Elmin Nuri Köşə Yazıları

Elm Gününə sözardı – Kölgədə gizlənən bir nömrəli bəla

Aysberqin o üzündə “İki M” prinsipi

2018-ci ildən etibarən, 27 mart tarixi Azərbaycanda Elm Günü kimi qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyasının  yaranmasının (1945-ci il, 27 mart) şərəfinə bu tarix təqvimdə Elm Günü kimi fərqləndirilir.

Azərbaycan elminin indiki durumu, onun çağdaş dünyanın yeni yanaşmaları ilə  niyə  ayaqlaşa bilməməsi, alimlərimizin beynəlxalq elmi dairələrdə kifayət qədər nüfuz qazanmamaları və s. kimi məlum məsələlərə bu dəfə toxunulmayacaq. Çünki bu barədə onsuz da kifayət qədər danışılıb, müxtəlif səbəblər göstərilib. Lazımi çıxış yolları və onların tətbiq mexanizmləri isə çox zaman vurğulanmayıb.

Elə isə gəlin elmin inkişafına (yaxud, əksinə) təkan verən konkret bir detalı vurğulayaq: Elmin populyarlaşması!

Təəssüf ki, bizlərdə elm heç cürə kütləviləşə, populyarlaşa bilmədi. Bu gün cəmiyyətin elmə baxışındakı laqeydlik, hədsiz biganəlikdə bunun nə kimi rolu vardır?

Gəlin, etiraf edək ki, elm kimi ali dəyər bu gün cəmiyyətimizdə sevilmir, insanları özünə çəkmir. Obyektiv səbəblər aydındır. Amma başlıca səbəb budur: Elm populyarlaşdırılmır. Elmin kütləviləşdirilməsi istiqamətində təəssüf ki, çox cüzi işlər görülür. Elmi bu gün məktəblərə “aparmaq” lazımdır. Şagirdlərə elmi sevdirməyin, yeniyetmə və gənc nəsil arasında necə populyarlaşdırmağın yolları düşünülməlidir.

Bunun üçün isə ən tutarlı təklif  “2M” prinsipidir. Prinsipi iki əsas tərəfdən – məktəb və mediadan ibarət olduğu üçün şərti olaraq  bu cür adlandıraq. Birinci M, yəni məktəb haqqında danışmağa çox da ehtiyac yoxdur. Elmi yanaşmalar,  elementar səviyyədə də olsa, məktəbə daşınmayınca, şagirdlər yaddaşın yüklənməsi prinsipi ilə deyil, tədqiqatyönümlü təfəkkürün inkişafı istiqamətində formalaşmayınca, “2M” prinsipinin bu bəndini iflic hesab edə bilərik.

Halbuki bunun üçün çox da böyük əziyyət və çabalara ehtiyac yox idi. Təkcə bir amili qeyd edək: STEAM təhsil. Mahiyyətində elmi tədqiqatla yaradıcı yanaşmanın sintezi olan STEAM metodu məktəblərdə tədris olunsa da, hələlik öz effektivliyini göstərə bilməyib.

Şagirdlərə elmi sevdirmək və onu məktəbə daha rahat daşımaq üçün STEAM tədris metodu ilə bağlı təcili və təxirəsalınmaz addımların atılması mütləqdir.  Bu gün  ABŞ başda olmaqla bir çox ölkələrdə STEAM metodunun tədrisinə 3 yaşdan başlanılır (İtaliya, Koreya və bizə yaxın Türkiyə). Yəni məktəbdən də yox, məktəbəqədərdən…

Mövcud reallığı,  texniki təminat və kadr çatışmazlığı kimi səbəbləri nəzərə aldıqda ölkəmizdə bu prosesin 3 yaşdan başladılması sadəcə mümkün deyil. Amma iki mühüm yeniliyi edə bilərik:

1) STEAM tədris metodu yalnız seçilmiş pilot məktəblərdə deyil, regionlardakı bir çox məktəblərə də yayılmalı, ən azı, 1000 orta ümumtəhsil müəssisəsini əhatə etməlidir;

2) Ayrıca fənn kimi keçirilən bu tədris metodu VI deyil, I sinifdən etibarən tədris olunmalıdır.

