Köşə Yazıları Yunis Orucov

Azərbaycanda 907-ci düzəlişi niyə xatırlamırlar?

İndi Qərb, xüsusilə Amerika Ermənistan üçün daha cəlbedici görünür. Bunun da səbəbləri var. Hələ 1992-ci ildə I Qarabağ müharibəsi ən kəskin fazasına daxil olanda, Azərbaycan torpaqları işğal ediləndə, 1 milyona yaxın insan öz ev-eşiyindən didərgin düşəndə Ermənistan Amerika Konqresində bədnam 907-ci düzəlişin qəbuluna nail olmuşdu. Düzəliş ABŞ-ın Azərbaycana bütün yardımlarını qadağan edirdi və buna səbəb olan amil guya Azərbaycanın Ermənistanı blokadaya salması idi. Əlbəttə ki, erməni lobbisi bu saxtarkarlığa amerikalı konqresmenləri inandıra bilmişdi. Əslində isə blokadaya salınan, soyqırımına məruz qalan Azərbaycan xalqı idi və bütün bunlar Ermənistan hərbi cinayətləri sayəsində mümkün olmuşdu.

Dünən Prezident İlham Əliyev ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda yenidən 907-ci düzəlişi xatırladı. Məlum oldu ki, 30 illik müddətdə çox dəyişiklik olub. Dünya dəyişib, geosiyasi maraqlar dəyişib və ən əsası da ermənilərin Qarabağda başlatdığı qanlı müharibənin gedişində qəbul olunan 907-ci düzəliş artıq öz əhəmiyyətini itirib və indi Azərbaycanda onu heç kim xatırlamır. Prezident haqlı olaraq vurğuladı ki, birincisi ona görə ki artıq Azərbaycanın hər hansı xarici yardıma ehtiyacı yoxdur. İkincisi də Prezident Klinton tərəfindən müvəqqəti ləğv edilən bu düzəliş sonrakı prezidentlər tərəfindən də davam etdirilir. Ancaq bütün hallarda düzəlişin qəbul olunma səbəblərinə qayıtmaqda fayda var.

1992-ci ildə Amerika Konqresi SSRİ-dən ayrılaraq öz müstəqilliyini elan etmiş dövlətlərə demokratiya və bazar iqtisadiyyatına keçid mərhələsində yardım etmək üçün qanunvericilik aktı qəbul edəndən sonra ortaya ciddi bir problem çıxdı. Söhbət “Azadlığı Müdafiə Aktı”na əlavə edilən 907-ci düzəlişdən gedir. Həmin düzəliş Amerikadan Azərbaycana gələn bütün yardımları qadağan edirdi. Elə buna görə də çox keçmədi ki, bu qanunvericilik sənədi Azərbaycanda “Azadlığı İnkar Aktı” kimi tanındı. Azərbaycana qarşı bu mənfur kampaniyanı Birləşmiş Ştatlardakı erməni lobbisi başlatmışdı və onlar konqresmenlərin dəstəyini alaraq Qarabağın işğalı faktından diqqəti yayındırmağa, bir növ bunu leqallaşdırmağa çalışırdılar. Həmin vaxt rəsmi Bakı Azadlığa Dəstək Aktına – 907-ci düzəlişə həssas yanaşırdı. Azərbaycan hakimiyyəti düzəlişin aradan qaldırılması xahişi ilə Ağ Evdə, Milli Təhlükəsizlik Şurasında, Senatda, Konqresdə müxtəlif qapıları döyürdü. Lakin o vaxt bizim səsimizi eşitmək istəmirdilər və onlar hesab edirdilər ki, Azərbaycan ermənilərlə daha nəzakətli davranmalıdır.

2001-ci il sentyabrın 11-də Osama Bin Ladenin tərəfdarları sərnişin təyyarələrini qaçırıb Nyu-Yorku və Vaşinqtonu döyüş meydanına çevirəndə isə təkcə Amerikanın yox, həm də bütün dünyanın taleyi dəyişdi. Dünya yeni düzənə girmişdi və bu faciəli hadisə bəşəriyyəti yeni təhlükə ilə üz-üzə qoymuşdu. Həmin vaxtlar bütün dünyanı ancaq bu suala cavab maraqlandırırdı. Terrorizmdən necə qorunmalı?

Dəhşətli terror hadisəsindən sonra formalaşan yeni Amerika maraqları sırasında Azərbaycan öncül yerlərdə idi. Ona qədər ölkəmiz çoxdandır islam dünyasında dünyəvilik nümunəsi kimi tanınırdı. Bundan əlavə, Əfqanıstanla Yaxın Şərq arasında strateji məntəqədə yerləşən Azərbaycan bu bölgədə terrorizmə qarşı müharibədə əsas funksiyanı yerinə yetirə bilərdi və beləcə, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın əsas müttəfiqlərindən birinə çevrildi. 2001-ci il hadisələri Amerika üçün sınaq dövrü oldu. Dostları tanımaq üçün yaxşı fürsət yaranmışdı. Azərbaycan terrorizmə qarşı mübarizəyə qoşulan beynəlxalq koalisiyanın öndərlərindən olmaqla dünyanı təhdid edən qlobal problemə qarşı birgə mübarizəyə qoşuldu.

