Elmin Nuri Tarix

Bir nəğməlik əzablı yol – Məhəmməd Həsən Hacınski “Cümhuriyyət hekayələri”

QEYD: Hörmətli oxucu, “Cümhuriyyət hekayələri” silsiləsi altında təqdim edəcəyimiz sənədli hekayələr bədii təxəyyül deyil, sənədlər əsasında hazırlanıb. Real tarixi sənədlər, mənbələr, kitab və məqalələr sayəsində ərsəyə gələcək bu bioqrafik hekayələrdə bir növ sizinlə birlikdə yol gedəcək və yalnız bədii təsvirlə real, yaşanmış hekayələrə işıq tutmağa çalışacağıq.

Hekayəsini təqdim edəcəyimiz ilk qəhrəman Azərbaycan Cümhuriyyətinin həm daxili işlər naziri, həm də xarici işlər naziri kimi məsul vəzifələrində çalışmış Məhəmməd Həsən Hacınskidir. İlk olaraq ondan başlamamızın iki səbəbi var: birincisi, M.Hacınskinin faciəvi intiharı, ikincisi isə, hələ gənclik illərindən çox sevdiyi, həm də ölüm anında belə onun yanında olan (ailəsi sayəsində) məşhur xalq mahnısı “Pəncərədən daş gəlir” (digər adı ilə “Ay bəri bax”) nəğməsinin kədərli yolu… Hekayə boyu sizi məhz bu nəğmə müşahidə edəcəkdir.

***

1931-ci ilin fevralı… İşgəncələrdən cana doymuş bədəni artıq heç bir ağrını hiss etmirdi. Ağrı onun yaddaşında gəzir, şüurunda kor yolçu kimi gah görünür, gah da gözdən itirdi. Artıq nəyisə xatırlamaq, hiss etmək belə istəmirdi. Bircə o nəğmə qulaqlarında çınlayır, gəncliyini, ömrünün ən gözəl illərini korşalmaqda olan yaddaşında dirildirdi. Yalnız onda təcridxanada gördüyü ağır işgəncələr qarşısında mətin dayanan keçmiş Cümhuriyyət naziri, adlı-sanlı Hacınskilərin övladı – Məhəmməd Həsən hisslərinə hakim ola bilmirdi. Həyatının son 19 ilində daha nələri yaşamadı ki?! Tarix üçün çox qısa mərhələ olan bu 19 ildə ömrün bütün acılı-fərəhli anlarını daddı; vaxt oldu ki, aylıq maaşı kirayə puluna çatmadı, qürbətdə işləsə də, bu səbəbdən gənc həyat yoldaşını öz yanına apara bilmədi və bunu ona yazdığı məktublarda böyük utanc hiss ilə bildirdi. Vaxt da oldu ki, ən bacarıqlı memar kimi böyük şəhər layihələri ona tapşırıldı və dövrünün ən yüksək əmək haqqı alan şəxslərindən birinə çevrildi. Vaxt oldu, yaxın dostu-sirdaşı və yarımadaşı Məhəmməd Əminin onda yaratdığı böyük şövqlə siyasi müstəvidə parladı və Bakı Bulvarını qurmuş bir memar olmaqla yanaşı, gənc dövlətin iki böyük nazirliyinə nəzarət etdi… Amma bu nəğmə heç zaman onu tərk etmədi…

…İndi yəqin bilirdi ki,ömrünün sonuna çox qalmayıb. Artıq özü-özlüyündə nələrisə qətiləşdirmişdi. Arvadı Səadətlə oğlu Şamilin ondan ötrü necə zillətlər yaşadığını da bilirdi. Bütün gücünü toplayıb ailəsinə yazdığı sonuncu məktubunda da demək istəmişdi ki, əslində, siz gizlətsəniz də, yaşadığınız bütün sıxıntıları bilirəm, mənə hər şey məlumdur. Təkcə bunu demək istəməmişdi, Məhəmməd Həsən bununla həm də çox qısa müddətdən sonra yaşanacaq faciənin də gizli anonsunu etmişdi:

“Mənim yazıq yetimlərim, ananızı incitməyin, ona qulluq edin. Mənə heç nə göndərməyin, burada hər şey var. Pianonu satın, ac qalmayın”.