STEAM elə bir metoddur ki, insan psixikasına uşaqlıqdan hakim olmalıdır, onun düşüncə tərzinə çevrilməlidir. VI  sinif isə bunun üçün çox gecdir…

Medalın o biri üzü – “2M”in daha bir faydasız tərəfi

Azərbaycan mediası təəssüf ki, bu gün elmin, onun inkişaf meyllərinin yanında yer almır. Elm mövzusu ilə bağlı tədqiqat və araşdırmalara söykənən, analitik təhlildən keçən materiallara onlayn və çap mediada nadir hallarda rast gəlinir. Əksər hallarda neqativ məzmunlu materialların yayımına üstünlük verilir. Bu materiallar birbaşa elm-təhsil hadisəsi yox, sosial davranış pozuntusu hesab olunsa da, məzmun birbaşa təhsil faktoruna aid edilir.

Sayt və qəzetlərdəki elm məzmunlu materiallar, əsasən, neqativ və aqressiya yaradan başlıqlarla paylaşılır və media problem faktorunun qabardılmasına daha maraqlı olur.

Doğrudur, bu gün Azərbaycan elminin problemləri kifayət qədərdir. Amma bu o demək deyil ki, biz cəmiyyətdə motivasiya yaratmaq, gəncləri elmə yönəltmək üçün heç bir iş görməyək. Elm ali dəyər, az qala müqəddəs sayıla biləcək kateqoriyadır. Amma bir çox xəbər portalları və çap mediası üçün elmlə bağlı mövzuların təqdimi AMEA-da yaşanan uyğunsuz halların, neqativ məsələlərin tənqidindən o yana getmir.

Elm və təhsillə bağlı mediada yayımlanan materialların xarakter və məzmununu  şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

– Bu tipli materiallar əksər hallarda sırf informasiya xarakterli  olur. İnformativ bilgilər bir neçə qrupa bölünür:

a) Rəsmi xəbərlər (Ölkə başçısının fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qərar və yenilikləri;

b) Rəsmi təsdiqini tapmayan sosial şəbəkə məlumatları;

c) Anonim mənbələrə istinadən  yayımlanan etibarlı sayıla bilinməyən informasiyalar (bu cür informasiyalar əsasən məktəblərdəki neqativ hallarla bağlı olur).

– Tədqiqat və araşdırmalara söykənən, analitik təhlildən keçən təhsil materiallarına onlayn və çap mediada nadir hallarda rast gəlinir;

– Əksər hallarda neqativ məzmunlu materialların yayımına üstünlük verilir. Bu materiallar birbaşa təhsil hadisəsi yox, sosial davranış pozuntusu hesab olunsa da, məzmun birbaşa təhsil faktoruna aid edilir.

Sayt və qəzetlərdəki təhsilməzmunlu materiallar, əsasən, bu başlıqlarla paylaşılır və media problem faktorununun qabardılmasına daha maraqlı olur: 

 – “Məktəb direktoru işdən çıxarıldı” (axtarış maşını üzrə 171 000 nəticə)

– “Məktəb direktoruna töhmət verildi” (120 000 nəticə)

– “Məktəb direktorunun səs yazısı yayıldı” (107 000 nəticə)

– “Daha bir məktəbdə rüşvət qalmaqalı” (504 000 nəticə)

– “Məktəbdə dava düşdü” (688 000 nəticə)

– “Məktəbdə bıçaqlanma…” (272 000 nəticə)

– Müəllim şagirdi döydü” (129 000 nəticə)

Yuxarıda göstərilən nümunələr neqativ məzmunlu xəbər başlıqlarının yalnız bir hissəsidir. Lakin bu tipli başlıqlarla verilən informasiyaların tirajlanması cəmiyyətdə təhsilə bir sistem olaraq yanaşmada müəyyən mənfi təsirlərə yol açır. Məktəb və müəllimin nüfuzu informasiya xaosunda ciddi şəkildə zədələnir. Əsasən, sosial şəbəkələrdə yazılan informasiya və dezinformasiyaların tirajlanmasına üstünlük verən media təhsili bir vahid, sistemləşdirilmiş orqanizm kimi də zəiflətmiş olur.                     

