Füyuzat 128 Təhlil Yunis Orucov

Böyük Vətən

Hələ 2020-ci ilin martında Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən dövlət başçısı nümayiş olunan xəritədə Qarakilsə rayonunun Sisian adlandırılmasına irad bildirərək xəritələrin təhrif olunmaması ilə bağlı fikirlərini bildirmiş və demişdi ki, xəritələrdə mütləq Azərbaycanın tarixi mərkəzlərinin, qədim şəhərlərinin adı göstərilməlidir. O zaman hələ II Qarabağ müharibəsi başlamamışdı, lakin tarixi irsin yaşadılması ilə bağlı proses dövlətin əsas ideoloji sütunlarından biri kimi çoxdan Azərbaycanın ictimai-siyasi fikrində öz yerini tutmuşdu.

Prezident Qərbi Azərbaycandakı toponimlərlə bağlı daha bir təşəbbüsü ötən ilin avqustunda Kəlbəcərdə olarkən irəli sürdü: 1969-cu ildə adı dəyişdirilərək “Vardenis” qoyulan Basarkeçər rayonunun tarixi adı ilə bağlı cəmiyyətə mesaj verdi və bildirdi ki, azərbaycanlılar indiki Ermənistan ərazisindən, Zəngəzur və Göyçə mahallarından zorla qovulublar. Onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.

Bu xatırlatmalar qalib Azərbaycanın reallıqları idi və onlar ona görə əhəmiyyətlidir ki, dövlət başçısı bu fikirləri irəli sürməklə Qarabağı azad edən xalqımızın qarşısında növbəti hədəfi müəyyənləşdirdi. Sonrakı hədəf “Bütöv Vətən” anlayışıdır ki, son iki ildə Azərbaycanda bununla bağlı güclü dövlət siyasəti həyata keçirilir. Dövlət öz fəaliyyəti ilə məkrli niyyətlilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətləri dirildir və bu işi ümumxalq səviyyəsinə qaldıraraq yeni tarixi mərhələdə müasir azərbaycanlıların hədəflərini formalaşdırır, “Bütöv Vətən” anlayışı ilə xalqın tarixi yaddaşını oyadır, bunu müstəqil Azərbaycanın ideoloji sisteminin ən önəmli istiqamətlərindən birinə çevirir.

Artıq bundan sonrakı mərhələdə bir xalq olaraq bizim üçün iki hədəf müəyyənləşib. Birincisi, Qərbi Azərbaycandan olan soydaşlarımızın dədə-baba torpaqlarına qayıtmasını təmin etməklə tarixi ədalətin bərpasına nail olmaqdır. Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı başlatdığı ümumdövlət və ümumxalq prosesinin məqsədi də budur. Bunu həm də xalqımızın siyasi və etno-mədəni tarixində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Şübhəsiz, bundan sonra Qərbi Azərbaycanla əlaqədar yürüdüləcək strategiya daha mütəşəkkil xarakter alacaq, bütün resurslar bu arzunun və qarşıya qoyulan məqsədlərin reallaşmasına xidmət edəcək.

İkinci strateji hədəf indiki İran ərazisində yaşayan 40 milyondan çox soydaşımızın fundamental haqlarının bərpasına nail olmaqdır. Artıq dövlət başçımız müstəqil Azərbaycan Respublikasının Cənubdakı soydaşlarımızın hüquqlarının, hətta təhlükəsizliyinin qarantı olduğunu bəyan edib. Vətən müharibəsindən sonra yaranan reallıqlar fonunda Ermənistana açıq şəkildə havadarlıq edən İranın ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi düşmən siyasətini zərərsizləşdirən Azərbaycan Prezidenti bu mövqeyini açıqlamaqla müstəqillik tariximizin ən böyük və cəsarətli addımlarından birini atıb və biz xalqımızın İrandakı 40 milyonluq parçasının səsini daha gur eşitməyə başlamışıq.

Davamı…