O, ötən ilin, yəni, 1930-cu ilin 3 dekabrından təkadamlıq kamerada saxlanılırdı. Artıq iki ay idi ki, ona fiziki, ruhi, ən əsası, mənəvi əzab verən dindirilmələrə birtəhər dözürdü. Sonuncu məktubu yazanda artıq qurumaqda olan göz yaşlarını saxlaya bilmədi. Hönkürtü ilə ağladı… Düz iki ay bundan əvvəl evində qəfil, axşam saatlarında aparılan axtarışın ardınca onu həbs etmiş və təcridxanaya salmışdılar. Səadət xanımın qısa zamanda hazırladığı kiçik əl çamadanı – iki ədəd sabun, təmiz dəsmal və qızlarının cehizliyindən çıxardığı qatı açılmamış mələfədən ibarət yüklə (bunlar arxiv sənədlərində də qeyd olunub – E.N) evini o gedən tərk etmişdi.

Uçquna düşmüş gözlərində qabar bağlamış əzab və kədərin altındakı pərdədə bir sözü oxumaq olurdu: “Yazıq Səadət…”

Artıq bilirdi ki, dövran daha o dövran deyil. Çox şeylər dəyişib. Bir zamanların məşhur Hacınskilər ailəsi indi hansı zillətləri yaşamaqdadırlar. Bütün gücünü toplayaraq, evinə tez-tez məktub yazardı. Hər dəfə də tapşırardı ki, ona çox yemək göndərməsinlər. Onun üçün göndərilən qutabı ətlə deyil, daha ucuz olan balqabaqla bişirilməsini, evdə qoyub gəldiyi “köhnə qaloşlarının” ona çatdırılmasını, işlənmiş mələfənin yuyulub, kraxmallanıb geriyə göndərilməsini xahiş edirdi…

***

Son bir neçə gündə isə dodaqlarında bir nəğmənin xəfif və kədərli zümzüməsi eşidilir və tez də kəsilirdi. Ağrı yaddaşına girib oradakı xatirələri gəmirməklə məşğul idi. Amma o xatirələr ağrının dişləri arasında didilə-didilə ölmürdü, əksinə, daha da dirilirdi. Gözlərinin önünə sanki bir sərgi divarı kimi bir-bir ən şirin yaşantıları gətirirdi: budur, düz 19 il bundan əvvəl… Varlı insanlar üçün əcnəbi diyarlardan tikinti malları gətirən tacir Balakişinin gənc və gözəl qızı Səadət… Onun təzə ailə qurduğu, safdan da saf, məsumluğu ilə bəzən də zarafatlaşdığı xanımı… Ata evindən cehiz kimi gətirdiyi gümüş şamdanlı pianosunda onun üçün ən sevimli nəğməni – “Pəncərədən daş gəlir”i ifa edir. Gənc Məhəmməd Həsən isə şövqlə oxuyur. Nəğmə bitir. Amma o yenidən bu ifanın təkrarını xahiş edir. Yorulmur. Həyat necə də gözəldir!! Tələbəliyinin bütün ağrıları, gənc memar çağının ümidsizliyi sanki bu nəğmə ilə canından çıxır. Hacınskilər sonradan ömürlərinin ən fərəhli illərində, xüsusi günlərdə bu nəğməni hər zaman ifa edib: yenə də Səadət xanım piano çalıb, o isə oxuyub. Hələ oğulları Şamillə, Muxtarla birlikdə rəqs də edib…

