Xəbərlər

Azərbaycanın milli geyimləri

Azərbaycanın milli geyimləri xalqın zəngin mədəni irsini, tarixi ənənələrini və regional xüsusiyyətlərini əks etdirən ən mühüm mədəni dəyərlərdən biridir. Bu geyimlər həm gündəlik həyat, həm də mərasim və bayramlarda istifadə üçün nəzərdə tutulmuşdur. Hər bir bölgənin özünəxas geyim növləri var.

Azərbaycan qadın milli geyimləri zərifliyi, rəngarəngliyi və bənzərsiz naxışları ilə seçilir. Əsas geyim elementləri isə bunlardır:

Köynək – incə və ipək parçalardan tikilən, bədənə yapışmayan, uzunqollu və geniş formalı olur.

Çəpkən – qadınların üst geyim kimi geyindiyi, naxışlarla bəzədilmiş, ətəyi uzun və düyməsiz üst libasıdır.

Əməkə və ya arxalıq – geniş ətəkli, bəzən zərgərlik detallarına malik olan üst geyim.

Şalvar – əsasən, atlas, tirmə və ya şal parçalardan hazırlanır, köynəyin altından geyinilir.

Kəmər və bəzək əşyaları – gümüş və ya qızıldan düzəldilən kəmərlər, boyunbağılar, sırğalar, tirmə və ya ipəkdən tikilən baş geyimləri (kəlağayı, çutqu, baş bağları) keçmişdə geniş istifadə olunurdu.

Kişilərin milli geyimlərinə isə aşağıdakıları misal göstərə bilərik:

Köynək və şalvar – sadə kəsimli, ağ və ya pastel rəngli köynəklər, dar və uzun şalvarlarla tamamlanırdı.

Çuxa – ənənəvi kişi üst geyimi olub, bəzən döşündə “qolçular” və ya patronluq yerləri olan, çiyinə qədər enli, uzun geyimdir.

Arxalıq – daha nazik parçalardan tikilən, çuxanın altından geyilən libas.

Papaq – qoyun dərisindən hazırlanan kişi baş geyimidir. Fəxri əlamət kimi də qəbul olunurdu.

Kəmər və bıçaq – kəmər üstündə, adətən, bəzəkli xəncərlər və ya kiçik bıçaqlar daşımaq adət idi.

Bu geyimlərin hazırlanmasında müxtəlif materiallı parçalardan istifadə olunurdu. Qadın geyimlərində ən çox atlasdan, ipəkdən, məxmərdən, kişi geyimlərində isə tirmə, yun, dəri parçalardan istifadə olunaraq geyimlər hazırlanırdı. Gümüş və qızıldan isə zərgərlik elementləri olan – naxışlı kəmərlər, düymələr və bəzək əşyaları hazırlanırdı.

Ölkəmizin müxtəlif bölgələrində milli geyimlərdə fərqliliklər müşahidə olunur:

Qarabağ – zərif ipək, atlasdan tikilən geyimlər, çoxsaylı zərgərliklərlə bəzədilirdi.

Quba və Şəki – daha sadə və funksional geyimlər üstünlük təşkil edirdi.

Naxçıvan – baş geyimləri və toxuma elementləri ilə fərqlənirdi və s.

Hazırda milli geyimlər daha çox toy və milli bayramlarda, folklor ansambllarında, teatr tamaşalarında və milli filmlərdə, muzeylər və sərgilərdə nümayiş olunur.

Ləman Vahid