Köşə Yazıları Yunis Orucov

Aşotun oğurlanmasındakı sirr pərdəsi aralanır

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən “Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir” bəyanatını səsləndirməklə Azərbaycan xalqının çoxdandır gözlədiyi etirafı etdi. Bununla da Ermənistan hakimiyyətinin sülh danışıqlarında ortaya  qoyduğu bu mövqe heç şübhəsiz ki, növbəti danışıqlar prosesində əhəmiyyətli rol oynayacaq. Paşinyanın mətbuat konfransının maraqlı tərəfi təkcə bununla məhdudlaşmır. O, həm də Ermənistanın Türkiyənin ərazi bütövlüyünə iddiasının olmadığını dedi. Bu məsələ ilə bağlı səsləndirdiyi ifadələrlə əslində o, uzun illərdir erməni ictimai-siyasi fikrində özünə dərin yer eləmiş tabuları dağıtdı, digər tərəfdən də Türkiyənin Ağrı dağını ideoloji mübarizə səviyyəsinə qaldıran milli ideoloqları mənən dəfn etmiş oldu.

Bu bəyanat çox güman ki, bundan sonra erməni tarixşünaslığında yeni mərhələnin başlanmasına təkan verəcək. Əlbəttə ki, onlar öz iddialarından bir-iki günün içində əl çəkməyəcək. Amma önəmli olan prosesin başlanmasıdır. Paşinyanın atdığı bu addımların nə vaxt tam bəhrə verəcəyi naməlum olsa da bu, sonrakı dövrdə erməni tarixinin yenidən yazılması, orta məktəb dərsliklərinin çürük ideoloji mübarizə metodlarından təmizlənməsi, Ermənistanın dövlət gerbindən tutmuş pul nişanlarına qədər bir çox atributlarda kordinal dəyişikliklərə getməsini labüdləşdirir. Ermənistanın başqa çıxış yolu qalmayıb.

Əslində, Azərbaycan bunu çoxdan deyirdi. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə ikitərəfli münasibətlərdə uğur əldə etmək istəyirsə o zaman çürük ideoloji sistemə son qoymalı, ölkənin tədris sistemində nifrət ruhu aşılayan proses dayandırılmalı, gənc nəslin beynini zəhərləməkdən vaz keçilməlidir. Dünən Paşinyan da açıq şəkildə vurğuladı ki, biz tədris materiallarımızda uşaqlara Türkiyəyə qarşı ərazi iddialarını öyrətməməliyik.

Maraqlıdır ki, Nikol Paşinyan bu bəyanatı oğlunun qaçırılmasına cəhddən bir neçə gün sonra verdi. Bu, onu deməyə əsas verir ki, artıq Paşinyanda oğlunun qaçırılması ilə bağlı planın arxasında duran maraqlar və qüvvələr barədə dəqiq təsəvvür var. Hətta Laçın rayonunun Dığ kəndi istiqamətində baş verən toqquşmadan sonra Paşinyan bu hadisələrin baş verməsində ordu daxilindəki 5-ci kolonu ittiham etmişdi. Bununla da o demək istəyirdi ki, Ermənistan hakimiyyətinin bu təxribatla əlaqəsi yoxdur, hadisəni törədən xarici qüvvələr tətəfindən idarə olunan 5-ci kolondur. O, daha çox Rusiyaya işarə edirdi. İndi sülh danışıqlarının intensivləşdiyi, tərəflər arasında bir sıra razılaşmaların olduğu bir dövrdə Aşot Paşinyanın qaçırılmasına cəhd edilməsi çox güman ki, Nikol Paşinyana bir siqnal kimi xarakterizə oluna bilər. Ermənistan iqtidarı şübhə etmir ki, xaricdə qurulan ssenarinin əsas tərəfinin ikinci Qarabağ müharibəsində həlak olan əsgərlərin valideynləri olması da təsadüfi deyil. Çünki onların hakimiyətdən narazı olması kənar qüvvələrin işinə yarayır və övladlarının çirkin siyasətə qurban getdiyini düşünən valideynlər xarici qüvvələrin öz niyyətlərini həyata keçirməsi üçün əla vasitədir.