İndi isə ac qalmamaları üçün bu pianonun satılmasını istəyir. Amma bilir ki, Səadət onu heç zaman satmayacaq. Qurduqları gənc dövlətin, Şərqin ilk müstəqil Respublikasının baniləri olan məsləkdaşlarının bir çoxları qətlə yetirildi. Kimisə sürgündə, kimisi də qürbətdə… Min bir ümidlə xaricə yolladıqları tələbələrin aqibətləri isə heç bilinmir də. Görəsən, onlara nə oldu? “Heyf səndən Nəsib bəy, Xan Xoyski, Həsən bəy… “ fəryadları iki aydır ki, ruhunu parçalayır. Amma bircə şeyi tam dəqiqliyi ilə bilir: artıq onun da ömrünün sonuna çox qalmayıb.

***

“Səadətim, yəqin ki, Moskvada mənzil tutmaq bizə çətin olacaq. Yaxşı mənzil tutmaq imkanım azdır. Digər tərəfdən, indi mənzil tutsam, onda bir neçə ayın pulunu boş yerə ödəməliyəm. Mən isə sənsiz orada yaşamayacağamsa, boş mənzilə görə ayda 60 rubl verməyə heyfim gəlir. Ancaq bu ay xərcim çox olduğundan indi çətinlikdə yaşasam da, sənin gəlişinədək müəyyən qədər pul toplamaq fikrindəyəm ki, yanında üzüm ağ olsun. Gecələr də işləyirəm ki, maaşım 250 rubla çatsın və üstündən xərcləməyim. Əgər hər ay 250 rubl yığa bilsəm, sən gələnədək 750 rubl olar… Əgər sənə pul lazımdırsa, yaz, mən sənə göndərərəm” (26 noyabr, 1903-cü il tarixli məktubdan).

Ömrünün son günlərində cəmi bir neçə ay əvvəl evləndikdən sonra məcburi səbəbdən Bakıda qoyaraq Moskvada işləməyə gəldiyi həyat yoldaşı Səadətə yazdığı bu məktubu tez-tez xatırlayar və yalnız onda dodaqlarına xəfif gülümsəmə gələrdi. Məktubun hələ o vaxt çox gənc olan Səadətlə zarafatlaşdığı hissəsinə çatanda isə yaşadığı əzabları az da olsa unudardı:

“Səadətim, sən atanla məktublaşırsanmı? Əgər məktublaşırsansa, ona mütləq yaz ki, Məhəmməd Həsən məni burada qoyub Rusiyaya qaçıb. Qoy bir az hirslənsin. Yoxsa o çox xoşbəxt yaşayır.

Səadətim, heç bilmirəm, biz nə zaman görüşəcəyik. Mən çox istəyirəm ki, səni də buraya gətirim. Lakin sən hələ uşaqsan, həyatı tam anlamırsan… İndi də yəqin, Allah bilir, fikrinə nələr gəldi… başqa cür düşünsən ,onda mənim barəmdə günaha batarsan. Mənim səndən başqa heç kimim yoxdur. Burada yad diyarda mən xəstələnsəm, heç kəs mənə bir içim su da verməz. Sən mənimlə olanda isə məni sevib qayğı göstərənin yanımda olmasından hədsiz qürur duyacağam” (Aydın Dadaşov “Məhəmməd Həsən Hacınski”, monoqrafiya).

Amma sonra çox şey dəyişdi. Qısa bir zamanda gənc və istedadı memar şəhərin əsas simalarından birinə çevrildi. İçərişəhər, Şirvanşahların təmiri, Bakı bulvarı kimi layihələr, neçə-neçə binalar, dövlət əhəmiyyətli tikililər… Hələ həyat pillələrində ildırımsürətli uğurları…

Ali ixtisaslı memar kimi Bakının gözəlləşməsində müstəsna rolu olan Hacınski ictimai sahədə də fəaliyyətini artırırdı. Qısa müddətdə şəhər idarəsinə rəhbərlik etdi, 1917-ci il inqilabından sonra yaradılan Müsəlman Şurası İcraiyyə Komitəsinin sədri seçildi, həmçinin Dumadakı azsaylı müsəlmanlardan biri oldu. İctimai fəaliyyətinin məntiqi sonluğu kimi 1918-ci ildə qurulan Xalq Cümhuriyyətinin xarici işlər naziri təyin olundu. Sovet hakimiyyəti zamanında xalq təsərrüfatı sahəsində fəaliyyətini davam etdirib 1923-ci ildə Zaqafqaziya Dövlət Plan komitəsi sədrinin birinci müavini vəzifəsində çalışdı.