Amma beynəlxalq münasibətlərdə yaranmış yeni reallıq mühüm bir məsələyə təcili münasibət bildirməyi tələb edirdi. Azadlığı Müdafiə Aktının 907-ci Bölməsinin Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarına zidd olduğuna şübhə yox idi. Dövlət Departamentinin səyləri ilə Konqres yeni akt qəbul etdi. Prezidentə hər il 907-ci Bölmənin qüvvəsini dondurmaq hüququ verildi. Lakin ona qədər 907-ci düzəliş Amerika siyasətini ermənilərin xeyrinə yönəltmişdi. Amerika demokratiyasının xüsusiyyətlərinə nəzər salanda görürük ki, bu demokratiya bəzən xüsusi maraq qruplarının qurbanına çevrilə bilir. Həmin qruplara isə bəzən lobbi də deyirlər. Təsadüfi deyil ki, 907-ci düzəlişin müəllifi Con Kerri də Ermənistanla dostluq qrupunun əsas ideoloqlarından idi və o, sonralar ABŞ-ın dövlət katibi səviyyəsinə qədər yüksəldi. Düzəlişin müəlliflərindən biri də senator Dennis De-Konsini idi. Arizonalı demokrat 1994-ci ildə istefa verdi və istefasından dərhal sonra ictimai şəkildə etiraf etdi ki, “907” yanlış addım olub, “daha ağıllı və ədalətli hərəkət” Azərbaycana heç olmasa humanitar yardıma yol vermək olardı. Başqa bir konqresmen – Nümayəndələr Palatasında Büdcə və Maliyyə Komitəsinin sədri Robert Livinqston isə 1998-ci il sentyabrın 10-da komitə iclasında çıxış edərək Azərbaycan ərazisinin əksər hissəsinin işğal altında olduğunu, minlərlə azərbaycanlının öz vətənində qaçqın vəziyyətində yaşadığını bildirir. Konqresmen bir qədər əvvəl bölgədə səfərdə olduğuna da diqqət çəkir və bütün baş verənləri öz gözləri ilə gördüyünü deyir. Bundan sonra Nümayəndələr Palatasının rəhbərliyi ilk dəfə açıq şəkildə bəyan edir ki, “907-ci düzəliş münaqişənin həllində Birləşmiş Ştatların neytrallıq statusunu pozur, bu münaqişə iştirakçılarından birini cəzalandırır”. Bu bəyanatdan sonra aləm bir-birinə dəymişdi. Livinqstonun təklifi güclü atəşə məruz qalır. Ermənipərəst Konqres üzvləri dəridən-qabıqdan çıxırlar. Onların arasında kalifoniyalı Nensi Pelosi, illinoyslu Con Porter, miçiqanlı Co Nollenberq, virciniyalı Frenk Vulf daha da fərqlənir. İndianalı demokrat Piter Viskloski erməni mənşəli seçicilərinin mövqeyini dəstəkləməkdən qürur duyduğunu bildirir və deyir: “Hər gün çörək aldığım adam ermənidir. Süd aldığım qadın ermənidir. Hətta bərbərim belə ermənidir”.

Ekspertlərin çoxu deyir ki, sanksiya bilavasitə Konqresdə Azərbaycan haqqında informasiya boşluğundan irəli gəlirdi. Bu fikirdə həqiqət var, amma bu, heç də hansısa ölkəyə qarşı ədalətsiz qərar qəbul edilməsinə bəraət qazandırmır. Amma o da həqiqətdir ki, əgər 907-ci düzəlişin qəbulu indiyə təsadüf etsəydi, erməni lobbisi belə bir qanunvericilik aktını asanlıqla Konqresdən keçirə bilməzdi. Lakin məsələni yalnız informasiya boşluğu ilə izah etmək də sadəlövhlük olardı. Bütün hallarda düzəlişin ləğvi tam mümkün olmasa belə, artıq yeni reallıq yaranıb. Bu realllığı isə Azərbaycan özü yaradıb. Döyüş meydanında əldə edilən üstünlük Azərbaycanın regional çəkisini artırmaqla yanaşı, onun qlobal miqyasda nüfuzuna da təsirsiz ötüşməyib. Bu baxımdan 907-ci düzəlişin qəbul edilmə şərtləri indi əvvəlki kimi əhəmiyyətli deyil. Ona görə ki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək regionda müharibə riskini aradan qaldırıb. Ermənistanın regional layihələrdə iştirakı üçün konkret təkliflər irəli sürülüb. Kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslər ilk növbədə Ermənistana lazımdır. Ən əsası isə 907-ci düzəliş ləğv olunarsa bu, Amerika–Azərbaycan münasibətlərində yeni səhifə açacaq. Amma bütün hallarda hər iki dövlət bir ümumi düşmənə qarşı mübarizə aparır. Hərçənd ki bizim mübarizəmizin tarixi daha qədimdir, amma bu mübarizəni xalqlarımızın dilində eyni ad birləşdirir: terrorizm.