Bir sözlə, media resursları elmin kütləviləşməsi üçün xüsusi işlər görməlidirlər. Ümumiyyətlə, elmin piarı yüksək səviyyədə aparılmalıdır. Bunu isə daha yaxşı elm və təhsil istiqamətində ixtisaslaşmış jurnalistlər edə bilərlər. Onların sayı isə çox azdır. Çağdaş dünya elmində gedən prosesləri izləyən, öz ölkəsindəki elmi problemləri dərinliyinə qədər gəlib müqayisə etmə qabiliyyətinə malik şəxslərin olmaması bu istiqamətdə ciddi boşluqlar yaradıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Elmi jurnalistika adlı ayrıca xüsusi kurs yaradılmalı və predmeti könüllü surətdə seçən gənclər bu yöndə ixtisaslaşmalıdırlar.

Beynəlxalq təcrübədə elm və təhsil mövzularının mediada işlənmə mexanizmi nisbətən fərqlidir. Məsələn, qardaş Türkiyənin əksər böyük çap və onlayn media resurslarında elm, təhsil, eləcə də texnologiyaya xüsusi yer ayrılıb. Təhsil bölümündəki materiallarda neqativ məzmunlu informasiyalara deyil, məktəb, xüsusən də universitetlərlə bağlı vacib bilgilərə xüsusi önəm verilir.

ABŞ-da təhsil və elm mövzuları adətən ayrıca platformalarda yayımlanır. Platformalar  tam şəkildə bu sahə üzrə ixtisaslaşmış, bəziləri bilgiləndirici subyekt olmaqla yanaşı, ayrıca xidmət resursu kimi də fəaliyyət göstərir.

Xəbər portallarında isə alt bölmələr şəklində, əsasən, elm və texnologiya materiallarına rast gəlmək mümkündür.

Bəzi inkişaf etmiş Avropa ölkələrində də (İngiltərə, İsveçrə, Finlandiya, Danimarka və s.) bu modeldən istifadə edilir. Sırf təhsillə bağlı olan veb-saytlar, əsasən, pozitiv məzmunu cəmiyyətə ötürməyə meyllənir.

Bəs nə etməli?

Hazırda çağdaş Azərbaycan mediasında dünya elmində gedən cari prosesləri izləyən, öz ölkəsindəki elmi problemləri dərinliyinə qədər gəlib, müqayisə etmə qabiliyyətinə malik şəxslərin olmaması bu istiqamətdə, yəni elmin media vasitəsilə təbliğində ciddi boşluqlar yaradıb.

Artıq vaxtıdır: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Elmi jurnalistika adlı ayrıca xüsusi kurs yaradılmalı və predmeti könüllü surətdə seçən gənclər bu yöndə ixtisaslaşmalıdırlar.

Təkcə Bakı Dövlət Universiteti deyil, eləcə də, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti elm və təhsil jurnalistikası istiqamətində elmi jurnalistika və kommuniksiya ilə bağlı xüsusi kursların təşkili, 1 tədris semestri müddətində ayrıca fənn kimi keçirilməsi çox vacibdir. Bu istiqamətdə ixtisaslaşmış kadrları dəvət etməklə tələbələri elmi jurnalistika və kommunikasiya, eləcə də təhsil jurnalistikasına maraqlarını inkişaf etdirib, gələcəyin kadr bazasını hazırlamaq olar.

Həmçinin, AR ETN, MİA və MŞ-nin mütəxəssisləri tərəfindən xüsusi broşürlər və bələdçi vəsaitlərin hazırlanaraq mütləq yol bələdçisi funksiyası kimi  redaksiyalara göndərilməlidir. Həmçinin bu vəsaitlər arasında elm və təhsil terminləri lüğətinin olması da çox vacibdir. Təəssüf ki, elm və təhsil terminlərindən ibarət lüğətin olmaması jurnalist və tədqiqatçıların, eləcə də təhsil sahəsində çalışan şəxslərin hazırladıqları yazı və materiallarda müəyyən problemlər yaratmış olur.

Elmi jurnalistika və kommunikasiyanın təbliği, elm və təhsilin populyarlaşdırılması istiqamətində  televiziya kanallarında tok-şouların sayının artırılması, tam fərqli formatda proqramların hazırlanması vacibdir. Amma bundan da vacibi ölkədə ayrıca elm və təhsil profilli televiziya kanalının olmasıdır. Ənənəvi yayım formatında 2 idman profilli telekanalımız varkən, elm və təhsillə bağlı ixtisaslaşmış bir TV kanalın varlığı mütləqdir.