Sonradan hər şey dəyişdi. Elə bir gün gəldi ki, uzun müddət yüksək vəzifələrdə çalışan Məhəmməd Həsən aclığın, səfalətin bütün üzünü gördü. Dövrün diktəsi ilə həbs edildi…

Və bu da nəticə… Artıq nəyəsə ümid etmirdi də… Bircə övladları ilə Səadəti düşünürdü. Amma onlar üçün edə biləcəyi son iş də bir tikə pendirdən o tərəfə keçə bilmədi. Ailəsinin necə səfalət içində yaşadığını bildiyindən onun üçün göndərdikləri kasıbyana ərzaqı, azacıq pendiri yenidən onlara geri göndərdi. Ən azından, bu xahişinə əməl etmələrini istədi. Təzə yuyulmuş, kraxmallanmış və evinin bəxtəvər çağının qoxusunu üzərində daşıyan mələfəni isə özündə saxladı…

…Və …Və 1931-ci ilin 8 fevralında həmin mələfədən hazırladığı kəndirlə həbsxanada özünü asaraq intihar etdi…

***

Məhəmməd Həsən bəyin ölümü həmin gün oğlu Şamillə həbsxanaya baş çəkən Səadət xanıma bildirilir. Ərinin nəşinin qaytarılmayacağını öyrənən Səadət xanım Orconikidzeyə (vaxtilə yaxın dostluq münasibətləri olan şəxs. O dönəmlərdə Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü idi) teleqram vuraraq ondan əriylə vidalaşmağa imkan yaratmağı xahiş edir. Sonra evə qayıdaraq halva çalan Səadət xanım uşaqlarını başına yığıb mərhumun ruhuna dualar oxuyur. Uşaqlarına ağlamağı qadağan edən ana zəif səslə “Pəncərədən daş gəlir”i zümzümə edir. Uşaqlar da ona qoşulur və bu mahnını faciə ilə üzləşən ailənin ağısına çevirirlər…

***

P.S. Əziz oxucu, əslində, hekayə yuxarıdakı cümlələrlə də bitməli idi. Amma bir nəğmənin fonunda oxuduğunuz bu real tale hekayəsinə mərhum müəllimim, professor Aydın Dadaşovun qeydlərini əlavə etmək istərdim. A.Dadaşov M.Hacınski haqqında ilk böyük monoqrafiyanı əsaslı sənədlər əsasında yazdı və orada bir çox mətləblərə aydınlıq gətirdi. Onlardan birini təqdim etmək istərdim:

“Ölümünün ertəsi günü Serqo Orconikidzenin göstərişi ilə Hacınski ilə vidalaşan Səadət xanım mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çamadanı götürüb evə qayıdır. Çamadandan çıxan mələfədən doğranıb-hazırlanan kəndir ailəyə ağır təsir edir. Mərhumun oğlanları həmin gecə kəndiri aparıb xəlvətcə vaxtilə F.Xoyskinin və H.Ağayevin dəfn edildikləri məzarlıqda basdırırlar…”

“Pəncərədən daş gəlir” nəğməsi isə, bəlkə, indi də Məhəmməd Həsənin, eləcə də Səadət xanımın və övladlarının məzarlarına keşik çəkir. Bəlkə də, bilmədiyimiz mücərrəd bir dünyada onları yenidən birləşdirir…

Elmin Nuri
STM-in sektor müdiri