Təsadüfi deyil ki, hazırda Ermənistanda müharibədə ölən hərbçilərin ailələrini birləşdirən bir neçə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatların əsas maliyyə mənbəyi isə ölkədə formalaşmır. Onlar daha çox Rusiyada yaşayan erməni diasporunun pulları ilə fəaliyyət göstərir. Bu kimi hallar isə hadisənin Rusiya mərkəzli erməni lobbisi tərəfindən təşkil edilməsi iddialarını gücləndirir. Digər tərəfdən bu hadisə hakimiyyət komandasının da işinə yaradı. Paşinyana nümayiş etdirdiyi mövqe ucbatından özü və ailəsinin təhdidlərlə üzləşdiyini isbatlamaq imkanı verdi.

Bu fonda Paşinyan artıq ölkəsinin əsas strateji hədəfini açıqlayaraq Azərbaycan və Türkiyə ilə münasibətləri kökündən normallaşdırmaq qərarında qəti olduğunu nümayiş etdirdi. Belə demək mümkünsə bıçaq sümüyə dirənib. Elə bir mərhələ gəlib ki, bütün təzyiqlərə baxmayaraq, Ermənistan ya bu məsələni kökündən həll etməli, ya da Paşinyan ona və ailəsinə qarşı yönələn təhdidlər qarşısında ölkəsinin Rusiyanın əbədi nökəri olması faktı ilə barışmalıdır. Çox güman ki, o, birinci istiqaməti seçəcək. Çünki bu istiqamətdə Paşinyan Qərbdən güclü dəstək alır. Qərb İrəvan-Bakı-Ankara arasında münasibətlərinin normallaşmasına yardım etməklə Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır.

Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinə gəlincə, Paşinyan deyib ki, bu, Bakı ilə Xankəndi arasında müzakirə olunmalıdır. O, bununla açıq mesaj verir ki, İrəvan adminstrasiyası guya Qarabağ ermənilərinin işinə qarışmır. Əslində isə bununla ABŞ və Fransaya mesaj ötürür ki, Azərbaycan getsin Rusiya ilə danışsın. Paşinyan bilir ki, Qarabağ erməniləri kartından istifadə edən və Rusiyaya bağlı 5-ci kolon Ermənistanda hakimiyyətə qarşı müqavimətdə məhz Qarabağ ermənilərini manipulyasiya vasitəsinə çeviriblər. Amma bu vəziyyətdə yenə məsuliyyət Paşinyanın üzərinə düşür və o müdrik addım atmalıdır. O, Qarabağ separatçılarına Ermənistanın dövlət büdcəsindən ayrılan maliyyə yardımını kəsməlidir, mərkəzi Xankəndidə yerləşən separatçı qurumun İrəvan da da daxil olmaqla Ermənistanın müxtəlif regionlarında olan nümayəndəlik ofislərini bağlamalıdır.

Hələ ki Paşinyan Rusiya ilə ehtiyatlı davranır və 1999-cu ildə Ermənistan parlamentində baş verən terror hadisəsinin bu və ya digər formada təkrarlanmasını istəmir. Amma fakt ondan ibarətdir ki, Paşinyan Rusiyaya nifrət edir. Öz növbəsində Kreml adminstrasiyasının da nə Paşinyandan, nə də onun komandasından xoşu gəlmir. Lakin məsələ ondadır ki, keçmiş zamanlardakı təcrübədən fərqli olaraq bu dəfə Paşinyanın Qərbdə güclü dəstəyi var və bu dəstək olduqca Rusiyanın Ermənistana təzyiqlərinin effektiv olacağına inam o qədər əhəmiyyətli deyil.