək çox xoşdur. Dünən azərbaycanlı oxucularınızla görüşünüz oldu. Təəssüratlarınız necədir?

– Çox təşəkkür edirəm. Böyük lütfkarlıq göstərərək məni dəvət etdiniz. Heç düşünməzdim ki, Azərbaycanda bu qədər sevimli oxucularım var. Bu qədər çox oxucunun olması və onların səmimiyyəti mənim üçün, həqiqətən, çox maraqlı oldu və məndə xoş təəssürat oyatdı. Bütün bunlar mədəniyyətlərimizin bir-birinə nə qədər yaxın olduğunu göstərir.

– Sizcə, müasir dövrdə ədəbi dərgilər və çap mediasında hansı məsələlər üstünlük təşkil etməlidir? Dərgi oxumaq əhəmiyyətlidirmi?

– Bəli, qəzet və jurnallar bizə çox böyük kömək edə bilərlər. Onların gündəmə gətirdiyi məsələlər və xalqın, eləcə də cəmiyyətin problemlərini işıqlandırmaları bir növ istiqamətləndirici rol oynayır. Yazar nədən yazmalı olduğunu və həmin mövzunun nə üçün yazılmasının vacibliyini bilir. Nəticə etibarilə, qəzet və jurnallar olmadan biz bu cür məlumatları əldə edə bilməzdik. 

– Bilirik ki, ədəbiyyatla bir çoxları məşğul olur, onların arasında gənc qələm sahibləri də çoxluq təşkil edir. Yazıb yaratmağa çalışan gənc müəlliflərə tövsiyələriniz nə olardı? Gənclər nədən yazmalıdırlar?

– Gənclər öz inancları və ehtiyacları haqqında yaza bilərlər. Lakin təcrübələri az olduğu üçün müqayisə aparmaqda çətinlik çəkirlər. Yazmaq istedadına malik olsalar belə, daha yaxşı yaza bilmələri üçün daha çox təcrübə qazanmalı və dünyanı daha dərindən tanımalıdırlar.

– Ədəbiyyatın insanı dəyişmə gücü varmı, yoxsa o məhz daxili dünyamızdakıları gün üzünə çıxarır? 

– Ədəbiyyat insanın daxilində olanları üzə çıxara və cəmiyyətə insanların nə düşündüklərini, nə istədiklərini, dünyada baş verən hadisələri necə dərk edib şərh etdiklərini göstərə bilər. Yalnız bu yolla biz bir-birimizi daha yaxından tanıya, bir-birimizi daha dərindən anlaya və cəmiyyətlərin problemlərinin həlli yollarını tapa bilərik.

– Pərinuş Sənii bu günlərdə necə hiss edir?

– Bu, məndə bir narahatlıq da yaradıb: özümü mühüm bir insan hesab etməyə başlamamalıyam. İnsanların mənə göstərdiyi bu qədər sevgi məni bir qədər düşündürür; istəmirəm ki, özündənrazı birinə çevrilim. Buna görə də diqqətli olmalı, bəzi məsələləri həddindən artıq ciddiyə almamalıyam. Bununla belə, insanların bu müddət ərzində mənə göstərdikləri mehribanlığa, sevgiyə və lütfkarlığa görə, həqiqətən, çox minnətdaram.

– Sizi yenidən Azərbaycanda görəcəyikmi?

– Əlbəttə. Növbəti dəfə bütün dostlarımı da özümlə birgə gətirmək istəyirəm. Düşünürəm, onlara deməliyəm ki, Azərbaycan, səyahət üçün çox gözəl ölkədir. 

– Çox təşəkkür edirəm. Növbəti dəfə görüşənədək. 

– Sağ olun.

Bakı

26.10.2026

Ülviyyə Rəhman