Füyuzat 132

Almas İldırım haqqında bilinməyənlərin kitabı

Keçmişdən bu günə misilsiz bir xəzinə kimi miras qalan Azərbaycan poeziyası nəsildən-nəslə zənginləşən böyük türk ədəbiyyatına öndərlik etmişdir. Tarixdə az sayda millət yüksək mədəniyyət və incəsənətinin sayəsində həm siyasi, həm də sosial problemlərə sinə gərməyi bacarmışdır.  Torpaq öz mənbəyindən axan saf sularla  cücərib bərəkətləndiyi kimi, türk poe­ziyası da qaynağını ədəbi məcralardan götürən türk şeiri ilə böyüyüb zənginləşmişdir. Təbii ki, bu mənbəni qidalandıran ən ehtişamlı qollardan biri Azərbaycan ədəbiyyatı olmuşdur.

Azərbaycan, türk poeziyası zəngin mədəniyyəti, özünəxas üslubu ilə sənət və sənətkarlıq meyarları ilə zənginləşmiş, milli adət-ənənələrin ədəbiyyata nəqş edilməsi ilə zərif və incə ifadəetmə sənətidir. Şairlərimiz misralarında gah təxəyyül və duyğu ilə yoğrulmuş mənəvi dünyalarını, gah da cəmiyyəti əhatə edən mədəni irsi, təbiət gözəlliklərini təsvir etsələr də, millətə müraciət etdikləri sətirlərdə, eyni zamanda sosial məsələlərdən bəhs etməyi özlərinə vətən borcu hesab etmişlər. Böyük şair Məhəmməd Əmin Yurdaqul yazır: “Unutma ki, şairləri hayqırmayan bir millət, Sevənləri torpaq olmuş öksüz çocuq kimidir”. Azərbaycan, türk şairləri görən gözlə, eşidən qulaqla, yazan əllə, düşünən ağıl və duyğu ilə, millətinin gələcəyinə həssaslıqla yanaşmış və öz sənətlərini bu istiqamətdə formalaşdırmışlar. Onlar çəkdikləri ağrı, itki, kədər, həsrət və sürgünlərə rəğmən özünə milləti üçün hayqırmağı şüar etmiş, əqidələrinin arxasında mətin dayanmağı bacarmışlar. Fikrimcə, onlar üçün ən ağrılısı, şübhəsiz ki, həsrət və qürbət mövzusu olmuşdur. Mühacirətdə yaşayan bu ədiblərimiz ailəsindən, dostlarından, doğulub boya-başa çatdığı vətənlərindən ayrı düşmüş, əzab-əziyyətlərlə bu yolda mübarizə aparmışlar. Mühacir şairlər arasında yaşadığı ağrılarla ayrı düşdüyü vətəni ilə qurduğu dərin bağı türk oxucusuna hiss etdirən, sənəti ilə adını ucaldanlardan biri də Türkiyədəki imzası ilə “Elmas Yıldırım” və ya vətəndəki öz adıyla “Almas İldırım” (İldırım Almaszadə) olmuşdur. Onun mübarizəsi digər mühacir şairlərinkindən qat-qat çətin idi. Məhz bu böyük və çətin mübarizə yolu onu güclü ədəbi şəxsiyyətə və böyük şairlərimizdən birinə çevirmişdi.

Almas İldırımla bağlı tədqiqatlarda onun haqqında bir sıra məlumatlar olsa da, hələlik tam təfsilatlı bir araşdırma aparılmamışdır. Qafqaz türkü, gənc tədqiqatçı və yazıçı Ergün Mamedov apardığı araşdırmalar nəticəsində “Alka” nəşriyyatında çap etdirdiyi iki cildlik əsəri ilə Almas İldırımın həyat və yaradıcılığının bizə məlum olmayan cəhətlərini üzə çıxarmışdır. 2023-cü ildə “Qaf dağının türküsü: Almas İldırım” adı ilə işıq üzü görən bu əsərdə şairin daha əvvəl heç bir kitabında çap olunmamış və araşdırılmamış şeirləri də yer almışdır. Bu tədqiqat oxuculara hər baxımdan xüsusi zövq yaşatmaqdadır. Əvvəl də qeyd etdiyimiz kimi, iki cilddən ibarət olan bu əsərin birinci cildində, əsasən, Almas İldırımın həyatı, ədəbi şəxsiyyəti və yaradıcılığı yer alır. Ədibin uşaqlıq və gənclik illərində sənətə, poeziyaya meylindən bəhs olunmaqla yanaşı, eyni zamanda sürgündə yaşadığı çətinliklər bütün şəffaflığı ilə ortaya qoyulur. Bunun davamında mühacir şairin Türkiyədə yaşadığı sürgün illəri tükənsə də, həsrət göz yaşları onun hər bir misrasında mirvari kimi düzülmüşdür. Almas İldırımın həyatında mühüm dönüş nöqtəsi olan və eyni zamanda Türkiyədə türkçü ziyalıların üzləşdiyi problemlərdən biri də odur ki, 1944-cü ildə onun fəaliyyəti irqçilik-turançılıq məhkəmələri tərəfindən müzakirə edilmişdir.

Ergün Mamedov İldırım bəyin həyatını tədqiq edərkən onun təsirləndiyi, örnək aldığı adları da qeyd etməyi unutmamışdır. Türk mədəniyyət və incəsənətində önəmli yer tutan bir çox şair və ziyalılar Almas İldırımın həyatına, bir növ qəlbinə toxunmuşlar. Kitabda xüsusi həssaslıqla onların hər biri qələmə alınmışdır.

Birinci cildin birinci hissəsində Almas İldırımın həyatı barədə yazılsa da, həmin cildin ikinci hissəsində ədəbi əsərləri “Yaşayarkən nəşr olunanlar” və “Ölümündən sonra nəşr olunanlar” kimi təsnif edilmiş və adları qeyd olunmuşdur. Cildin üçüncü hissəsində isə şairin ilk dəfə çap olunan mühüm və dəyərli yazıları yer almışdır. Yazılarının dərc olunduğu dövri mətbuat, dərgi və qəzetlər ayrı-ayrılıqda izah və təqdim olunmuşdur. Cildin davamında Ergün Mamedov Almas İldırım haqqında naməlum əsərləri, xatirələri və  məqalələri on bir bölümdə ətraflı təsvir etmişdir…

Davamı…