Bəhruz Əliyev Köşə Yazıları

Bu sizin əsərinizdir, Ali Baş Komandan, siz də bu xalqın əsəri

Bu gün qələmi götürdüm. Plan başqa idi. Qələm isə bunu yazdı. Mən isə təsdiq etdim.

Artıq yeni dövr başlayır…

Azərbaycan əsrlərdir itirərək, bu günə qədər gələn qəlbi yaralı və ürəyi nisgilli bir ölkə idi. Amma artıq hər şey dəyişdi…

Qanına müstəqillik və azadlıq hisləri hopmuş xalqımızın bu hissi kənara qoyması mümkün deyildi. Bu xalq heç vaxt məğlubiyyət ilə barışmadı. Düşdüyü zəif vəziyyətdən istifadə edib evinə soxulan yağı düşmənə cavab verməyi və qisasını almağı unutmayan ülvi və gözəl ruhlu bir xalqdan bəhs edirəm.

Xalqın başında olan yenilməz Ali Baş Komandan, izdirablara düçar olmuş xalqının nümayəndələrini heç bir vaxt unutmayıb onların dərdi ilə dərdlənirdi. O, uzaqgörən şəxsiyyət kimi siyasi cəhətdən qarışıq coğrafiyanın mümkün risklərindən xalqını dəqiq və sərrast addımları ilə qurtarmağı bacarmaqla yanaşı, gələcəyi sülhə və sabitliyinə aparan yolun təməllərini atdı.

Bir çox insanın mümkünsüz hesab etdiyi, əsrlərdir həsrət qaldığımız hiss və duyğuları bizə yaşadan Azərbaycan əsgəri və Ali Baş Komandandır. Artıq bütöv Azərbaycan var, yarasız Azərbaycan var. Hamımızın içində sönməyən, alova dönən hisslər var idi, illərdir gözümüz yoldaydı. Biz qan yaddaşımızı heç unutmadıq. Faşist zehniyyətin başımıza gətirdiyi zülmləri hər il xatırladıq, utandıq və sıxıldıq, gözlərimiz yaşardı. Bəli, Ali Baş Komandan, xidmət elədiyimiz yerlərin hündür məntəqələrindən yaban əllərdəki torpaqlarımıza çox baxdıq. Əl atsan, tutulacaq kimi gəlsə də, əlimiz çatmırdı. Yuxudan çarəsiz oyanan insantək kövrəlirdik.

Ali Baş Komandan, sizin yox etdiyiniz təmas xəttində dəfələrlə kövrəlmişdik. İllər əvvəl əlimizdə olmayan hisslər bizi ağuşuna almışdı. Əlimiz çatmamışdı və ünümüz yetməmişdi. Göz bulağından soyuq havada ayrılan ilıq sular üzümüzü isitmişdi. Əsalətimiz bu halı qəbul edə bilmir, boğazımızda düyünlənən acı bir qəhər bizi boğurdu. Çünkü biz sevmişdik. Heç vaxt görmədiyimiz, amma bizim olanı sevmişdik. Ana vətəni sevmişdik. Ana vətənin hər qarışını sevmişdik. Bir an öncə sevdiyimizi əsarətdə saxlayan çirkli əlləri qırıb sevdiyinə qovuşmağı arzu edən məcnun kimi Vətənin sarıla bilmədiyimiz o parçasına da sarılmaq istəyirdik. Zamanı gözləyirdik. Uca Yaradanın bizə bəxş etdiyi, sizin deyəcəyiniz zamanı. Ən doğru zamanı. Amma zaman da bir başqa mövhum idi. Dözmək çətin idi. Səbrimiz qalmamışdı. Bu səbrsizlikdən Qəhrəman Mübarizlərimiz doğuldu. Hər kəs bir daha gördü ki, heç nə yaddan çıxmayıb və heç bir şey unudulmayıb. Bu gün bir daha aydın oldu ki, Cənab Ali Baş Komandanın keçirdiyi kədər elə onun əsgərinin yaşadığı kədər ilə eynidir…

Artıq sevinc göz yaşlarının vaxtıdır, Ali Baş Komandan! Bu gün əsgərləriniz də sevinir, siz də sevinin cənab komandir! Sevdiyi vətəni üçün canını verən şəhid və qazilərimiz, xalqımız bundan sonra kədərlənməsin diyə özlərini fəda, canlarını qurban etdilər. Hamımız birlikdə qalıb gəldik, Azərbaycan xalqı tarixdə görünməmiş bir birliyi ortaya qoydu. Düşmənlərin belə hesab edə bilmədiyi bir birlik… “Məsələ vətəndirsə, gerisi təfərrüatdır” dedilər.

Bu sizin əsərinizdir, Cənab Ali Baş Komandan, siz də bu xalqın əsəri və ən dəyərli varlığısınız. Son söz yenə sizindir: “Biz birlikdə güclüyük!”